"Bitcoin"in qiyməti 2026-cı ilin sonunadək 100 min dollara yüksələ bilər.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" ekspertlərin proqnozlarına istinadən məlumat yayıb.
Hazırda bitkoinin qiyməti 86 min dollar ətrafında dəyişir və son dövrün ən yüksək səviyyələrinə yaxınlaşır.
“Cifra Markets” şirkətinin aparıcı analitiki Aleksandr Krayko kriptovalyutanın oktyabr ayında 94 min dollara qədər bahalaşa biləcəyini proqnozlaşdırır. Onun fikrincə, bundan sonra bazarda qiymət korreksiyası və müəyyən müddət sabitləşmə müşahidə oluna bilər.
“Alfa-Foreks” şirkətinin baş direktoru Güzel Protsenko isə bitkoinin bahalaşması üçün texniki əsasların mövcud olduğunu bildirib.
Onun sözlərinə görə, kriptovalyuta 57,8 min dollarlıq minimum səviyyədən 51 faiz bahalaşıb. Ekspert ciddi geriləmə baş verməyəcəyi təqdirdə qiymətin 113,3 min dollara qədər yüksələ biləcəyini istisna etmir. Daha ehtiyatlı ssenaridə isə 99 min dollarlıq hədəf göstərilir.
“Bitbanker” şirkətinin strateji kommunikasiyalar üzrə direktoru Kirill Komalenkov bazarda yüksək dəyişkənliyin davam edəcəyini, lakin ümumi tendensiyanın müsbət ola biləcəyini düşünür.
Onun qiymətləndirməsinə görə, institusional investorların tələbi artarsa, bitkoin yenidən 95–100 min dollar aralığına yüksələ bilər.
“Go Invest” şirkətinin aparıcı analitiki Nikita Bredixin isə ilin sonunadək bitkoinin 80–100 min dollar diapazonunda ticarət olunacağını gözləyir.
Ekspertlər eyni zamanda kriptovalyuta bazarında yüksək risklərin qaldığını vurğulayırlar. Kirill Komalenkov daha əvvəl mühafizəkar investorlara bitkoinə yatırımlarını ümumi yığımlarının 1–3 faizi ilə məhdudlaşdırmağı və kriptovalyutanı ehtiyat maliyyə vəsaitinin əvəzi kimi istifadə etməməyi tövsiyə edib.