5 aprel görüşünün məqsədi odur ki, elə bir sülh anlaşması bağlansın ki, gərginlik tam aradan qalxmasın
Fransa Azərbaycana qarşı məkrli planlarından əl çəkmir və bundan sonra da əl çəkməyəcək. Rəsmi Paris Qərb tərəfdaşlarından fərqli olaraq Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasına hər vəchlə mane olmağa çalışır. Makron administrasiyasının Azərbaycana münasibətdə çirkin, qərəzli və riyakar siyasət yürütməsi onun neokolonizm ambisiyalarından irəli gəlir. Məlum olduğu kimi Fransa Prezidenti Emmanuel Makron növbəti anti-Azərbaycan kampaniyasına cəhd edib. Fransanın “Le Fiqaro” qəzetinin məlumatına görə, rəsmi Paris beynəlxalq səviyyəli "Dağlıq Qarabağ" forumu təşkil etmək istəyib. Makronun təkliflərinə rəğmən, ABŞ və Avropa İttifaqı konfransda iştirak etməkdən imtina edib. Foruma Polşa, Almaniya, Böyük Britaniya və Vatikan qarşı çıxıblar. Sözügedən nəşrin məsələ ilə bağlı məlumatında bildirilib ki, Emmanuel Makron və Avropa Komissiyasının prezidenti Ursula von der Leyen arasında Qarabağla bağlı ciddi fikir ayrılıqları baş verib. Fransanın dövlət rəhbəri Qarabağla bağlı konfransın keçirilməsini və Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsini tələb edib. Ursula von der Leyen Makronun təklifinə qarşı çıxaraq bildirib ki, Azərbaycan Avropa İttifaqı üçün enerji təhlükəsizliyi baxımından önəmlidir və Brüssel buna gedə bilməz. Ekspertlərə görə, Makron administrasiyasının belə bir forumun keçirilməsini təklif etməsi, ən əsası da anti-Azərbaycan kampaniyasının arxasında müəyyən səbəblər və hədəflər dayanır.
Millət vəkili Sahıb Alıyev "Sherg.az"a açıqlamasında bildirib ki, Fransanın dünya iyerarxiyasında tutduğu yer dövlət olaraq haqq etdiyi yer deyil:
" Məhz SSRİ rəhbəri İ.Stalinin istəyi nəticəsində Fransa İkinci Dünya savaşında biabırcasına məğlub olmasına baxmayaraq, zəfər çalmış dövlətlərin sırasında Birləşmiş Millətlər Təşkilatının daimi üzvləri arasında yer aldı. Halbuki Fransa bunu haqq etmirdi. Fransada çox gözəl görürlər ki, yeni dünya düzənində onların gələcəkləri təhlükə altındadır. Hətta Almaniyanın keçmiş kansleri Angela Merkel vaxtı ilə Fransaya təklif etmişdi ki, BMT Təhlükəsizlik Şurasındakı daimi yerini Avropa Birliyinə versin. Yəni Fransanın yerinə BMT Təhlükəsizlik Şurasında bütövlükdə Avropa Birliyi iştirak etsin. Fransa rəhbərliyi gördü ki, yeni dünya düzənində mövqelərini itirməkdədir. Ona görə də harada mümkündürsə, orada peyda olmağa, müəyyən dərəcədə mövqelərini gücləndirməyə çalışır. Rusiya-Ukrayna savaşından sonra Parisdəkilər bu fikirdədirlər ki, bizim regionda da onlar üçün fürsət yaranıb. Daha doğrusu, Ermənistan onlar üçün belə bir fürsət yaradıb. Fransanın Azərbaycanla münasibətlər baxımından bəzən öz maraqlarına da zərbə vuran addımlarının arxasında duran reallıq bundan ibarətdir. Açıq-aydın görünür ki, bu siyasət Fransanın bizim regionda mövqelərinin güclənməsinə yox, daha da zəifləməsinə aparıb çıxaracaq".
Parlament üzvü separatçı S.Şahramanyana "Le Fiqaro" qəzetində yer verilməsinə də münasibət bildirib:
"İkinci Qarabağ savaşı bitəndə, yəni üçtərəfli bəyanat imzalanarkən Makron Nikol Paşinyanı adekvatlıqdan uzaq adam adlandıraraq, təslimçilik aktına qol çəkdiyinə görə onu pisləmişdi. Ondan sonra Makron öz ölkəsində hay icmasının təmsilçiləri ilə görüş zamanı da açıq şəkildə bildirmişdi ki, Ermənistanın maraqlarını İrəvan hökumətindən daha çox qorumağa çalışır. Yaxınlarda həmin fikri bir daha təkrarladı. Fransa Şahramanyan kimiləri də yanına çəkməklə Ermənistan üzərində Paşinyandan daha çox nəzarətə cəhd edir".
Millət vəkilinin qənaətincə, 5 apreldə Ermənistan-ABŞ-Avropa İttifaqı rəhbərliyinin Brüsseldə keçirəcəyi görüşün məqsədi odur ki, elə bir sülh anlaşması bağlansın ki, gərginlik tam aradan qalxmasın: "Brüssel görüşünün anonsu ötən ilin oktyabrında Qranadada verilmişdi. Qranadadakı üçlük hayların qarşılarında Azərbaycan vətəndaşlığı tələbi qoyulmadan Qarabağa qaytarılmasını istəmişdilər. Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırnikin son açıqlaması da göstərdi ki, onların Qarabağdakı hərbi kontingentləri də hər gecə yatıb yuxularında hayların ora qayıtmasını görür. Moskvada yaxşı anlayırlar ki, Qərbin Qarabağı kosovolaşdırması mümkünsüzdür. Azərbaycan bunun qarşısını almaq üçün nə lazımdırsa edib. Qərbin yeritdiyi siyasəti və Paşinyanın onlarla sıx əməkdaşlığını Kremldəkilər özləri üçün böyük təhlükə görmədiklərindən sözdən əmələ keçmirlər. Qərbin regionda sülhə maneə törədən addımları Tehran rejiminin də maraqlarına cavab verir. Ancaq İranı burada ən çox razı salan məqam ABŞ-nin Zəngəzur dəhlizinin işə düşməsinə qarşı çıxmasıdır”.