Türkiyədə uşaqların və gənclərin tütün məhsullarına çıxışını məhdudlaşdırmaq məqsədilə siqaret satışında elektron yaş təsdiqi sisteminin tətbiqi planlaşdırılır.
Sherg.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” nəşri Anadolu Agentliyinə istinadən məlumat yayıb.
Türkiyə Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkədə və dünyada tütün istifadəsinin artması, eləcə də siqaretə başlama yaşının getdikcə aşağı düşməsi narahatlıq doğurur. Xüsusilə uşaqlar, yeniyetmələr və gənc qadınlar bu risklə daha çox üzləşirlər.
Qlobal Gənclər Araşdırmasının nəticələrinə əsasən, 13-15 yaşlı siqaret çəkən şagirdlərin 73,3 faizi siqareti market və ərzaq mağazalarından asanlıqla ala bilir. Türkiyədə isə tütün istifadəçilərinin 57,5 faizi bu vərdişə 18 yaşında və ya daha erkən başlayır.
Qanunvericilikdə siqaret satışına 18 yaş məhdudiyyəti qoyulsa da, şəxsiyyət vəsiqəsinin yoxlanılmasının satıcının qərarından asılı olması azyaşlıların tütün məhsullarına çıxışının qarşısını almaqda yetərli deyil.
Bu problemin həlli üçün bir sıra ölkələrdə tətbiq olunan elektron satış və yaş təsdiqi modelinin Türkiyədə də həyata keçirilməsi nəzərdə tutulur.
Gənc qadınlar arasında tütün istifadəsi 107 faiz artıb
Məlumata görə, dünyada tütün istifadəçilərinin 82,6 faizi siqaret çəkməyə 14-25 yaşlarında başlayır. Bu göstərici gənclərin və gənc qadınların tütün sənayesinin əsas hədəf qruplarından biri olduğunu göstərir.
2012–2025-ci illərdə Türkiyədə 15-24 yaşlı qadınlar arasında tütün məhsullarından istifadə 107 faiz artıb.
Avropa İttifaqı üzv ölkələrdə şəxsiyyət yoxlaması aparılmadan siqaret satışına yol verilməməsini tövsiyə edir. Almaniya, Yaponiya, Cənubi Koreya, İsveçrə, ABŞ, Avstriya, İtaliya və Fransa kimi ölkələrdə isə elektron şəxsiyyət və yaş təsdiqi sistemləri artıq uzun müddətdir tətbiq olunur.