Dövlət Komitəsinin sədri: Qoşulmama Hərəkatına üzv ölkələr neokolonializmə qarşı səylərini birləşdirməlidir

Azərbaycan Qoşulma Hərəkatının rolu və fəallığının artması istiqamətində bir sıra təşəbbüslərlə çıxış edib. Qoşulmama Hərəkatının özünə məxsus yerinin və gücünün qazanılması istiqamətində işlər görülüb.

APA xəbər verir ki, bunu Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda Konfransda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
Onun sözlərinə görə, Azərbaycanın sədrliyi altında QH qlobal səylərin birləşdirilməsində əhəmiyyətli rol oynayıb:

“Hərəkatın yeni yaradılmış gənclər şəbəkəsi və parlament şəbəkəsi bunun uğurlu nümunələridir”.

O, QH çərçivəsində qadınlar platformasının yaradılması ilə bağlı Azərbaycan Prezidentinin təklifindən bir neçə ay sonra artıq bu istiqamətdə ilkin addımlar atıldığını, bu konfransın da o istiqamətdə önəmli olduğunu deyib.

Bahar Muradova insan hüquqlarının daha etibarlı qorunması, ədalət və humanizm ideyalarına sadiq qalmaqla əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, indi də neokolinal siyasətə üstünlük verən ölkələr var və QH-yə üzv ölkələr neokolonializmə qarşı səylərini birləşdirməlidir.

Komitə sədri çıxışında 44 günlük Vətən Müharibəsinə toxunaraq deyib ki, Azərbaycan 30 illik işğala son qoyaraq bu münaqişəni hərbi diplomatik yolla həll edib: "Ermənistanın işğalçı qüvvələri ərazilərimiz tərk etdi".

O deyib ki, hazırda bu ərazilərdə bərpa quruculuq işləri görülür, bu torpaqların sakinləri öz evlərinə qayıdır:

"Bununla belə azad olunan ərazilərimizdə Ermənistan hərbi qüvvələrinin basdırdığı minalar və partlamamış sursatlar insanlarımızın həyatını almağa davam edir. Bütün bunlara baxmayaraq Azərbaycan sülh gündəliyini təklif edir, regionda dayanıqlı sülhə nail olmağa çalışır".

O çıxışında qeyd edib ki, qlobal səviyyədə gender bərabərliyi ilə bağlı problemlər hələ də var:

“Biz hələ də qadın və kişi əməyi və onun ödənilməsində fərqləri görürük, qadınlar və qızların təhsilə əlçatımlığında problemlərlə üzləşdiyini görürürük, məişət zotakılığı halları ilə üzləşirik".

O deyib ki, bu problemlərin öhdəsindən gəlmək üçün ölkələr öz səylərini birləşdirməlidir

Baha Muradova əlavə edib ki, 6-7 dekabrda Azərbaycan bu mövzuda növbəti beynəlxalq konfransa ev sahibliyi edəcək.