Türkiyənin 6 vilayətində terror təşkilatının tərəfdarları saxlanılıb. Daxili işlər naziri Ali Yerlikaya deyib ki, aprelin 2-də Van, Hakkari, Siirt, Batman, Şırnak və İzmir vilayətlərində qanunsuz aksiyalar keçirən, separatçı terror təşkilatını dəstəkləyən şüarlar səsləndirən 89 nəfər həbs edilib. Nazir etirazçıların təhlükəsizlik qüvvələrinə daşla hücum etdiklərini bildirib: “Təhlükəsizlik qüvvələrimiz ölkəmizin əmin-amanlığı və təhlükəsizliyi naminə yorulmadan fəaliyyətini davam etdirir”. Vurğulanıb ki, Van Seçki Komissiyasının DEM Partiyadan bələdiyyə sədri seçilmiş Abdullah Zeydanla bağlı qərarını bəhanə edən bir qrup təxribatçı partiya binasının qarşısına toplanaraq yürüş keçirmək istəyib. Lakin yürüşə icazə verilməməsindən sonra qrup ətraf küçələrə dağılaraq ictimai obyektlərə və iş yerlərinə zərər vurub, polisə daş atıblar. Şəhərin müxtəlif yerlərində barrikadalar quraraq avtomobillərə ziyan vuran nümayişçilərə müdaxilə edən polis su şırnağı və bibər qazından istifadə edib. Van Valiliyi nümayiş keçirilməsini, həmçinin açıq hava toplantılarını 15 günlük qadağan etdiyini bəyan edib. Valilik və Kaymakamlık tərəfindən icazə verilmədiyi təqdirdə mətbuata açıqlama vermək, anket hazırlamaq, çadır və stend qurmaq, imza toplamaq, elan paylamaq, hər növ etiraz aksiyası təşkil etmək qadağan edilib. Analoji qərar Bitlisdə də qəbul edilib. Ekspertlər Türkiyədə keçirilən bələdiyyə seçkilərinin ardınca bu cür aksiyaların təşkil olunmasında müəyyən məqsədlərin olduğunu düşünürlər.
Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında bildirib ki, bəzi dairələr etiraz dalğası yaratmaqla xalqın mövcud AKP hakimiyyətindən bezdiyini göstərmək istəyirlər. Ekspertin sözlərinə görə, hədəf indiki iqtidarın xalq içində ciddi dəstəyinin olmadığını nümayiş etdirməkdir:
"Gələcək üçün hüquqi və siyasi zəmin yaratmaq istəyirlər ki, Türkiyədə növbədənkənar prezident seçkisinə yol açılsın. Artıq bu yöndə siyasi və ideoloji açıqlamalar verilib. Hətta CHP rəhbərliyi də əsas hədəflərdən birinin növbədənkənar prezident seçkisi olduğunu istisna etməyib. Məhz belə açıqlamalardan sonra şişirdilmiş etiraz aksiyalarının təşkil olunması göstərir ki, guya, Türkiyədə idarəolunmaz vəziyyət formalaşıb. Mövcud iqtidarın seçki yolu dəyişdirilməsinə ehtiyac yarandığı görüntüsünü sərgiləmək istəyirlər. Nəzərə alaq ki, indiki mərhələ AKP hökumətinin ən zəif dönəmidir. Növbədənkənar prezident seçkisi keçirilərsə, AKP-ni devirmək daha rahat olacaq. Etiraz aksiyalarını təşkil edənlər bələdiyyə seçkisinin nəticələrini fürsət bilənlərdir. Onların arasında CHP-PKK birliyi və xarici amillər də var".
Analitikin fikrincə, Ərdoğan hakimiyyətindən narazı olan ölkələrin başında ABŞ dayanır: "Türkiyə ilə İraq rəhbərliyinin razılaşdırdığı - İnkişaf Yolu Dəhlizinin yaradılması məsələsi gündəmdədir ki, bu məqam PKK-nın bölgədən tamamilə məhv edilməsi anlamına gəlir. Yaz aylarında terrorçulara qarşı əməliyyatların başlayacağı deyilir ki, bununla da, Türkiyə və İraq sərhəddi PKK ünsürlərindən təmizlənəcək. Paralel olaraq, türk şəhəri olan Mosul terrorçuların əlindən alınacaq. Türkiyə-İraq sərhədində türk ordusunun tompon təhlükəsizlik bölgəsi yaradacağı da gündəmdədir".