Azərbaycan qlobal təşəbbüslərdə həmişə öndə olub
Avropaya yaşıl enerjini ixrac etməklə də yeni bir ilkə imza atacağıq
Ölkəmizin enerji siyasətinin əsas istiqamətlərindən birini “yaşıl enerji”yə keçid təşkil edir. Azərbaycan “yaşıl enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayəçilərlə fəal əməkdaşlıq edir. “Yaşıl enerji” sənayesinin inkişafı üçün müvafiq normativ hüquqi aktlar qəbul edilir və institusional tədbirlər həyata keçirilir. Ölkəmizdə bərpaolunan enerji mənbələrindən səmərəli istifadə ilə bağlı fəaliyyətin təşkilinin və tənzimlənməsinin təmin edilməsi üçün Prezident İlham Əliyevin 2020-ci il 22 sentyabr tarixli Fərmanı ilə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi yaradılıb. Bərpaolunan və yaxud “yaşıl enerji” sahəsinin inkişaf etdirilməsi, bununla bağlı olaraq institusional mexanizmlərin formalaşdırılması üçün zəruri normativ hüquqi aktlar qəbul olunub. 2022-ci ildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Bu sənədə əsasən, Xəzər dənizində istehsal olunacaq “yaşıl enerji”nin Avropaya ixracı nəzərdə tutulub. Azərbaycan dövləti qlobal problemlərdən biri olan iqlim dəyişmələrinin qarşısının alınması üçün ardıcıl siyasət aparır. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmət və etimadının ifadəsidir. Bu qərarın qəbul olunmasında iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasətin böyük rolu var. Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü ilin Azərbaycan Respublikasında “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ətraf mühitin qorunmasına böyük diqqət və həssaslıqla yanaşmanın göstəricisidir. Azərbaycan 2030-cu ilə qədər bərpaolunan enerji həcminin 3 dəfə və enerji səmərəliliyinin 2 dəfə artırılması ilə bağlı qlobal təşəbbüsə qoşulub. Ölkənin əlverişli coğrafi mövqeyi və iqlim şəraiti “yaşıl enerji” istehsalı üçün geniş imkanlar yaradır. Külək, günəş, dağ çayları, biokütlə və geotermal su mənbələri hesabına bərpa olunan enerji istehsalı sahəsində böyük uğurlar əldə edilir. Qarabağ və Şərqi Zəngəzur, həmçinin Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonaları elan olunub. Bu ərazilər yüksək potensiala malik olan “yaşıl enerji” mənbələrinə malikdir.
Millət vəkili Azər Badamov "Sherg.az"a deyib ki, Azərbaycan qlobal təşəbbüslərə qoşulur və könüllü öhdəliklər götürür. Deputat vurğulayıb ki, Azərbaycan 2030-cu ilə qədər ölkədə istehsal olunan elektrik enerjisinin 35 faizini yaşıl enerji üzərinə keçirməyi planlaşdırıb:
"Həm də üç il yarım əvvəl torpaqlarımız erməni işğalından azad olunanda dövlət başçımız bu əraziləri yaşıl zona adlandırıb. Azərbaycan yaşıl enerji sektorunun inkişaf etdirilməsində maraqlıdır. Son illərdə azad olunmuş ərazilərdə aparılan yenidənqurma və bərpa işləri yaşıl enerji konsepsiyasına uyğun icra olunur. İşğaldan azad olunmuş ərazilərdə qısa zaman kəsiyində kiçikhəcmli hidroelektrik stansiyaları yenidən bərpa olunaraq istifadəyə verilir. O cümlədən işğaldan azad olunmuş ərazilərin bərpaolunan enerji potensialı da hesablanıb. Yenidən qurulan yaşayış məntəqələri yaşıl enerji ilə təmin edilir. Həmçinin bu ərazilərdə böyük günəş və külək elektrik stansiyalarının tikintisi məsələləri həll olunur. Azərbaycanın yaşıl enerji potensialının 200 qeqavatdan çox olduğu hesablanıb. Keçən il Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin investisiyası ilə Qaradağda 230 meqavatlıq günəş elektrik stansiyası istifadəyə verildi. Yaxın gələcəkdə biz xarici investisiyalar hesabına yeni bərpaolunan stansiyaların ərsəyə gəldiyinin şahidi olacağıq. Çünki bu gün Azərbaycanın bərpaolunan enerji potensialına investisiya yatırmaq istəyən xarici sərmayədarlar arasında bir rəqabət yaranıb. Artıq bərpaolunan enerji potensialının mövcud əraziləri üzrə xəritəsi tərtib olunub. İşğaldan azad olunmuş ərazilərdə günəş və külək stansiyalarının tikintisi ilə bağlı işlər davam etdirilir. Digər regionlarda da hidro, külək və günəş elektrik stansiyalarının tikintisi ilə bağlı işlər görüləcək".
Parlament üzvü qeyd edib ki, bu ilin noyabrında ölkəmiz COP29 beynəlxalq konfransına ev sahibliyi edəcək:
“Bu o deməkdir ki, bütün dünyanın diqqəti Azərbaycanda olacaq. Bu həm də, Azərbaycanla əməkdaşlıq etmək istəyənlərin sayını kəskin artıracaq. Cənab Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransına səfəri zamanı keçirdiyi görüşlər və görüşmək istəyənlərin sayının çoxluğu və ölkəmizlə əməkdaşlıq etmək istəyənlərin sayının çox olmasının göstəricisidir. Biz dünyanın gələcəyini yaşıl enerji üzərində qurmalı olduğunu bilirik. Ona görə də dövlətimiz iqtisadiyyatın bu sektorunun inkişaf etdirilməsində maraqlıdır. Biz yaşıl enerji sektorunu ancaq ölkəmizin tələbatını ödəmək üçün artırmırıq. Həm də Avropanın enerji təminatında yaşıl enerjimizlə iştirak etmək niyyətindəyik. Ona görə də Qara dənizin dibi ilə Avropaya yaşıl enerji və yaşıl hidrogenin ixracı magistrallarının inşası istiqamətində layihələrin icrasını planlaşdırırıq. Azərbaycan qlobal təşəbbüslərdə həmişə öndə olub. O cümlədən Avropaya yaşıl enerjini ixrac etməklə də yeni bir ilkə imza atacağıq. Cənab Prezident İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycanı hər bir sahədə oluğu kimi, yaşıl enerjinin istehsalı və ixracı sahəsində də böyük inkişafa qovuşduracaq”.