Fransanın Cənubi Qafqazda neokolonializm siyasəti həyata keçirməsinə imkan verilməyəcək
Fransanın xarici işlər naziri Stefan Sejurne Parisdə ABŞ Dövlət katibi Antoni Blinkenlə birgə mətbuat konfransında fürsətdən istifadə edərək, Azərbaycan əleyhinə təbliğat da aparıb. Sejurne Ermənistanın “ərazi bütövlüyünə” Azərbaycan tərəfindən “təhdid olduğunu” iddia edib. 30 il Azərbaycanın beynəlxalq səviyyədə tanınan torpaqları işğal altında olduğu vaxt bir dəfə də olsun Ermənistanın ünvanına ittiham səsləndirməyən Fransanın Azərbaycanı “təhdiddə” ittiham etməsinin özü gülüncdür. Çünki faktiki olaraq heç bir işğal, təhdid yoxdur. Əksinə, Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazisinə aid olan 8 kənd hələ də Ermənistanın işğalı altındadır və Sejurne buna, əlbəttə ki, toxunmur.
Sejurne Ermənistanın sərhədə hərbçi və zirehli texnika daşımasını əks etdirən görüntüləri, o cümlədən sərhəddə silah yerləşdirməsini təsdiqləyən sübut-dəlilləri də “görməzdən gəlib” və həyasızcasına bunu Bakının “feyk xəbəri” adlandırıb. O iddia edib ki, guya, Ermənistan bu regionda münaqişənin qarşısını almağa çalışan “yeganə tərəfdir”, Azərbaycan isə eskalasiyaya görə məsuliyyəti Ermənistanın daşıyacağı haqda “yalançı təbliğat” aparır. Görünür, Ermənistan “münaqişənin qarşısını almağa çalışan yeganə tərəf olduğu” üçün Fransa Ermənistana yüzmilyonlarla dəyəri olan silahlar satır. Müdafiə nazirini İrəvana göndərir, ikitərəfli, üçtərəfli hərbi müqavilələr imzaladır! Sejurne “mən bütün bu təbliğatda Rusiyanın Ukraynaya bağlamağa çalışdığı bir çox ümumi elementləri görə bilirəm” - deyərək, Ermənistanın müdafiəsi üçün mənfi imicə malik Rusiyadan müqayisə kimi istifadə etməyi də unutmayıb, daha sonra isə şantaja keçib. O bildirib ki, Bakıda COP29-a altı ay qalmış bu fakta diqqət yetirməyə çağırır. Bu, Ermənistanın bacısı funksiyasını bütün məkanlarda həyata keçirən Fransanın Azərbaycanın COP29-a ev sahibliyi etməsindən doğan qısqanclığı, Azərbaycanın nüfuzunu həzm edə bilməməsi, böhtan və yalan kampaniyasını şantajla davam etdirməsidir.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib ki, Stefan Sejurnenin Azərbaycana qarşı səsləndirdiyi əsassız iddialar növbəti dəfə Fransanın bölgədə açıq-aşkar gərginlik yaratmaq və sülh prosesinə mane olmaq səylərinin bariz nümunəsidir. Onun sözlərinə görə, işğalçı Ermənistanın Fransa tərəfindən "sülhpərvər ölkə" kimi təqdim edilməsi bu ölkənin həm vasitəçiliyi dövründə, həm də 44 günlük Vətən müharibəsindən sonra yürütdüyü siyasətin nə qədər saxta olduğunu nümayiş etdirir: "Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata keçirən, bölgədə militarizmi təşviq edən Fransa tərəfinin Azərbaycanı aqressiv ritorikada təqsirləndirməsi qəbuledilməzdir. Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi kimi məsul vəzifəni yerinə yetirdiyi bir dönəmdə, ölkənin imicinə xələl gətirmək məqsədi güdən və sədrliyimizi hədəf alan bu kimi çağırışlardan çəkinilməsinin Fransa və dünyamız üçün daha faydalı olacağını hesab edirik. Məhz Fransa kimi ölkələrin son 30 ildə Ermənistanın təcavüzünü ört-basdır edən siyasətinin heç bir fayda vermədiyi hər kəsə aydın olmalıdır. Bununla Fransa tərəfi anlamalıdır ki, onun tərəfindən həyata keçirilən bu kimi destruktiv fəaliyyətə nə qədər ki son qoyulmayıb, bu həm Fransanın zərər görmüş imicinə, həm də hər vəchlə müdafiə etdiyi Ermənistana xeyir gətirməyəcək”. Fransa Azərbaycanı ittiham etməkdənsə, Afrika və Yaxın Şərqdə həyata keçirdiyi aqressiv kolonializasiya siyasətinin gətirdiyi fəlakətlərdən nəticə çıxarmalıdır. Öz müstəqilliyinə qovuşmaq istəyən koloniyalarda fəallara qarşı təzyiq, təqib və cəzalandırma metodlarından, həmin xalqların müstəqillik uğrunda mübarizələrinə qarşı aqressiv tədbirlərdən əl çəkmək haqqında düşünməlidir. Paris başa düşməlidir ki, ona Cənubi Qafqazda neokolonializm siyasəti həyata keçirməsinə imkan verilməyəcək. Bu siyasətin, eləcə də regionda vəziyyətin gərginləşməsinə yönəlmiş əməllərinin fəsadlarını həm özü, həm də ciddi cəhdlə müdafiə etməyə çalışdığı Ermənistan yaşamağa məcbur olacaq. Fransanın yürütdüyü aqressiv siyasət və destruktiv fəaliyyət Fransanın onsuz da sarsılmış imicini daha da korlayır. Ermənistanın çıxılmaz vəziyyətini daha da dərinləşdirir.
Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, rəsmi Bakıdan Ermənistanın “ərazi bütövlüyünə” heç bir təhdid yoxdur. Ekspertin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan istiqamətindəki mövqelərinin Ermənistan tərəfindən atəşə tutulmasını istisna etsək, iki ölkənin şərti sərhədində sabitlik hökm sürür:
"Bundan başqa, Ermənistanla Azərbaycan arasında sülh prosesi, habelə sərhədlərin delimitasiyası davam edir. Belə bir vəziyyətdə S.Sejurnenin Ermənistanın “ərazi bütövlüyünə” Azərbaycan tərəfindən “təhdid olduğunu” iddia etməsi onun timsalında ölkəsinin növbəti qərəzli, ikili standartlara hesablanmış türkofob, islamofob, azərbaycanofob siyasətinin göstəricisidir. Aprelin 5-də Brüsseldə baş tutacaq görüşdən əvvəl belə bir açıqlamanın verilməsi bir daha bu görüşün rəsmi Bakının əleyhinə olduğunu sübut edir. Rəsmi Bakının sülhdə maraqlı olması, maksimum konstruktiv mövqe sərgiləməsi və gərginlikdən yayınması başda Fransa olmaqla regionda maraqlı olan qüvvələri narahat edir. Sülhün əldə edilməsi bu ölkələrin regiona müdaxilə, buranı təsirdə saxlamaq imkanlarını sıfırlayır. Reallıq ondan ibarətdir ki, Fransa Cənubi Qafqazda kövrək sülhü pozmağı və regionu yeni münaqişə ocağına çevirmək istəyini nümayiş etdirir. Fransa uzun müddətdir ki, Ermənistanı silahlandırır. Bunun müdafiə xarakterli silahlar olduğu deyilsə də, NATO üzvü olmayan ölkələrə satışı qadağan edilən silahları Ermənistana təmənnasız verir".
Analitik vurğulayıb ki, rəsmi Bakı Fransanın Afrika və Yaxın Şərqdə həyata keçirdiyi aqressiv kolonializm siyasətini ifşa edir, reallığı dünya ictimaiyyətinə təqdim edir: "Fransanın Azərbaycana qarşı qəzəb və aqressiv siyasətinin bir səbəbi də budur. Bundan başqa, Fransanın Korsika, Yeni Kaledoniya kimi ərazilərin öz müqəddəratını təyin etməsinə mane olmasına etiraz edir. Azərbaycanın yanaşması beynəlxalq hüquq və insan haqları prinsiplərinə, rəsmi Parisin mövqeyi isə ikili standartlara, qərəzə dayanır".