Almaniyanın paytaxtı Berlin şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilir.
Azərbaycan nümayəndə heyətinin tərkibində Ceyhun Bayramovla yanaşı, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, ölkəmizin Almaniyadakı səfiri Nəsimi Ağayev, XİN sözçüsü Ayxan Hacızadə və başqaları var.
Ermənistan nümayəndə heyətinin tərkibində isə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan, ölkənin Almaniyadakı səfiri Viktor Enqibaryan və başqaları iştirak edir.
Görüşü “Sherg.az”a dəyərləndirən sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, böyük nəticələrin olacağını gözləmir:
“Görüş Almaniyanın vasitəçiliyi ilə olsa belə, tərəflərin təkbaşına danışıqlar aparması müsbət haldır. Xarici işlər nazirləri növbəti görüşün baş tutması ilə əlaqədar razılığa gəlib-gəlmədikləri ilə bağlı mətbuata açıqlama verəcəklər. Arzu edərdik ki, növbəti dəfə görüş birbaşa sərhəddə həyata keçirilsin. Yəni hansısa üçüncü tərəfin nümayəndəsi iştirak etməsin. Berlinə, Vaşinqtona, Brüsselə və Moskvaya gedərək görüş təşkil etmənin mənası yoxdur. Çünki üçüncü tərəfin görüşdə öz milli maraqları mövcuddur və cədvəllərinə uyğun hərəkət edirlər. Ona görə Azərbaycan və Ermənistan nümayəndələrinin birbaşa şəkildə sərhəddə görüşməsi daha məqsədə uyğundur”.
E. Məmmədyarov onu da vurğulayıb ki, ritorika sülh sazişi ilə bağlı məqamın yetişmədiyini göstərir:
“Əvvəllər görüş zamanı Madrid prinsipləri müzakirə edilirdi. Ermənistan və Azərbaycanın təqdim etdiyi təklifi müqayisə edirdilər. Daha sonra təklifləri ümumi şəkildə hər iki tərəfə təqdim etməyə çalışırdılar. Artıq 44 günlük müharibədən sonra vəziyyət dəyişib və Qarabağ Azərbaycanın tərkibindədir. Ermənistanda Azərbaycanın hər cür sülh sazişinə razı olma fikri formalaşmamalıdır. Neçə ildir sülh sazişi olmadan yaşayırıq, bundan sonra da belə davam edə bilərik”.