Qazaxın işğalda olan kəndlərində sakinlərlə görüşərək onları silahlı mübarizəyə, ərazini tərk etməməyə səsləyirlər
Ermənistan Naxçıvan istiqamətində Azərbaycanla şərti sərhəddə texnika cəmləyir.
Bu barədə Teleqram kanalları məlumat yayıb.
Qeyd olunub ki, Ermənistan yeni hərbi infrastruktur yaratmaq üçün işlər aparır. Xatırladaq ki, ötən gün məhz Naxçıvan istiqamətində erməni silahlı qüvvələri tərəfindən təxribat törədilmiş, mövqelərimiz atəşə məruz qoyulmuşdu. O da məlum olub ki, İran Ermənistana bir neçə gündür hərbi yük təyyarəsi ilə silahlar daşıyır. Təkcə İran deyil, Hindistandan və Rusiyadan gəmi vasitəsilə silahlar da təyyarə vasitəsilə Ermənistana tədarük edilir.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a deyib ki, Ermənistana havadarlıq edən güclər son günlərdə davamlı olaraq Azərbaycanın "genişmiqyaslı müharibəyə hazırlaşdığını" iddia edir, bununla bağlı dezinformasiyaları tirajlayırlar. Partiya rəhbəri qeyd edib ki, İrəvan və arxasındakılar ehtimallar üzərindən qərar verərək Bakını hərbi müdaxilədən çəkindərməyə çalışırlar:
"Bütün bunların fonunda məhz Ermənistan tərəfindən şərti sərhədlərdə təxribat baş verir. Həmçinin video-görüntülərlə sübut olunur ki, Ermənistanla şərti sərhədlərə silah-sursat və hərbi texnika cəmlənir. Ermənistan sadəcə Naxçıvan istiqamətində deyil, digər bölgələrdə də təxribatlara cəhd edir. Qazaxın işğalda olan kəndlərində sakinlərlə görüşərək onları silahlı mübarizəyə, ərazini tərk etməməyə səsləyirlər. Eyni zamanda Zəngəzur istiqamətində də hərəkətlilik görünür. Ermənilərin yenidən təxribata əl atacağı ehtimalı yüksəkdir. Ancaq Ermənistan bilməlidir ki, istənilən təxribatına artıqlaması ilə cavab veriləcək. Fevralın 12-də snayperlə əsgərimizi yaraladılar və beş qat əvəzini aldılar. Ermənistan şərti sərhədlərdə gərginlik və insident yaratmaqla Azərbaycana qarşı təzyiqləri gücləndirmək istəyir".
A.Əlizadə diqqətə çatdırıb ki, Brüssel görüşündən qabaq erməni tərəfi ölkəmizə qarşı qarayaxma kampaniyasını bir qədər də artırmışdı: "Məqsəd Ermənistana siyasi-iqtisadi və hərbi dəstəyin daha çox verilməsinə nail olmaqdır. Azərbaycanın guya "hücuma, müharibəyə hazırlaşması" ilə bağlı ittihamlar da bu məqsədə xidmət edir. Halbuki dövlət başçısı İlham Əliyev də vurğuladı ki, Azərbaycan hərbi eskalasiyada maraqlı deyil və hansısa hücuma hazırlaşmır. Ermənistan ərazisinə hərbi yolla müdaxilə etməyəcəyik. Yetər ki, qarşı tərəf verdiyi öhdəlikləri yerinə yetirsin və revanşist düşüncələrindən geri dursun. Əks halda beynəlxalq hüquq bizə imkan verir ki, şərti sərhədlərdə təhlükəsizlik zonası yaratmaq üçün hərəkətə keçək. Bu, ermənilər üçün ciddi nəticələrə səbəb ola bilər".