“Paşinyan 4 kəndin Azərbaycan ərazisi olması ilə bağlı reallığı yerli sakinlərə də qəbul etdirdi. Bunun alternativinin müharibə olduğunu və İrəvanın da savaş istəmədiyini vurğuladı”
Qazaxın erməni işğalı altındakı 4 kəndinin geri qaytarılması yönündə müzakirələr gedir. Rəsmi Bakı Ermənistandan işğal edilmiş 4 eksklav olmayan kəndin (Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) mübahisəsiz və dərhal azad edilməsini istəyir. Həmçinin delimitasiya prosesi çərçivəsində Azərbaycanın Ermənistanın işğalı altında olan 4 eksklav kəndinin (Yuxarı Əskipara, Sofulu, Barxudarlı və Kərki) azad edilməsi məsələsi də həll olunacaq. Ermənistan mətbuatında yazılanlardan belə aydın olur ki, erməni cəmiyyəti təşviş içindədir. Baş nazir Nikol Paşinyanın və digər hökumət üzvlərinin delimitasiya prosesinin Qazaxın kəndlərinin daxil edildiyi Tavuş rayonundan başlanacağını söyləməsi erməni müxalifətinin etirazına səbəb olub. Erməni müxalifəti kəndləri işğalda saxlamaqla, gərginliyi körükləməyə cəhd edir. Müxalif deputat Tiqran Abramyan iki “xəritə” təqdim etməklə, kəndlərin qaytarılacağı halda Ermənistanın yol infrastrukturunda yaşanacaq çətinlikləri gündəmə gətirib. Abramyan təhrif və ənənəvi erməni saxtakarlığına da əl atıb. Çünki Qazaxın 8 deyil, 7 kəndi işğaldadır və onlardan 4-ü anklav deyil, 3-ü anklavdır. Digər işğalda olan kənd isə Kərkidir ki, bu da Tavuş istiqamətində deyil, Naxçıvandadır. Digər tərəfdən, Ermənistanın hansı yoluna maneə yaradılıb-yaradılmamasından asılı olmayaraq, bu kəndlər beynəlxalq səviyyədə tanınan Azərbaycan əraziləridir və onların geri qaytarılması mütləqdir.
Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, faktiki olaraq müəyyən qüvvələr regionda sülhün və sabitliyin olmasında maraqlı deyillər. Ekspertin sözlərinə görə, Cənubi Qafqazda qəsdən eskalasiya yaratmaq niyyətində olanlar fəaliyyətə keçib:
"Həmin qüvvələr Ermənistan-Azərbaycan arasında yenidən münaqişənin yaranmasını istəyirlər. Faktiki olaraq Ermənistan rəhbərliyi açıq şəkildə qeyd etdi ki, 29.8 min kv.km-dən başqa ərazilərdə gözləri yoxdur və işğal altında olan bütün torpaqlar qaytarılacaq. Paşinyan Ermənistanın xəritəsini əlinə alaraq rayon-rayon, kənd-kənd gəzdi və bunu etiraf etdi. Baş nazir Tavuş bölgəsinə, Qazaxın anklav olmayan kəndlərinə getdi və yerli sakinlərə izah etdi ki, həmin kəndlər ermənilərə məxsus deyil. Paşinyan 4 kəndin Azərbaycan ərazisi olması ilə bağlı reallığı yerli sakinlərə də qəbul etdirdi. Bunun alternativinin müharibə olduğunu və İrəvanın da savaş istəmədiyini vurğuladı. Erməni tərəfi də bilir ki, Azərbaycan hərbi yolla sözügedən kəndləri qısa müddətdə, rahatlıqla geri qaytarar. Bu da Ermənistan üçün daha böyük fəlakət olar. Bununla bağlı kənd sakinlərinin də narazılığı yoxdur. Bu məsələ dəfələrlə parlament səviyyəsində gündəmə daşındı, hökumətin çıxışlarında diqqətə çatdırıldı. Yəni Ermənistan işğalda saxladığı kəndlərlə bağlı iddialarının olmadığını ortaya qoydu".
Analitik əlavə edib ki, erməni müxalifəti, "Qarabağ klanı"nın üzvləri buna qarşı çıxır, bölgəyə səfər edərək əhalini qızışdırır, etiraza səsləyir: "İrəvan hökuməti bunu ciddi qəbul etmir, çünki müxalifətin öz maraqları istiqamətində hərəkət etdiyini yaxşı bilərlər. Həm də radikal müxalifətin sosial dəstəyi yox səviyyəsindədir. Buna rəğmən, son günlər şərti sərhədlərdə təxtibat baş verdi. O da məlumdur ki, erməni tərəfi şərti sərhədlərə qoşun cəmləyir, texnika yığır. Bu da ondan xəbər verir ki, sülhü sabotaj edən qüvvələr hərəkətə keçiblər. Onların kimlər olduğunu bilmək istəyiriksə, Rusiya rəsmilərinin 4 kəndin qaytarılması ilə bağlı bəyanlarına baxmaq yetərlidir. Rusiya təmsilçiləri açıq bəyan edirlər ki, Qazaxın kəndlərinin qaytarılması üçün əvvəlcə delimitasiya və demarkasiya prosesi getməli, xəritələr əsasında müzakirələr aparılmalıdır və s. Halbuki Ermənistan özü 4 kəndi delimitasiya prosesindən əvvəl qaytarmağı qəbul edir. Burada hansısa xəritələrə, uzun-uzadı müzakirələrə ehtiyac yoxdur".