Ermənistanda hakim "Mülki Müqavilə" Partiyasından olan deputatlar baş nazir Nikol Paşinyandan parlament sədri Alen Simonyanı istefaya göndərməyi tələb edirlər.
Bu barədə yerli “Joxovurd” nəşri yazıb.
Bildirilib ki, parlament sədrinin qardaşının həyat yoldaşının korrupsiya ilə bağlı qalmaqalı deputatların səbrini tükəndirib.
"Çünki qardaşı arvadının etdiyi cinayətin Simonyana heç bir dəxli yoxdur. Konstitusiyaya görə oğul belə atanın yerinə cinayət məsuliyyəti daşımır. Simonyan son zamanlar Rusiyaya daha çox meyl edir. Onun istefasını istəyən qüvvələr isə Qərb dövlətləri, xüsusilə də Fransa və Amerika Birləşmiş Ştatlarıdır. Çünki Simonyan Rusiya ilə Ermənistan arasında əlaqələrin gərginləşməsini istəmir. Görünən odur ki, artıq Rusiya Simonyanı Nikol Paşinyanın yerinə gətirmək məqsədi güdür. Təbii ki, bundan Paşinyan da xəbərdardır, amma dilə gətirmir. Ümumilikdə Ermənistanda vəziyyət həddindən artıq gərgindir. Yəni qarşıdurma pik nöqtəsinə çatmaqdadır və "siyasi qazan" qaynamağa başlayıb. Həmin qazanın qapağı götürülməsə, o daşacaq və Paşinyan "yanacaq". Ona görə də Nikol Paşinyan ölkədə olan gərginliyi azaltmaq üçün bu cür addımlar atır. Eyni zamanda Simonyanı vəzifədən uzaqlaşdırmağa çalışır. Amma bütün hallarda Ermənistandakı baş verən proseslər rəsmi İrəvanın çıxılmaz dalana girdiyini göstərir".
Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorkyan 2 ay müddətinə həbs olunub. O, vəzifə səlahiyyətlərindən sui-istifadəyə şərait yaratmaqda ittiham olunur.