Bu, neokolonializm siyasətini Afrikadan Cənubi Qafqaza transformasiya etmək istəyən Fransaya ciddi siqnaldır
Neokolonializmə qarşı mübarizə məsələləri bəşəriyyət üçün hələ də öz aktuallığını saxlamaqdadır. Ən pisi də budur ki, neokolonializm ənənələrini yaşadanlar, müstəmləkəçilik, sömürgəçilik siyasətini bu və ya digər üsullarla davam etdirənlər ilk növbədə məhz demokratiyadan, insan hüquq və azadlıqlarından dəm vuran böyük dövlətlərdir. Bu dövlətlərin başında Fransa gəlir. Afrika qitəsində (Niger, Mali, Konqo, Burkina-Faso və s.) mənfur neokolonializm siyasəti iflasa uğrayan Fransa, bu gün həmin siyasətini “Dənizaşırı bölgələr” adlandırdığı ərazilərdə davam etdirir.
Politoloq Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, Fransa kimi ölkələrin iyrənc neokolonializm siyasətinə qarşı mübarizə hərəkatı artıq get-gedə genişlənməkdədir. Ekspertin sözlərinə görə, bu prosesdə Azərbaycanın fəallığı xüsusilə təqdirəlayiqdir:
"Son 4 ildə Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq platformaya uğurla sədrlik etmiş Azərbaycan bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolunun artırılmasına böyük töhfə verib. Bu məqamı Prezident İlham Əliyev də Konqo rəhbərinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında vurğuladı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycanın sözügedən quruma sədrliyi dövründə Qoşulmama Hərəkatının institusional inkişafı təmin edilib. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Prezident həmçinin onu da vurğuladı ki, Qoşulmama Hərəkatına sədrlik dövründə bizim prioritetlərimizin içində neokolonializmə qarşı mübarizə məsələləri durub. Bu gün də belədir. Prezidentin sözünə qüvvət olaraq qeyd edim ki, Bakı Təşəbbüs Qrupu bu gün dünyada neokolonializmə qarşı mübarizədə həqiqətən də öndə gedən platformalardan biridir. Bakı Təşəbbüs Qrupunun ötən ilin 22 sentyabrda BMT-nin Nyu-Yorkdakı Baş qərargahında təşkil etdiyi “Dekolonizasiya: Sakit İnqilab” Konfransında iştirak edən bir çox natiqlər də Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın atdığı addımları və həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər. Fransanın “Dənizaşırı bölgələr” adlandırdığı ərazilərin müstəqillik və millətçi hərəkatlarının nümayəndələri xüsusilə vurğulayıblar ki, təmsil etdikləri siyasi partiyalar və hərəkatlar uzun illərdir Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparırlar. BMT kimi nüfuzlu təşkilatın çərçivəsində ilk dəfədir dekolonizasiyaya dair belə konfransda iştirak edirlər. Onlar səslərinin artıq BMT tribunalarında eşidilməsinin onları ruhlandırdığını və bu xüsusda konfransın təşkilatçısı olaraq Bakı Təşəbbüs Qrupunun fəaliyyətini təqdir etdiklərini bildiriblər".
Analitik vurğulayıb ki, Azərbaycanın Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə "dənizaşırı ərazilərin" müstəqillik və millətçi hərəkatları ilə həmrəylik nümayiş etdirməsi onların milli azadlıq mübarizəsinin qələbə ilə bitəcəyinə inamlarını daha da artırır: "Təsadüfi deyil ki, Konqo Prezidenti Deni Sassu-Nqesso da mətbuata bəyanatında bildirdi ki, Konqo və Azərbaycan bundan sonra da istər BMT və Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də digər sahələrdə birlikdə mübarizə aparacaq. Azərbaycan Konqo ilə COP29 çərçivəsində də həm ikitərəfli formatda, həm də çoxtərəfli formatda əməkdaşlıq etməyi nəzərdə tutur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ümumiyyətlə, Konqo BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində hər zaman bizim təşəbbüslərimizə öz dəstəyini verib.
Bu gün Afrika qitəsinin önəmli ölkələrindən biri sayılan Konqonun ölkəmiz ilə sıx əməkdaşlıqda maraqlı olması beynəlxalq müstəvidə neokolonializmə və zorakılıq siyasətinə qarşı mübarizədə Azərbaycanın gücünü artırır. Bu, neokolonializm siyasətini Afrikadan Cənubi Qafqaza transformasiya etmək istəyən Fransaya da ciddi siqnaldır. Paris revanşist Ermənistanın vasitəsilə Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək və gərginliyi artırmaq siyasətindən əl çəkməlidir. Azərbaycanın neokolonializmin əleyhinə olan qüvvələri birləşdirməsi uğurlu taktikadır".