Fazil Mustafa ona güllə atan şəxsə verilmiş cəzadan narazıdır -AÇIQLAMA

Ömürlük tələb edir


  Milli Məclisin VI çağırış deputatı Fazil Mustafa onu güllələyən şəxsə verilmiş cəzadan narazıdır. Belə ki, Fazil Mustafa 20 il azadlıqdan məhrum edilmiş Səbuhi Şirinovun ömürlük azadlıqdan məhrum edilməsini istəyir. Deputatın şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılacaq. Bir neçə gün əvvəl hökmdən iş üzrə təqsirləndirilən şəxslər də şikayət veriblər. 
  “Sherg.az” Fazil Mustafanın özü ilə əlaqə saxlayıb. O bildirib ki, məsələ ilə bağlı bizim şikayətimiz Apelyasiya Məhkəməsinə göndərilib:

“Bizim əsasımız budur ki, həmin insanlar bilavasitə şəxsiyyət əleyhinə deyil, dövlət əleyhinə cinayət törədib. Bizim milli təhlükəsizlik haqqında qanunumuz var. Sözügedən qanunda bu proses birbaşa dövlətin maraqlarına toxunan cinayət sayılır. Həmin şəxslər peşmançılıq duymadıqlarına görə sui-qəsdin icraçısı layiqli cəzasını almalıdır. Bizim prinsipial yanaşmamız bundan ibarətdir. Ona görə müraciət də bu istiqamətdə edilib. Ümid edirəm ki, Apelyasiya Məhkəməsində məsələyə daha əhatəli yanaşılacaq və obyektiv qiymət veriləcək”.

Qeyd edək ki, cinayət ötən ilin martında baş verib. Həmin vaxt millət vəkili olan Mustafayev Fazil Qəzənfər oğlu silahdan açılan atəşdən xəsarət alıb.  Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hadisəni terror aktı adlandırıb. Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədə şübhəli bilinən 5 nəfər tutularaq istintaqa təhvil verilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cinayətin təşkilatçısı kimi Azər Səricanov ömürlük, F.Mustafanı vuran Səbuhi Şirinov 20 il, Rəşad Əhmədov 19 il, Elşad Əsgərov 18 il, Emin Əliyarov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.