Səfir: Səudiyyə Ərəbistanı azad edilən ərazilərdə son mina məhv edilənə qədər Azərbaycana dəstək verəcək

Azərbaycanın işğaldan azad olunan ərazilərinin minalardan təmizlənməsində köməyimizi göstərəcəyik.
Bunu Səudiyyə Ərəbistanının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli jurnalistlərə açıqlamasında deyib.
O, Səudiyyə Ərəbistanının Azərbaycana azad edilən ərazilərdə son mina məhv edilənə qədər dəstək verəcəyini açıqlayıb: "Bizim Azərbaycanla olan layihələrimiz boşuna yaranmayıb. Layihələrimiz İki Müqəddəs Ocağın Kralı və vəliəhdinin tapşırığı əsasında yerinə yetirilir. Onların hər ikisinin Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan xalqına böyük hörmətləri var. Biz bir neçə sahədə Azərbaycanla əməkdaşlığımızı genişləndirəcəyik. İstər tibb sahəsində, istər təhsil sahəsində, istər mədəniyyət, istərsə də başqa sahələrdə əməkdaşlığımızı genişləndirməyə çalışırıq. Allahdan istəyirəm ki, Azərbaycan xalqı ilə birlikdə azad edilən ərazilərdə sonuncu minanı tapıb, məhv etməyimizi birlikdə qeyd edək".

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Krallığının hökuməti bu ölkənin Kral Salman Humanitar Yardım Mərkəzi vasitəsilə Azərbaycan Respublikasında həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərəcək.

Bu məqsədlə bu gün Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov və Kral Salman Humanitar Yardım Mərkəzinin Tibb və Ətraf Mühit Departamentinin direktor müavini Abdullah Məhəmməd Əlvadeyi arasında Maliyyə Yardımı Memorandumu imzalanıb.