Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;
Azərbaycan bu qitədə yerləşən ölkələrlə də əməkdaşlığı gücləndirməkdə maraqlıdır
Aprelin 4-də Azərbaycan Prezidenti İlham Əliyevlə ölkəmizdə səfərdə olan Konqo rəhbəri Deni Sassu-Nqesso arasında geniş tərkibdə görüşü keçirilib. Liderlər iki ölkə arasında siyasi, iqtisadi, investisiya, energetika, kənd təsərrüfatı, COP29 və digər sahələrdə mümkün əməkdaşlığı müzakirə ediblər. İki ölkə arasında mühüm sənədlər də imzalanıb. Prezident İlham Əliyev deyib ki, Konqo dövlət başçısı ilə siyasi, iqtisadi, investisiya, energetika və digər sahələrdə mümkün olan əməkdaşlıq haqqında danışıb: "Müzakirə olunan bütün məsələlərlə bağlı bizim fikrimiz üst-üstə düşür. Təbii ki, səfəriniz bizim gələcək əməkdaşlığımıza da çox müsbət təsir göstərəcəkdir. Bizim siyasi əlaqələrimiz daha da möhkəmlənəcək. Ümid edirəm ki, səfərdən sonra əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsində müsbət dinamika yaranacaq. Energetika və kənd təsərrüfatı sektorlarındakı əməkdaşlıq haqqında biz Sizinlə bu gün geniş fikir mübadiləsi aparmışıq və yenə də fikir ayrılığı yoxdur. COP29-la bağlı birgə işləməyə hazırıq və bizə verdiyiniz dəstəyə görə sizə təşəkkürümü bildirirəm. Bu gün, eyni zamanda təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq imkanlarını da müzakirə etdik və apardığımız bütün müzakirələr bir daha göstərir ki, bizim vahid mövqeyimiz bu məsələ ilə bağlı var. Əminəm ki, bu gün imzalanacaq sənədlər və əldə edilmiş razılaşmalar bizim əməkdaşlığımızı böyük dərəcədə gücləndirəcək".
Konqo Prezidenti Deni Sassu-Nqesso da vurğulayıb ki, iki ölkə arasında çox böyük potensial var və bu, inkişafa töhfə verə bilər: "Bizim ölkəmizin çox böyük kənd təsərrüfatı potensialı var və biz əkin sahələrinin bəlkə də cəmi 3 faizini istifadə edirik. Bu da o deməkdir ki, yerdə qalan hamısı istifadə üçün hazırdır. Bizim bol su mənbələrimiz və bütün ilboyu şəfəq saçan Günəşimiz var. Biz bu potensialdan və sizin bu sahədəki böyük təcrübənizdən kənd təsərrüfatımızın inkişafı üçün istifadə edə bilərik. Məsələn, biz Konqoda məhsul istehsal edə və sonra onu ixrac edə bilərik. Bərpaolunan enerji sahəsində də bizim çox böyük potensialımız var, bütün ilboyu Günəşimiz var və Azərbaycanın bu sahədəki zəngin təcrübəsindən yararlana bilərik".
Konqo Prezidenti Azərbaycanın Baş naziri Əli Əsədovla da görüşüb. Görüşdə Azərbaycanın Afrika dövlətləri ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyi bildirilib. Ölkəmizin Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar çərçivəsində Konqo ilə əməkdaşlıq etdiyi vurğulanıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə COVID-19 pandemiyası ilə bağlı çağırışlara vaxtında və adekvat cavab verilməsi, Qoşulmama Hərəkatının təsisatlanması, həmçinin bir çox digər istiqamətlərdə səy göstərdiyi diqqətə çatdırılıb. Görüşdə Azərbaycan ilə Konqo arasında iqtisadi-ticari, neft sənayesi, ətraf mühit, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilib. Eyni zamanda səfər çərçivəsində imzalanmış ikitərəfli sənədlərin icrası ilə bağlı məsələlər müzakirə olunub.
Xatırladaq ki, aprelin 2-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə səfəri çərçivəsində Konqo Respublikasının xarici işlər və əməkdaşlıq naziri Jan-Klod Qakossonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, Ceyhun Bayramov və Jan-Klod Qakosso arasında təkbətək görüş daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib. Geniş tərkibdə görüşdə ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli platformalarda mövcud əməkdaşlıq, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına hazırlıq işləri (COP29), habelə regional vəziyyət müzakirə olunub. Ceyhun Bayramov Azərbaycan ilə Konqo arasında beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı (QH) çərçivəsində qarşılıqlı dəstək və faydalı əməkdaşlığın məmnunluq doğurduğunu diqqətə çatdırıb. Müxtəlif istiqamətlər, o cümlədən neft və energetika, təbii resurslar, dövlət xidmətləri sektoru, təhsil, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində qarşılıqlı səfərlərin və təmasların əhəmiyyəti qeyd olunub. Ölkəmizin QH-yə sədrliyi dövründə Afrika ölkələri ilə münasibətlərin daha da inkişaf etdirildiyini qeyd edən nazir Ceyhun Bayramov Azərbaycanın bundan sonra da mövcud əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirib. Cari ildə COP29-a sədrliyimiz çərçivəsində aparılan danışıqlar prosesi, hazırlıq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov COP29-un əməkdaşlıq üçün yeni imkanlar yaratdığını diqqətə çatdırıb. Görüşdə nazirlər Konqo Prezidentinin ölkəmizə səfəri zamanı imzalanması nəzərdə tutulan iki ölkə arasında əməkdaşlıq haqqında birgə bəyannamə və digər rəsmi sənədlərin münasibətlərin daha da dərinləşməsinə xidmət edəcəyinə dair əminlik ifadə ediblər. Tərəflər iki ölkə arasında mədəni əlaqələrin daha da genişləndirilməsi, mədəniyyət sahəsində festivalların keçirilməsinin faydalı ola biləcəyini bildiriblər. Nazir Jan-Klod Qakosso Azərbaycana səfərindən məmnunluq duyduğunu, ölkələrimiz arasında ikitərəfli əməkdaşlığın inkişafı üçün potensialın mövcud olduğunu və bu imkanlardan istifadə edilməsinin əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Söhbət zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ümumiyyətlə, Azərbaycan Afrika qitəsindəki ölkələrlə əlaqələrin inkişafına maraq göstərir və bu, gələcək əməkdaşlıq üçün qarşılıqlı faydalı imkanlara yol açır. Ötən ilin sonunda Azərbaycan-Mərakeş əməkdaşlığı üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib. Komissiyanın ardınca iki ölkə arasında saziş və memorandumlar imzalanıb. Qeyd edək ki, Mərakeş 1991-ci ilin dekabrında Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. 1992-ci ildə iki ölkə rəsmi olaraq diplomatik əlaqələr qurub. Bununla uzun və səmərəli münasibətlərin əsası qoyulub.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a açıqlamasında bildirib ki, Azərbaycan yalnız Avropa, Amerika və Asiya qitəsi ilə deyil, eyni zamanda Afrika qitəsində yerləşən ölkələrlə də əməkdaşlığı gücləndirməkdə maraqlıdır. Deputatın sözlərinə görə, Afrikanın potensialı kifayət qədər böyükdür:
"Məhz bu potensial Afrikaya son illər daha çox sərmayənin cəlb edilməsinə imkan yaradıb. Xüsusən, Çin daxil olmaqla bir sıra aparıcı ölkələrin Afrikaya daha çox sərmayə qoyuluşunun həyata keçirilməsi müşahidə edilir. Afrika ölkələri, o cümlədən Konqo ilə əməkdaşlığın gücləndirilməsi həm Azərbaycan, həm də region üçün kifayət qədər vacibdir. Azərbaycan xarici ticarətini, sərmayə qoyuluşlarını, digər istiqamətdə iqtisadi sahədə əməkdaşlığı şaxələndirməkdə maraqlıdır. Konqo kimi Afrika ölkələri Azərbaycan üçün yeni əməkdaşlıq istiqamətləridir. O baxımdan Azərbaycanın Afrika ölkələri ilə daha sıx əməkdaşlıq edəcəyi, mövcud əlaqələri genişləndirəcəyi şübhəsizdir. Təbii ki, bu da qarşılıqlı olaraq tərəflər üçün faydalı əməkdaşlıq deməkdir".