MSK-ya prezidentliyə namizəd olmaq istəyən şəxsin gecikmiş məktubu daxil olub

Yanvarın 11-də Mərkəzi Seçki Komissiyasına Nəsimi Sadıqov adlı vətəndaşın prezidentliyə namizəd olmaq üçün ünvanladığı məktub daxil olub.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.
O bildirib ki, poçtdan həmin məktub MSK-ya gec çatıb: "Qanunvericiliyə əsasən, MSK həmin şəxsin namizədliyini qeydə ala bilməz. Vətəndaş həmin məktubu yanvar ayının 1-də də təqdim etdiyini iddia edə bilərdi. Amma o məktub bizə ayın 11-i çatıb. Namizədlərin qeydə alınması müddəti isə yanvarın 8-də bitib. Yəni o məktub bizə 11-i yox, 1-də çatsaydı, biz ona baxıb geri göndərməli idik”.
MSK sədrinin müavini Rövzət Qasımov isə bildirib ki, bu sənəd yanvarın 8-dən əvvəl də daxil olsaydı, vətəndaşa geri dönüş edib lazım olan sənədlər onun diqqətinə çatdırılardı.