Azərbaycanın yaratdığı reallığı bəzi qüvvələr qəbul etmək istəmir
“Məqsədləri şəffafdırsa, niyə Gürcüstanı, Azərbaycanı yox, ancaq Ermənistanı regiondan qopardaraq İrəvana ayrıca münasibət sərgiləyirlər?”
"Qərb ölkələri Cənubi Qafqaz regionuna müdaxilə etmək istəyir. Niyyətləri şəffaf və saf deyil. Cənab Prezident ABŞ dövlət katibi A.Blinkenlə telefon danışığında bu məsələləri aydın şəkildə gündəmə gətirdi".
Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Komitə sədri bildirib ki, başqa dövlətlərdə problem axtaran Qərb ölkələri özlərindəki ciddi qüsurları görmürlər, görmək istəmirlər:
"Çünki ikili standartların içindədirlər. Geosiyasi siyasət aparmaqla, Ermənistandan istifadə etməklə regionda vəziyyəti gərginləşdirmək istəyirlər. ABŞ və Avropa Birliyi "iqtisadi dəstək" adı altında tamamilə başqa niyyətlərini reallaşdırmaq istəyirlər. Qərbin məqsədi heç kimə sirr deyil. Revanşist hisslərlə yaşayan bir ölkəyə iqtisadi yardım edirsinizsə, bilməlisiniz ki, həmin iqtisadi yardımlar revanşist ideyaların güclənməsinə və inkişafına xərclənəcək. Azərbaycanı narahat edən bu məqamdır. Əgər Qərb dairələrinin niyyəti safdırsa, həqiqətən regiona köməklik etmək istəyirlərsə, onda nəzərə alsınlar ki, Cənubi Qafqazda təkcə Ermənistan yox, başqa ölkələr də var. Azərbaycan və Gürcüstan da region dövlətidir. Məqsədləri şəffafdırsa, Cənubi Qafqazda sülh və əmin-amanlıq istəyirlərsə, Azərbaycanı və Gürcüstanı da dəvət etsinlər, hamıya yardım göstərsinlər. Niyə Gürcüstanı, Azərbaycanı yox, ancaq Ermənistanı regiondan qopardaraq İrəvana ayrıca münasibət sərgiləyirlər? Bunlar hamısı şübhə doğuran məsələlərdir və cənab Prezident açıq formada bunları dedi, narahatlığını bildirdi. Çox gözəl başa düşürük ki, bunun altında hansı niyyətlər yatır. Möhkəm və mübariz olmaq lazımdır. Azərbaycanın yaratdığı reallığı bəzi qüvvələr qəbul etmək istəmir. Ancaq istəsələr də, istəməsələr də, bu, elə bir reallıqdır ki, heç kim inkar edə bilməz".