Namizədlər üçün ödənişsiz efir vaxtının - Cədvəli

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Prezident seçkilərində İctimai TV və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış ödənişsiz efir vaxtının bölgüsü məqsədilə püşkatma keçirilib.
Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov məlumat verib.

Onun sözlərinə görə, püşkatmaya dair nəticələrin protokollaşdırılması və bölgü cədvəlinin dərc edilməsi barədə qərar qəbul edilib: “İctimai Televiziya namizədlərə qatıldığı “Diqqət Mərkəzi Seçki” verilişi və sosial platformalar vasitəsilə seçki prosesində ödənişsiz təşviqat məsələlərinə öz dəstəyini verəcək”.

R.Qasımov bildirib ki, həftənin bazar ertəsi, çərşənbə və cümə günləri İctimai Televiziyanın efirində, həftənin çərşənbə axşamı, cümə axşamı və şənbə günləri isə İctimai Radionun efirində prezidentliyə namizədlərin təşviqatı aparılacaq. Format dəyirmi masa şəklində olacaq.

Püşkatmanın nəticələri aşağıdakı kimidir:

1. Öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc,

2. Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa;

3. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev;

4. Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev;

5. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev;

6. Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev;

7. Prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev.

***

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində ödənişsiz efir vaxtının bölgüsü və bölgü cədvəli dərc edilib.

Bu barədə Mərkəzi Seçki Komissiyası qərar verib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən ayrılmış efir vaxtı püşkatma ilə müəyyən edilmiş qaydada və müddətdə (2024-cü il yanvarın 15-dən fevralın 6-dək) “dəyirmi masa” formatında istifadəçilərin sərəncamına veriləcək.

Həftədə 3 dəfə saat 21.00-da başlamaqla televiziyada, 3 dəfə isə saat 21.00-da başlamaqla radioda hər dəfə 1 saat davam edən “dəyirmi masa”da hər bir namizədə 8 dəqiqə 57 saniyə efir vaxtı ayrılacaq.

İstifadəçi ona ayrılmış efir vaxtından qanunvericiliklə müəyyən edilmış qaydada seçkiqabağı təşviqat məqsədləri üçün və “dəyirmi masa” formatında öz mülahizəsinə uyğun istifadə edə bilər.

Cədvəllə BURADAN tanış ola bilərsiniz.