Fevralın 17-də Münxendə Almaniya Kansleri Olaf Şoltsun iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin Kansler Olaf Şolts ilə görüşü olub. Həmçinin, Şoltsun iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü keçirilib. Azərbaycan və Ermənistan liderlərinin Münxendə keçirilmiş ikitərəfli görüşündə hər iki ölkənin xarici işlər nazirlərinə tapşırılıb ki, onlar yenidən yaxın zamanda görüşsünlər, sülh müqaviləsi ilə bağlı danışıqları davam etdirsinlər. Görüşdə münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiya məsələləri müzakirə edilib. Bir daha qeyd edək ki, Münxen konfransı kimi əhəmiyyətli beynəlxalq tədbir çərçivəsində keçirilən görüş Almaniya kanslerinin təşəbbüsü ilə baş tutub. Almaniyanın təşəbbüsü ilə keçirilən görüş ikili xarakter daşıyan Ermənistan-Azərbaycan danışıqlarının davam etdirilməsidir. Qeyd edək ki, Almaniya burada vasitəçi deyil, ev sahibi kimi görüşün təşkilatçısıdır. Azərbaycan Prezidentinin dəfələrlə qeyd etdiyi kimi, münaqişə artıq bitib. Bununla yanaşı, regionda dayanıqlı sülhün əldə edilməsi üçün danışıqların davam etdirilməsi vacibdir. Hazırda Qafqaz üçün prioritet məsələ Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh gündəminin inkişaf etdirilməsindən ibarətdir. Münaqişənin həll olunduğu Qafqaz indi sülhə həmişəkindən daha yaxındır. Sülh region üçün yeni inkişaf imkanları deməkdir. Bu imkanlardan isə region ölkələrinin faydalanması vacibdir.
Politoloq Azər Qasımov "Sherg.az"a açıqlamasında deyib ki, Münxendə baş tutan görüş tərəflərin həqiqi sülh istəkləri fonunda nə qədər səmimi olduqlarını nümayiş etdirəcək.
Ekspert vurğulayıb ki, Ermənistan bu formata daha çox ümid etdiyindən həmin görüşü onlar üçün Azərbaycanın verdiyi son şans adlandırsaq yanılmarıq:
"Azərbaycan Prezidentinin Ermənistanla olan məsələnin Azərbaycanın gündəliyindən ümumiyyətlə çıxarmağı və vasitəçi qəbul etməyə ehtiyac olmadığını hesab etdiyi bir məqamda bu görüşə belə münasibət yerinə düşər. Görünən də odur ki, tərəflər sülh üçün lazım olan addımlar atılması üçün bütün tapşırıqları veriblər. Təbii ki, bu, yaxşı və normal haldır. Sülh yox, gərginlik barədə danışmağı kimsə özünə rəva bilməz. Tərəflər də bunu ediblər. Azərbaycana Aİ tərəfindən edilən təzyiqlər fonunda yerində olan addımdır".
Analitik qeyd edib ki, sərhəddəki gərginliyin artmasını maraqlı güclərin hər iki tərəfə təzyiqi kimi hesab etmək olar:
"Hesab edirəm ki, liderlərin XİN-lərinə verilən tapşırıq da həmin güclərə cavab xarakteri daşıyır. Tərəflər gərginlikdə yox, sülhdə maraqlı olduqlarını göstərmək istəyirlər.
Ermənistanın bu şansdan səmərəli istifadə etməli olduğu fikrindəyəm. Gərginliyin Ermənistan üçün faydasının olmadığı hamıdan əvvəl özlərinə bəllidir. Odur ki, Ermənistan əgər sülh istəyirsə, xüsusən də, Avropanın iştirakı ilə istəyirsə, Azərbaycanın xoş niyyətini doğru dəyərləndirməlidir".