Uqandalı nazir: 650 milyon qadın 14-16 yaşda ailə qurmağa məcbur edilir

"Bugünkü konfrans Azərbaycan və Özbəkistan arasında münasibətlərin möhkəmlənməsinə xidmət edəcək".
Bunu Özbəkistan Baş nazirinin müavini Zulayxo Mahkamova Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə Konfransında çıxışı zamanı deyib.
“Bu tədbir iki ölkə arasında bir çox sahələrdə əməkdaşlığın inkişafı üçün çox vacibdir. Özbəkistanda Azərbaycan kapitalının iştirakı ilə 210 müəssisə fəaliyyət göstərir və iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün potensial var. Özbəkistan qadın hüquqlarının genişləndirilməsi missiyasına qoşulur. Ölkəmiz bu məqsədə çatmaq üçün bir sıra mühüm addımlar atıb - 100-ə yaxın hüquqi sənəd qəbul edilib, bu məsələ ilə bağlı bir sıra beynəlxalq sənədlər təsdiq edilib”,- deyə o əlavə edib.

Baş nazirin müavini qeyd edib ki, qadın sahibkarlığını dəstəkləmək üçün Özbəkistan güzəştli sistem üzrə kredit verməyə başlayıb.

Uqandanın gender, əmək və sosial inkişaf naziri Amongi Betti Onga isə çıxışında deyib ki, qadınlara bərabər hüquqlar verilmir.

"Bəzi ölkələrdə qadınlara qarşı ayrı-seçkiliyi təşviq edən qanunlar var. Qadınların erkən yaşda evləndirilməsi, qadın sünnəti kimi ciddi problemlər hələ də var. Qadın hüquqlarının pozulmasına imkan verən mental yanaşma mövcuddur. Bəzi ölkələrdə qadınların mülkiyyət və miras hüquqları pozulur. Qadınlar öz valideynlərinin mirasını əldə edə bilmir. Dünyada hər üç qadından biri zorakılıqla üzləşir. Öldürülən qadınların böyük əksəriyyəti öz həyat yoldaşları tərəfindən öldürülür. 650 milyon qadın 14-16 yaşda ailə qurmağa məcbur edilir".

O deyib ki, siyasi idarəçilikdə qadınlar az təmsil olunur və ümumiyyətlə bəzi ölkələrdə buna imkan verilmir.

"Gender bərabərliyi ilə bağlı BMT sənədləri və digər beynəlxalq sənədlər imzalanmasına baxmayaraq bu sənədlərdəki prinsiplər reallaşdırılmır, biz bu istiqamətlərdə işləməliyik".

Konfransda BMT Baş katibinin müavini Əminə Məhəmmədin videomüraciəti də səsləndirilib.

O deyib ki, dünyada qadınlar hələ də yoxsulluq səviyyəsindədir, onlar ərzaq təhlükəsizliyi ilə üzləşir, uşaq və ana ölümləri halları yüksəkdir.

"Sadəcə 27 ölkədə qadın hüquqları ilə bağlı büdcə ayrılıb, biz ümid edirik ki, QH ölkələri bu istiqamətdə işləyəcək", o bildirib.