İrəvan Bakının təkliflərinə cavab göndərib -RƏY

Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün həqiqətən tarixi imkan yaranıb
 
Mövqelərin yaxınlaşması üçün iki məsələyə ilk növbədə Ermənistanın baxışı dəyişməlidir
 
 
 
 İrəvan sülh müqaviləsi ilə bağlı Bakının təkliflərinə cavab göndərib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan məlumat verib.
Onun sözlərinə görə, söhbət sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərin 8-ci redaksiyasından gedir.
Qeyd edək ki, bu il fevralın 21-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanın Bakıdan sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketi aldığını açıqlamışdı.
 Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da Azərbaycanla sülh müqaviləsindən danışıb. XİN rəhbəri qeyd edib ki, sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlar zamanı rəsmi Bakı ilə bir sıra qarşılıqlı razılaşmalara nail olunub: "Cənubi Qafqazda uzunmüddətli sülhün bərqərar olması üçün həqiqətən tarixi imkanımız var. Ermənistan sülh gündəminə sadiqdir və danışıqlarda bütün məsələlərə konstruktiv yanaşır". Lakin nazir vurğulayıb ki, iki əsas məsələ haqqında tərəflərin fikirləri hələ də bir-birindən uzaqdır: "Birincisi, ərazi bütövlüyünün qarşılıqlı tanınması və sonrakı delimitasiya prosesinə aiddir. Ən azı 3-4 dəfə görüş oldu ki, orada tərəflər Almatı Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün tanınmasını təsdiqlədilər və delimitasiya prosesinin bu əsasda baş tutmasını razılaşdırdıq. Dövlət katibi Blinkenlə telefon danışığı zamanı Azərbaycanın da bu bəyannaməyə sadiqliyi təsdiqləndi. Mənə də qəribədir ki, biz sülh müqaviləsində bu bəyannaməyə istinad etməyə çalışanda Azərbaycanın istəksizliyini görürük. Ümid edirəm, yaxın gələcəkdə biz bu məsələdə daha dərin anlaşma əldə edə biləcəyik. İkinci əsas məqam infrastrukturun açılmasıdır”. Demarkasiya və delimitasiya ilə bağlı işlərə gəlincə, Mirzoyan bildirib ki, bu, ayrıca prosesdir: "İşçi görüşlər keçirilib və hazırda onların müzakirəsi üçün bir neçə variant var, ola bilsin ki, yaxın vaxtlarda irəliləyiş əldə olunsun".
 Qeyd edək ki, Ermənistan Almatı Bəyannaməsini öz maraqlarına uyğun istismar etməyə çalışır. Məsələ burasındadır ki, Almatı Bəyannaməsinə istinad edən tərəf Azərbaycan kəndlərinin işğalını dərhal dayandırmalı və 8 kəndin geri verilməsində tərəddüd etməməlidir. Ermənistan isə prosesi “xalqla məsləhətləşmək” adı ilə yubadır. Digər tərəfdən, Almatı Bəyannaməsinin təsdiqlənməsi ilə paralel olaraq sərhədlərin hansı xəritələrlə delimitasiya və demarkasiya ediləcəyi də həll olunmalıdır. Ermənistan Azərbaycandan ələ keçirdiyi torpaqları özündə saxlamaq üçün Almatı Bəyannaməsi - 1991-ci il sərhədlərini önə çıxarır. O ki qaldı nəqliyyatın blokdan çıxarılmasına, Ermənistan öhdəliyindən imtina edərək, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək və Azərbaycan vətəndaşları və yüklərinin maneəsiz keçidini təmin etməməkdə israr edir.
 
Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında deyib ki, mövqelərin yaxınlaşması üçün iki məsələyə ilk növbədə Ermənistanın baxışı dəyişməlidir. Analitik vurğulayıb ki, Ermənistan 4 kəndi qaytarmaq istəmir və çalışır ki, Bakı İrəvanın təklif etdiyi sərhədlərin delimitasiyası ilə bağlı xəritəni kəndlərin geri verilməsi müqabilində qəbul etsin:
 "4 kəndin qaytarılması delimitasiya prosesinə aid məsələ deyil. Kəndlərimizin qaytarılması delimitasiya prosesindən kənarda götürülür. Söhbət Azərbaycanla birbaşa bitişik kəndlərdən gedir. 4 kəndin ikisinə də Azərbaycan dolayı yolla nəzarət etməkdədir. Ermənistan tərəfi Almatı Bəyannaməsini əsas gətirsə də, həmin sənədin müəyyən etdiyi konkret xəritələr mövcud deyil. Sadəcə, SSRİ dönəminin son illərinə məxsus xəritələr var. İrəvan əsasən həmin xəritələrin gündəmə gətirilməsini istəyir. Lakin Azərbaycan tərəfi haqlı olaraq anklav kəndlər məsələsini qabardır və sual edir ki, kəndlərimizin anklav vəziyyətinə düşməsinin səbəbi nədir? Zaman-zaman müvəqqəti olaraq Azərbaycanın otlaq sahələri hektarlarla ermənilərə verilib. Ermənistan sonradan bundan istifadə edərək həmin ərazilərdə qondarma adlarla süni kəndlər yaratdı. Bakı məsələni konkret hüquqi sənədlərlə müzakirə etmək və həllinə nail olmaq niyyətindədir.

 Ekspert diqqətə çatdırıb ki, Zəngəzur dəhlizində də artıq Ermənistanın bəhanə edə biləcəyi məsələ qalmayıb:
 "Ermənistan Rusiyanın nəzarətini istəmir. Bu da İrəvan və Moskva arasındakı problemdir. Azərbaycan və Türkiyə Ermənistana "Kalininqrad model"ini təklif edir. Bu model də Ermənistanın suverenliyinə zərrə qədər məhdudiyyət yaratmır. Məhdudiyyət yaratmış olsaydı, Litva bu gün Rusiyadan Kalininqrada, yaxud əksinə, keçidlərdə bir çox sanksiya tərkibi olan strateji məhsullara birtərəfli qaydada qadağalar tətbiq edə bilərdimi? Hazırda belə məhdudiyyətlər mövcuddur və bu qərarı verən suveren Litva ölkəsidir. Sadəcə olaraq Rusiya vətəndaşları yoxlanılmadan Kalininqrada gedə bilirlər. Azərbaycanın İrəvana təklif etdiyi model budur. Ancaq ikinci və üçüncü dövlətlər üçün Ermənistanın iddia etdiyi kimi gömrük yoxlamaları tətbiq olunacaq. Bütün bunlarla yanaşı, Ermənistan Bakının modelini qəbul etmirsə, bu, sadəcə olaraq bəhanədir. İrəvanın "suverenliyimizə təhdiddir" bəhanəsi zaman qazanmağa hesablanıb və müəyyən mənada Qərbin və İranın təzyiqləri fonunda baş verir. Ermənistanın "qarşılıqlı prinsip əsasında" tələbi də əsassızdır. Çünki Azərbaycan ərazisində Ermənistanın hansısa anklav ərazisi mövcud deyil".