Azərbaycan Prezidenti İlham Əliyev ATƏT çərçivəsində keçmişin qalıqları olan bir sıra mexanizmlərin - bu xüsusda ATƏT-in Minsk qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi tamamilə fəaliyyətsiz olan strukturların artıq rəsmi qaydada ləğv edilməsinin vacib olduğunu bildirib.
Dövlət başçısı bu barədə fevralın 16-da Münxendə ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq ilə görüşü zamanı danışıb.
Azərbaycan lideri ATƏT çərçivəsində büdcənin də daha məqsədyönlü və vacib layihələrə istiqamətləndirilməsinin önəmini qeyd edib.
Məsələ ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Prezident İlham Əliyevin qlobal təhlükəsizlik arxitekturası üçün səhnə arxası tezislər formalaşdıran Münxen Təhlükəsizlik Konfransı çərçivəsindəki görüşləri xüsusi əhəmiyyət kəsb edir:
“Əliyevin ATƏT sədri İan Borqla keçirdiyi görüş isə Azərbaycanla Avroatlantik məkan arasında təhlükəsizlik üzrə dilemmaların aradan qaldırılması baxımından vacibdir. Ümumiyyətlə, Qərbdə təhlükəsizlik ölçülərinə yanaşmada Azərbaycana münasibətdə iki qrupun fəaliyyəti gözə çarpır. Birincisi, NATO-dur, o, Azərbaycanla əməkdaşlığın və təhlükəsizlik üzrə əlaqələrin qarşılıqlı ehtiyaclar müstəvisindəki qiymətini anlayır.
İkincisi isə AŞPA, ATƏT və Avropa Parlamenti kimi qurumlardır. Bu qurumlar NATO-nun məramı ilə ziddiyyət təşkil edən ip üstündə dayanmağı seçiblər.
İlham Əliyevin ATƏT-lə bağlı qeydləri ümumilikdə Qərbdə Azərbaycana qarşı duran qüvvələrin köhnələn funksiyalardan istifadə cəhdlərinə qarşı mənalı cavabdır”.
Ekspert onu da söyləyib ki, ATƏT-in fəaliyyət mexanizminin hüquqi əsasları kollegial qərarlara əsaslanır:
“Buna görə də, indi həmin qurum Azərbaycana ehtiyac duyur. Çünki Rusiya Ukrayna müharibəsi fonunda Avroatlantik məkanın təhlükəsizlik rəngi qaralır və ATƏT kimi qurumlar mövcudiyyətlərini davam etdirmək üçün daha güclü əllərlə işləmək ehtiyacını hiss edir. Azərbaycan da Cənubi Qafqazda reallıqlar yaradan güclü əldir. Ancaq onların rəsmi Bakını tutduğu strateji mövqelərdən geri çəkdirmək planları da mövcuddur. Buna görə də, Əliyev ATƏT-də Minsk Qrupu, Yüksək Səviyyəli Planlaşdırma Komitəsi və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi kimi institutut və statusların ləğvini gündəmə gətirir. Yəni Əliyev Azərbaycana qarşı təzyiq alətinə çevrilən institut və statusların format edilməsini şərt kimi irəli sürür. Qərb platformasında Əliyevin gündəmə gətirdiyi tezislər yəqin ki, ATƏT-in gələcək fəaliyyətində nəzərə alınacaq”.