ASALA bəlası: Ermənistan öz geosiyasi maraqlarını təmin etmək üçün müxtəlif yollara əl atır

Ermənistanda “proksi qüvvələrin” – ASALA və digər terror təşkilatların Azərbaycana qarşı müharibəyə cəlb edilməsi təklifləri irəli sürülüb.
 Erməni politoloq Ara Poqosyan Ermənistanın qarşısında iki yolun olduğunu deyib.
Onun sözlərinə görə, bunlardan biri Paşinyan hakimiyyətinin yolu ilə getməkdir: “Bu yol Ermənistanın strateji ərazilərinin itirilməsi ilə nəticələnəcək. İnsanların çoxu ölkəni tərk edəcək, çünki onlar belə alçaldıcı vəziyyəti qəbul etməyəcəklər. Lakin bütün bunlar tədricən baş verəcək və ölkədə qalanlar vəziyyətə uyğunlaşacaqlar”.
Erməni politoloq ikinci yolun Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq olduğunu deyib.
“Peşəkar siyasi komanda hakimiyyətə gəlməlidir. Onların vəzifəsi beynəlxalq zəmanətlərlə danışıqları dayandırmaq, yaxud ən azı müvəqqəti fasiləyə nail olmaqdır. Buna paralel olaraq, cəmiyyəti “təhlükəsizlik prinsipi” ətrafında birləşdirməli, müttəfiqlər dairəsi formalaşdırmalı, fəal xarici siyasət doktrinası hazırlamılıdır.
Strateji silahlar əldə edilməlidir. Coğrafi imkanlardan istifadə edərək, müdafiə rayonları formalaşdırılmalıdır. Üç mərhələdən ibarət səfərbərlik sistemi yaradılmalıdır. Proksi qüvvələrin təhlükəsizlik sisteminin tərkib hissəsinə çevrilməsi təmin edilməlidir”, - Ara Poqosyan deyib.
Bəllidir ki, Poqosyanın təklifləri bölgədəki reallıqları dəyişdirmək, Ermənistanı Azərbaycanla müharibəyə hazırlamaq və yenidən işğal siyasətini həyata keçirməkdir. Onun təkliflərində əsas diqqətçəkən məqam “proksi qüvvələr” detalıdır. Ermənistanın “təhlükəsizliyinə” cəlb edilə biləcək “proksi qüvvələr” isə ASALA və onun nəzdində fəaliyyət göstərən digər terror qrupları (VOMA və s.) ola bilər.

Terror qruplarının regiona təsirləri barədə "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin sektor müdiri, politoloq İlyas Hüseynov söyləyib ki, Ermənistan öz geosiyasi maraqlarını təmin etmək üçün müxtəlif yollara əl atır:
 "Hakimiyyət daxilində olan qüvvələrlə yanaşı həm də radikal qüvvələrdən də istifadə etməyə çalışırlar. Ekspert camiasında, politoloqlar arasında müxtəlif mərkəzlərin maraqlarını təmin edən,  sifarişlərini yerinə yetirən qüvvələr mövcuddur. Onlar əsasən radikal düşüncə, destruktiv təfəkkürlə fərqlənirlər. Hər zaman terorçuluğun çıxış yolu olduğuna vurğu edirlər. ASALA və onun ətrafında toplaşan terror qrupları sanki onların nicat yoludur".

Politoloq  ayrı-ayrı geosiyasi mərkəzlərə xidmət edən şəxslərin terror vasitəsilə məqsədlərinə, çatmağa çalışırdıqlarını bildirib:
"Buda regionun təhlükəsizlik sistemi üçün bir növ təhdiddir. 1990-cı illərdə Azərbaycana qarşı  geniş terror gücündən istifadə olunurdu. İctimai nəqliyyatda, qatarlarda, magistral xəttlərdə terror məqsədə çatmaq üçün bir üsul idi. Hədə-qorxu, şantaj kimi mənəvi terror növlərindən istifadə olunurdu. Lakin hazırki durumda Azərbaycanın xüsusi xidmət orqanları peşəkar formada bütün bu təhdidləri neytrallaşdırır, qabaqlayır. Bugünün özündə də  revanşist düşərgədə terror meyillərinə çağırışlar edilməkdədir. Şübhəsiz ki, bu yollardan da istifadə olunacaq. Hərbir halda istənilən ssenariyə hazır olmaq və təhlükəsizlik mühitini ölkə daxilində gücləndirmək lazımdır".