Ermənistan silahlı qüvvələrinin fəaliyyəti daim nəzarətdə saxlanılır
“Sərhəddə baş verə biləcək bütün hadisələrə, mümkün hərbi toqquşmalara görə məhz rəsmi İrəvan məsuliyyət daşıyacaq”
"Naxçıvan istiqamətində silahların işə düşməsi, Ermənistanın Naxçıvan istiqamətində təxribatlar törətməsi, bundan əvvəl isə rəsmi İrəvanın sözügedən istiqamətə qoşun, hərbi texnika yığması barədə görüntülərin yayılması nə ABŞ-ni, nədəki Aİ-nin əsas “dirijor”u olan Fransanı narahat edir". Bu sözləri politoloq Əlisahib Hüseynov deyib. Ekspert bildirib ki, ABŞ Dövlət Departamentindən və Yelisey Sarayından Ermənistanın təxribatına heç bir reaksiya yoxdur:
"Onlar bu təxribatı qəsdən görməzdən gəlir, mövqe bildirməkdən yayınırlar. Bu da bir daha onu göstərir ki, Ermənistan ordusunun son günlər Azərbaycanla sərhəddə aktivləşməsi məhz ABŞ və Aİ (Fransa) tərəfindən öncədən cızılmış məkrli “ssenari”nin tərkib hissəsidir. Məqsəd aprelin 5-də Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Antoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan qalmaqallı görüşdə regionda tarazlığı pozacaq həlledici qərarlar qəbul etməkdir. İrəvanın yeni havadarları Ermənistan üzərindən regionda sabitliyi pozmaq və Azərbaycanı təxribata çəkməklə Cənubi Qafqaza girməyi, burada geosiyasi üstünlüyü ələ almağı hədəfləyirlər. Qərb açıq-aşkar Ermənistanı silahlandırmaq və ondan region ölkələrinə qarşı dəyənək kimi istifadə etmək üçün regionda süni surətdə gərginliyi artırmaq və Azərbaycanla Ermənistanı hərbi toqquşmaya təhrik etmək yolunu seçib. Bu, Qərbin növbəti böyük və olduqca təhlükəli oyunudur. Açıq-aşkar görünür ki, hazırda nə Avropa İttifaqı, nə də ABŞ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında, regionda qalıcı sülhün bərqərar olmasında maraqlıdır. Əksinə, bütün vasitələrlə sülh prosesini sabotaj etməyə və bölgədə militarist planlarını həyata keçirməyə səy göstərirlər".
Analitik vurğulayıb ki, Azərbaycan tərəfi bütün bunları nəzərə alaraq önləyici, neytrallaşdırıcı tədbirləri getdikcə gücləndirir: "Ordumuzun sərhədboyu bölgələrdə mövqeləri möhkəmləndirilir. Ermənistan silahlı qüvvələrinin fəaliyyəti daim nəzarətdə saxlanılır. Təbii ki, hazırda sərhəddə baş verə biləcək bütün hadisələrə, mümkün hərbi toqquşmalara görə məhz rəsmi İrəvan məsuliyyət daşıyacaq. Azərbaycan isə Ermənistan ordusunun atəş mövqelərinin məhv edilməsi üçün adekvat addımların atılması, operativ cavab tədbirlərinin görülməsi hüququnu özündə saxlayır. Azərbaycan Müdafiə Nazirliyinin bir neçə gün əvvəl sərhəd bölgəsində Ermənistanın qoşun yığması ilə bağlı etdiyi xəbərdarlıq da rəsmi Bakının ABŞ və Aİ-nin Ermənistan üzərindən qurduğu təhlükəli oyunlara adekvat reaksiyasının göstəricisidir. Rəsmi Bakı Qərbin hiyləgər planlarının fərqindədir".