Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) saytından “Dağlıq Qarabağ problemi” bölməsi silinib.
Bu barədə erməni politoloq Sergey Melkonyan sosial şəbəkələrdə yazıb.
“Ermənistan Xarici İşlər Nazirliyinin saytında həmişə “Dağlıq Qarabağ problemi” bölməsi olub. Bölmə erməni, rus, ingilis və fransız dillərində mövcud idi. Bu səhifə indi bütün dil versiyalarından silinib”, – politoloq qeyd edib.
“Əgər bu texniki səhv deyilsə (buna şübhə edirəm), onda Ermənistan artıq texniki və rəsmi olaraq Azərbaycanla həmrəydir. Dağlıq Qarabağ problemi artıq mövcud deyil”, – o əlavə edib.
Sergey Merkonyanın fikirlərindən Ermənistanın sülh prosesinə hazır olduğunu görürük. Həmçinin Qarabağ problemi mövcud deyil deməklə Sergey sabit mühitin olmasından danışır. Amma Ermənistanın Zəngilan istiqamətində atəş açması onların ikibaşlı siyasətindən xəbər verir. Görünür ki, Ermənistan növbəti dəfə təxribatçı hərəkətləri ilə gündəmi dəyişməyə cəhd göstərir.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, sərhəddə baş verənlər Ermənistanın məqsədli təxribat strategiyasının davamıdır:
"Bakının İrəvanı sülhə təhrik etdiyi bir vaxtda təxribatın törədilməsi, Ermənistanın yenidən silahlandırılmasının nəticəsidir. Xüsusilə də Avropa İttifaqının mülki müşahidə missiyasının Azərbaycan və Ermənistan şərti sərhədində olduğu zamanda belə bir təxribat baş verib. Bu isə Azərbaycan-Ermənistan arasındakı sülh və etimad quruculuğu prosesinə böyük zərbə vurur. Eyni zamanda Ermənistanın məqsədli bir şəkildə delimitasiyası və demarkasiyası işlərini uzatması, Azərbaycanla qarşılıqlı şəkildə sülh prosesi danışıqlarını yubatması vəziyyətin bu həddə çatmasına səbəb oldu. Hesab edirəm ki, sərhəddə baş verənlər və bunun fonunda Azərbaycan Ermənistan sülh danışıqlarının zərbə alması beynəlxalq aktorların işinə yarayır. Faktiki olaraq Fransa rəhbərliyinin əli ilə Avropa İttifaqının missiyası altındakı casus şəbəkəsi Zəngilanda Azərbaycan sərhədçisinə qarşı törədilən təxribata adekvat cavab vermədi. Bununla da özünün fəaliyyət funksiyasının yarımçıq olduğunu göstərmiş oldu. Bir daha aydın oldu ki, Ermənistanla normal şəkildə sülh şəraitində yaşamaq hələki qeyri-mümkündür".