İran təhlükəsizlik qurumları azərbaycanlı blogerləri təhdid edərək doğma dillərində danışmağı, Azərbaycan musiqisindən istifadə etməyi qadağan ediblər.
Bu barədə “Araz Nyus” məlumat yayıb.
Məlumata görə, blogerlərin bəzilərindən insanları seçkilərə dəvət etmək istənilib.
“Əgər məndən seçkiləri və ya rejimi dəstəkləyən yazı görsəniz, bilin ki, mən bu sözləri təzyiq altında yazmışam”, - blogerlərdən biri təhlükəsizlik qüvvələrinin təzyiqləri ilə bağlı məlumat verərkən deyib.
Məsələ ilə bağlı “Sherg.az”a danışan Türkiyədə yaşayan Güney azərbaycanlı siyasi şərhçi Məhsa Mehdili bildirib ki,rəsmi Tehran Bakı-Ankara güc birliyinin bölgədəki yüksəlişinə, Azərbaycanın Qarabağ zəfərinə və torpaqlarını erməni terrorizmindən təmizləməsinə qarşıdır:
“Yəni İran yeganə ölkədir ki, Azərbaycan dövlətinin varlığını özünə təhlükə olaraq görür. Halbuki İranda 30-35 milyon azərbaycanlı yaşayır. İran bundan bölgənin rifahı və iki ölkə arasındakı iqtisadi, sosial, siyasi əlaqələrin güclənməsi üçün istifadə edə bilər. Ancaq əksinə olaraq Şimali Azərbaycanda qurulan dövlətimizi özünə təhdid hesab etdir. Ona görə də bu cür addımlara əl atır. Eyni zamanda qeyd etmək lazımdır ki, İranın atdığı bu addım ilk deyil. Rejimin siyasi xətlərində Azərbaycana qarşı dəyişiklik yoxdur. Yaxın gələcəkdə də olacağını düşünmürəm. Xüsusilə də Qarabağ zəfərindən sonra İran müxtəlif bəhanələrlə Azərbaycana qarşı zidd hərəkətlər edir. Hətta Qarabağ zəfərinin intiqamını Cənubi azərbaycanlılardan alır”.