Yeni təcrübə Azərbaycan üçün faydalı olar
Tural Abbaslı: “Fuad Əliyev və Elşad Musayev dövlətə, millətə xeyir verərlərsə, onlara vəzifə təklif etməyin nə ziyanı olar?"
Ötən gün keçirilən Prezident seçkilərinin ilkin nəticələri məlum olub. Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini toplayaraq, növbəti dəfə Azərbaycan prezidenti seçildi. Hazırda prezidentin bir neçə rəqibinin siyasi taleyi ilə bağlı məsələ də müzakirə edilməkdədir. Hətta bəzi iddialara görə, 7 fevral seçkilərində İlham Əliyevə rəqib olmuş şəxslərə etimad göstərilə, onlara hər hansı formada əməkdaşlıq təklif edilə bilər. Fuad Əliyev "yenisabah.az"a açıqlamasında ona hansısa vəzifə təklif olunarsa, dəyərləndirəcəyini bildirib: “Adətən, seçilmiş prezident yeni hökuməti formalaşdıran zaman seçkilərdə iştirak etmiş namizədlərə vəzifələr təklif edir. Dünya təcrübəsində bu cür addımlara tez-tez rast gəlirik. Azərbaycanda bu gün hakim partiya Yeni Azərbaycan Partiyasıdır və demək olar ki, Nazirlər Kabinetini və digər hakimiyyət strukturlarını bu partiya formalaşdırır. Bununla bağlı bizə hansısa təklif olunsa sözsüz ki, dəyərləndirəcəyik, amma hansı sahəyə aid olması təklifdən asılıdır. Şəxsən Müstəqil Həmkarlar Birliyi olaraq, sosial sahələrlə bağlı yeniliklər təklif etməyi düşünürük. Əgər məndən soruşsalar ki, özünüzü hansı sahələrdə görürsünüz, təhsil, səhiyyə kimi sahələrdə fəaliyyət göstərib, xalqımıza layiqli töhfə verə bilərik”.
AĞ Partiyanın sədri Tural Abbaslı "Şərq"ə deyib ki, dünya təcrübələrində Prezident seçkilərində belə nüanslar gündəmə gəlir. Partiya rəhbəri qeyd edib ki, bəzi ölkələrdə prezident seçkisi ikinci tura qalır və ikinci tura çıxan namizədlər öz aralarında razılığa gəlirlər: "Məsələn, Türkiyədə sonuncu seçkilərdə hakim partiyanın digər namizədlərlə müəyyən müzakirələri, razılaşmaları əldə olundu. Ən azından ikinci turda digər namizədlər kimi dəstəklədiklərini bəyan etdilər. Amma təəssüf ki, Azərbaycanda belə təcrübə yoxdur. Bizim ölkədə "hamısı qalibə çatır" prinsipi ilə siyasət yürüdülür. Yəni seçkidə qalib olan şəxs ancaq özünün və öz komandasının potensialından və bazasından istifadə edərək yeni hökuməti formalaşdırır. Ancaq yenə də baş verməsi mümkündür. Əgər dünyada mövcud olan bir təcrübəni tətbiq etmək istəsələr, Azərbaycan üçün də faydalı olar. Fuad Əliyev və Elşad Musayev hansısa sahələrdə faydalı ola bilərlərsə, dövlətə, millətə xeyir verərlərsə, onlara vəzifə təklif etməyin nə ziyanı olar?".
T.Abbaslı bu məsələdə neqativ bir şey görmədiyini, qeyri-adi baxmadığını söyləyib: "Sadəcə praktikada yoxdur. Bəzi media strukturları bunu "prezidentliyə namizəd keçmiş rəqibindən vəzifə istədi" kimi təqdim edirlər. Fuad bəy sadəcə öz mövqeyini bildirib. Deyib ki, əgər belə bir təklif olarsa, müsbət qarşılayar. Düzdür, hələlik bunlar fərziyələrdir, heç nə təklif edən yoxdur. Amma AĞ Partiya olaraq hər zaman qeyd etmişik ki, siyasi açılımlara ehtiyac var. Prezidentin özü də bəyan etmişdi ki, seçkidən sonra yeni dönəm başlayacaq. Yeni mərhələ siyasi açılımlarla mümkündür".