Blinkenin Türkiyə səfəri ziddiyyətləri aradan qaldıracaq - TƏHLİL

"Blinkenin səfərindən sonra Türkiyə- ABŞ arasında olan qeyri-müəyyənliklərin böyük hissəsi aradan qalxacaq"

ABŞ dövlət katibi Entoni Blinken Türkiyəyə səfər edib.Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş artıq başlayıb. Məlumata görə, Fidanla görüşdən sonra Blinkenin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir. Qeyd edək ki, Türkiyə uzunmüddətli tərəfdaş, NATO-nun müttəfiqidir və Qəzzada münaqişənin yayılmasının qarşısının alınması da daxil olmaqla regional təhlükəsizlik məsələlərinin həllində mühüm rol oynayır.  

Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki,  Amerika və Türkiyə münasibətlərinin mahiyyətinə doğru qiymət vermək lazımdır.

Analitik qeyd edib ki, Türkiyənin müəyyən dairələrində yanlış olaraq Amerikanı düşmən kimi göstərmək tendensiyası hər zaman mövcud olub: 

"Amma, əslində Amerika NATO-nun aparıcı dövləti kimi NATO ölkələrinin birliyindən məsuldur  və tək Türkiyədə yox, bütün NATO ölkələrində özünə yaxın hakimiyyətlərin olmasını istəyir və bu yöndə addımlar atır. Təbii ki, Türkiyənin indiki hakimiyyəti ilə bir sıra fikir ayrılıqları mövcuddur. Amma bu o demək deyildir ki, Amerika Türkiyəyə bir çoxlarının iddia etdiyi kimi  düşməndir. Amerika-Türkiyə münasibətlərində həmişə müəyyən gərginlik olub. İndi bu gərginliyin daha da artması hiss edilsə də, bu, situativ xarakter daşıyır. Məsələn, İsveçin NATO-ya qəbulu məsələsi. Bu məsələ həll olunarsa, Amerika yenidən Türkiyəyə qarşı olan təzyiqlərini azalda bilər".

Ekspert vurğulayıb ki, Qəzza məsələsi Türkiyə üçün hər zaman elə bir status daşıyıb ki, hakimiyyətdə kimin olmasından asılı olmayaraq həmişə Fələstinə dəstək olunub və bəyan edilib: 

"Bu da İslam həmrəyliyi çərçivəsində başqa şəkildə edilməsi mümkün olmayan məsələdir. Odur ki, Amerika da bunu yaxşı bilir və Türkiyədən başqa münasibətin olacağını da gözləmir. Hesab edirəm ki, Blinkenin Türkiyə səfəri bu məsələlərdə müəyyən ziddiyyətlərin aradan qaldırılması yolunda müsbət addım olacaq. NATO Türkiyə üçün də vacib təşkilatdır. Amerika ilə əməkdaşlıq Türkiyənin bütün sahələrdə inkişafında müsbət rol oynayır. Odur ki, Blinkenin Türkiyə bu səfərindən ticarət dövriyyəsinin artırılması üçün də danışıq aparacaqları qeyd edilir. 
Hesab edirəm ki, bu səfərdən sonra iki ölkə arasında olan qeyri-müəyyənliklərin böyük hissəsi aradan qalxacaq".