Yurdumuza qayıdırıq

İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış";  
 
 
Şuşa şəhərinə daha 30 ailə - 102 nəfər köçürüldü
 
“Artıq biz Azərbaycanımızın tarixi şəhəri, mədəniyyət mərkəzi, Qarabağ xanlığının mərkəzi olan Şuşa şəhərində yaşayırıq”
 
 
 Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı sentyabrın 5-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
 Bu mərhələdə Şuşa şəhərinə 30 ailə - 102 nəfər köçürülüb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
 Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Açarların təqdimatı mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Şuşa şəhəri Dövlət Qoruğu İdarəsinin rəsmiləri iştirak ediblər.
 “Bütün şuşalıların, keçmiş məcburi köçkünlərin öz evlərinə, doğma yurdlarına qayıtmalarını diləyirəm”. Bunu təqdimat mərasimində  Şuşa sakini Həsənova Sevda deyib. O əlavə edib ki, bütün şəhidlərin ruhu, onların ailələri və valideynlərinin qarşısında baş əyirik, qazilərimizə cansağlığı arzulayırıq. Ali Baş Komandanımıza təşəkkürümüzü bildiririk. Bu gün biz onun sayəsində sevincimizi yaşayırıq".
 
Şuşa sakini Ləman Qasımova isə Şuşada uzun illərin həsrətinə son qoyulduğu üçün çox sevinclidir. O, Şuşanı 10 yaşında tərk etmək məcburiyyətində qalıb və bu günü çox səbirsizliklə gözləyib: "Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin, Prezidentimizi və rəhbərliyimizi qorusun!”.
 
“30 ildən sonra doğma yurdumuza, öz torpağımıza qovuşduğumuz üçün çox sevinirəm”- bunu isə Şuşa sakini Mübariz Məmmədov deyib.
Allahdan torpaqlarımızın azad edilməsi uğrunda can verən şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı arzulayan M.Məmmədov ölkə rəhbərliyinə də xüsusi  minnətdarlığını ifadə edib. Bildirib ki, onların sayəsində biz bu gün sevincliyik və öz yurdumuza qayıdırıq".
 
- Şuşa sakini Gültəkin Kərimova:
- Doğma Şuşaya qayıtdığım bu gün yaddaşıma sevincli gün kimi həkk olunur. Bu gün bizim çox sevincli günümüzdür, çünki bu gün biz doğma Şuşamıza qayıdırıq. Eyni zamanda bu gün biz şəhidlərimizə görə də kədərliyik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Prezidentimizə dərin təşəkkürümüzü bildiririk. Var olsun Prezidentimiz. Məhz onun rəhbərliyi və igidlərimizin qoçaqlığı sayəsində torpaqlarımız düşməndən azad edildi”, - deyə o bildirib.
 
- Şuşa sakini Ruslan İsmayılov:
- Doğulduğum, böyüyüb-başa çatdığım torpaqda yaşayacağıma çox sevinirəm.
24 yaşında əziz Şuşanı tərk etmək məcburiyyətində qalmışam. Həmin illər nostalji hisslər olaraq xatirəmdə qalıb. Çoxları Şuşaya gedəndə, gedib Cıdır düzünə, İsa bulağına baxır. Amma biz gedəndə cığırları axtarırıq, keçmişi xatırlayan məkanları axtarırıq. Bizə bu günləri yaşadanların hər birinə öz dərin minnətdarlığımı bildirirəm”.
 
Şuşa sakini Sevinc Abbasova  da məcburi köçkün olduğu gündən Şuşaya gedəcəyi günü səbirsizliklə gözləyənlərdəndir.
Onun sözlərinə görə, ötən 30 ildə çoxlu itkiləri olub, yaxınlarını itirib:
“Allah Prezidentimizi qorusun, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Məhz onların sayəsində biz indi doğma yurdumuza yaşamağa gedirik.
Şuşaya getdiyimdə öncə şəhidlərimizin, yaxınlarımızın məzarlarını ziyarət etmək istəyirəm”.
 
Şuşa sakini Nadir Həsənov:
- Uzun illər tərk etdiyim Şuşanı görmək, Şuşada yaşamaq arzumun çin olduğu üçün sevinirəm. Bu gün bizim üçün həm kədərli, həm də sevincli gündür. Ona görə kədərlidir ki, biz 1992-ci ilin may ayının 8-də Şuşadan oğlumla birlikdə didərgin düşmüşük. Bizim üçün çox çətindir ki, bu illər ərzində əzizlərimizi, doğmalarımızı itirmişik. Biz bu gün onlarsız Şuşaya qayıdırıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların sayəsində bu gün Şuşaya qayıdırıq. Bu günü biz şəhidlərimizə, qazilərimizə borcluyuq. Ali Baş Komandanımıza borcluyuq ki, bu günümüzü, bu şəraiti yaradıb. Mən özüm də şəhid atasıyam. Oğlum leytenant Həsənov Nurlan torpaqlarımızın azad olunması uğrunda 44 günlük müharibədə şəhid olub. O, 6 aylığında bizimlə birlikdə Şuşanı tərk etmişdi. Şuşanı görmək arzusu idi, lakin Şuşanı görmək ona qismət olmadı. Onun övladlarına qismət olacaq ki, gedib Şuşada yaşayıb-yaratsınlar. Şəhidimizin ruhu da buna görə şad olacaq”.
 
 Xatırladaq ki, 2020-ci ildə Vətən müharibəsində qazandığımız tarixi Zəfərimizdən sonra Qarabağ və Şərqi Zəngəzurda misli görünməyən, həm də dünyanı heyrətləndirən yenidənqurma işləri həyata keçirilir. Nəticədə Böyük Qayıdış proqramına uyğun olaraq işğaldan azad edilmiş torpaqlarımızda salınan müasir kənd, qəsəbə və şəhərlərə köç karvanları yola düşür.
 Respublikamızın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət belə karvanlardan biri də dünən Şuşa şəhərinə yola salınan sakinlərdir.
İndiyədək Şuşa şəhərinə 177 ailənin, yəni 672 nəfərin daimi məskunlaşması təmin edilib.
2026-cı ilin sonunadək, ümumilikdə, 34 min 500 keçmiş məcburi köçkün ailəsinin, yəni 140 minə yaxın insanın Qarabağ və Şərqi Zəngəzur rayonlarında məskunlaşdırılması nəzərdə tutulub.
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində həmin  ərazilərdə müasir infrastrukturun yaradılması, o cümlədən ərazilərin milli iqtisadiyyata sürətli reinteqrasiyası və dayanıqlı inkişafının təmin olunması, əhalinin layiqli yaşayış şəraitinin yaradılması və rifah halının yüksəldilməsi istiqamətində çoxşaxəli layihələrin həyata keçirilməsi nəzərdə tutulub.
Bu məqsədlə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına dövlət büdcəsindən transfertlər ilbəil artırılır. Maliyyə Nazirliyinin məlumatına görə, cari ilin I rübündə Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması məqsədilə nəzərdə tutulan 3 milyard 825  milyon manat vəsaitin sifarişçi təşkilatlar tərəfindən təqdim edilən sənədlər əsasında 31,9 faizi və ya 1 milyard 220 milyon manatı ayrılıb ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 58,6 milyon manat və ya 5 faiz çoxdur.
 
 Millət vəkili Elman Məmmədov “Sherg.az”a bildirib ki, Azərbaycan Prezidentinin milli maraqlarına cavab verən siyasəti öz təsdiqini tapır və zaman keçdikcə işğaldan azad olunan ərazilərdə müasir, insanların tələbatlarına cavab verən yaşayış məntəqələrinin salınması davamlı olacaq. Azərbaycan öz inkişafı ilə dünyanın diqqətini cəlb etməyə davam edəcək:

 ““Böyük Qayıdış” prosesi çərçivəsində artıq 150-dən çox ailə  Şuşa şəhərinə köçürülərək mənzillə təmin olunub.  Xatırlayırsınızsa, Şuşaya ilk köç mayın 8-də baş tutmuşdu. Bu, təsadüfi hal deyildi. Özündə böyük anlam daşıyan bir mesaj idi. Axı Şuşa 1992-ci ildə ermənilər tərəfindən məhz 8 mayda tam işğal olunmuşdu. Hər il 8 mayda onlar Şuşada bayram edir, “parad” keçirirdilər.
Lakin Vətən müharibəsi qələbə ilə başa çatandan sonra ermənilər Şuşadan işğalçı kimi qovuldular. Ali Baş Komandanımızın siyasi iradəsi,  ordumuzun gücü sayəsində də şuşalılarımız böyük sevinc hissi ilə öz doğma yurd-yuvalarına qayıdırlar.  Hər birimiz bu günləri, qayıdış günlərini böyük səbirsizliklə gözləyirdik. Növbəsini gözləyən məcburi köçkünlərimiz də  30 illik həsrətə son qoyulmasını səbirsizliklə gözləyir. Ermənilərin murdar xəyalları, niyyətləri gözlərində qaldı. Artıq biz Azərbaycanımızın tarixi şəhəri, mədəniyyət mərkəzi, Qarabağ xanlığının mərkəzi olan Şuşa şəhərində yaşayırıq. Orada ən gözəl, yüksəksəviyyəli tədbirlərimizi keçiririk. Tədbirlərin ən gözəli, əzəmətlisi, təntənəlisi də elə  şuşalıların öz doğma yurd-yuvalarına qayıdışıdır”.