Putin: “Taxıl sazişi”nin dayandırılması qlobal ərzaq bazarlarına təsir göstərməyib

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında rəsmi Moskvanın “Taxıl sazişi”nin bərpası ilə bağlı şərtlərini açıqlayıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, Putin bildirib ki, ilkin olaraq, “Taxıl sazişi” çərçivəsində ölkəsi Rusiya tərəfinin maraqlarına uyğun bir sıra öhdəliklərin yerinə yetirilməsi barədə razılığa gəlib: “Müqavilə başa çatdıqda və heç bir öhdəlik yerinə yetirilmədikdə, bizdən hər şeyi dərhal yerinə yetirmək vədi ilə onu uzatmağımızı istənildi. Uzatdıq, yenə heç kim heç nə etmədi. Sonra bizdən üçüncü dəfə müddətin uzadılmasını tələb etdilər. Qərb tərəfdaşlarımız yenə də bizi aldatdılar. Qərb bizi “Taxıl sazişi”nin humanitar məqsədləri barədə aldatdı. Malların 70%-dən çoxu varlı ölkələrə, Avropa İttifaqı ölkələrinə gedib. İndi biz deyirik: vədlər yerinə yetirilən kimi dərhal sazişə qayıtmağa hazırıq”.

Putin qeyd edib ki, Rusiya humanitar dəhlizlərə təhlükəsizlik zəmanəti verdiyi halda, Ukrayna terror aktları həyata keçirmək üçün həmin dəhlizlərdən istifadə edib: “Qərb Rusiya kənd təsərrüfatı istehsalçılarının dünya bazarlarına çıxışını əngəllədiyi üçün Rusiya sazişdən çıxmaq barədə qərar qəbul etməyə məcbur olub”.

Rusiya Prezidenti əlavə edib ki, “Taxıl sazişi”nin dayandırılması qlobal ərzaq bazarlarına təsir göstərməyib: “Taxılın qiyməti ucuzlaşmaqda davam edir. Biz bunda təəccüblü heç nə görmürük, çünki dünya taxıl ixracında Ukraynanın payı 5% olaraq qalır və bu daha da azalacaq”.

Putin vurğulayıb ki, Rusiya bütün razılaşmalar yerinə yetirilən kimi “Taxıl sazişi”nin bərpası imkanlarını nəzərdən keçirməyə hazır olacaq.