Gələn il Türkiyədə çalxalanmalar olacaq -TƏHLİL

Cümşüd Nuriyev: "İnanmıram ki, bələdiyyə seçkisində qələbə qazanmış CHP 4 il sonrakı prezident seçkisini gözləsin”
 
“CHP-nin Türk dünyası ilə bağlı hansısa konsepsiyası mövcud deyil, buna ehtiyac görmürlər”
 
 
 Türkiyədə keçirilən bələdiyyə seçkilərində ana müxalifət - Cümhuriyyət Xalq Partiyası (CHP) qalib gəldi. Seçkilərdə 35 şəhərdə bələdiyyəni qazanaraq ən çox səslə birinci yerə sahib olan CHP-nin növbəti parlament və prezident seçkisində də üstünlüyü alacağı deyilir. Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək. Amma növbədənkənar seçkilərin keçiriləcəyi də istisna edilmir. Seçkidə CHP-nin qalibiyyətindən sonra müzakirə olunan mövzulardan biri ana müxalifətin Azərbaycanla, bütövlükdə Türk dünyası ilə münasibətlərinin hansı səviyyədə olmasıdır. Qeyd edək ki, fevralda Azərbaycanda keçirilən prezident seçkilərindən sonra CHP sədri Özgür Özel dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərərək Cümhuriyyət Xalq Partiyasının "bir millət, iki dövlət" prinsipinə dəstəyini davam etdirmək və Türkiyənin Azərbaycanla əlaqələrini daha da möhkəmləndirmək əzmini ifadə edib. Lakin CHP-nin Türk dünyasına baxışı da önəmli məqam hesab olunur. Əksər ekspertlərin fikrincə, CHP-nin türk birliyi, Türk Dövlətləri Təşkilatı ilə bağlı konkret konsepsiyası, strategiyası yoxdur. Şərhçilər Türkiyədə iqtidara iddialı olan partiya üçün bunu ciddi nöqsan sayırlar.
 
 Siyasi elmlər doktoru professor Cümşüd Nuriyev "Sherg.az"a deyib ki, Türkiyədə vəziyyət heç də yaxşı deyil. Professorun sözlərinə görə, o, "Türkiyədə 5-ci kolon var və ölkəni qarışdırlar" deyəndə onu təhqir edirdilər:

 "İnanmıram ki, Türkiyədə bələdiyyə seçkisində qələbə qazanmış CHP 4 il sonrakı prezident seçkisini gözləsin. Türkiyədə iqtisadi vəziyyət kifayət qədər ağırdır. Ölkənin mövcud iqtisadi konsepsiyası Türkiyəni xilas edə bilmədi. Böyük ehtimal ilin sonuna, yaxud gələn ilin əvvəllərinə Türkiyədə növbəti çalxalanmaları müşahidə edəcəyik. Yürüdülən siyasət buna doğru gedir. Nəzərə alaq ki, Türk Dövlətləri Təşkilatının lokomotivi Türkiyədir. CHP-nin hakimiyyətə gəlməsi ilə Ankara bu missiyanı üzərindən atarsa, TDT-yə liderliyi Qazaxıstan, yaxud Özbəkistan öz üzərinə götürə bilər. Lakin Qazaxıstan-Özbəkistan cütlüyünün TDT-nin lokomotivinə çevrilməsi bu qurumu Rusiyanın əlində bir növ dəyənəyə çevirəcək. Moskva kimi cəzalandırmaq istəsə, həmin dəyənəyi onun başına "vuracaq".   Türkiyənin indiki hakimiyyəti nə qədər Turançıdırsa, türk birliyinin formalaşması və inteqrasiyanın dərinləşməsinə yönəlik ciddi addımlar atırsa, CHP hökuməti də bir o qədər "cümhuriyyətçi"dir. Ona görə də CHP-nin Türk dünyası ilə bağlı hansısa konsepsiyası mövcud deyil, buna ehtiyac görmürlər. Şübhə yox ki, Cümhuriyyət Xalq Partiyasının hakimiyyəti dönəmində prioritet Türkiyənin maraqları, daxili məsələlər olacaq. Əlbəttə, belə bir mövqe və yanaşma çox yanlış olardı. Qərbin, eləcə də Rusiya və İranın məqsədi odur ki, Turan formalaşmasın. Qərb ölkələri, Moskva və Tehran, o cümlədən Çin qətiyyən türk birliyinin güclənməsini istəmirlər. Əfsuslar olsun ki, hadisələrin gedişi heç də arzuladığımız səviyyədə deyil. Amma çıxış yolu var. Əgər Türkiyədə CHP hakimiyyətə gələrsə və turançılıq arxa plana keçərsə, Azərbaycan və Özbəkistan prezidentləri Türk Dövlətləri Təşkilatının xilaskarı ola bilərlər".