İki ölkə arasında siyasi, iqtisadi, sərmayə, nəqliyyat, yaşıl enerji, xalq diplomatiyası və digər sahələrdə inkişaf müşahidə olunur
Prezident İlham Əliyev mayın 14-də Çinin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini Şen Yueyuenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. İkitərəfli münasibətlərimizin uğurla inkişaf etdiyini vurğulayan dövlət başçısı əlaqələrimizin dostluq, qarşılıqlı anlaşma və dəstək prinsiplərinə əsaslandığını qeyd edib. Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşlərini məmnunluqla xatırlayan Prezident bu görüşləri dostluq münasibətlərimizin nümayişi kimi dəyərləndirib və Si Cinpinlə növbəti görüşü məmnuniyyətlə gözlədiyini deyib. Əlaqələrimizin daha yüksək səviyyəyə qaldırılması üçün real imkanların olduğunu və artıq ölkələrimizin müxtəlif sahələrdə çox yaxından əməkdaşlıq etdiklərini bildirən dövlətimizin başçısı son vaxtlar Azərbaycan ilə Çin arasında müxtəlif səviyyədə qarşılıqlı rəsmi səfərlərin sayının artdığını söyləyib. Bunun da əlaqələrimizin möhkəmlənməsi işinə xidmət etdiyini vurğulayib. Prezident iqtisadiyyat, ticarət, nəqliyyat sahələrində artımın olduğunu deyərək, insanların qarşılıqlı gediş-gəlişinin artdığını da məmnunluqla qeyd edib. Dövlət başçısı Çinin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini Şen Yueyuenin Azərbaycana səfərinin məhsuldar olacağına, dostluq əlaqələrimizin daha da möhkəmlənməsi işinə xidmət edəcəyinə və əməkdaşlıq perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əmin olduğunu bildirib. Çinin dünya iqtisadiyyatında mühüm yer tutduğunu vurğulayan dövlət başçısı bunun qlobal iqtisadiyyatın inkişafı üçün çox vacib olduğunu söyləyib. Şen Yueyue Çinin Azərbaycan xalqının öz inkişaf yolu ilə bağlı etdiyi seçimini və Azərbaycanın Cənub-Cənub xətti üzrə qlobal iqlim dəyişiklikləri ilə bağlı fəal beynəlxalq əməkdaşlığını dəstəklədiyini vurğulayıb. O, dünyada Azərbaycanın nüfuzunun daim artdığını deyərək bildirib ki, bu, ölkəmizin yaxın dostu və etibarlı tərəfdaşı kimi Çini sevindirir. Azərbaycanda keçirilən prezident seçkilərinə toxunan Şen Yueyue dövlətimizin başçısının bu seçkilərdə inamlı qələbə qazandığını vurğulayaraq təbriklərini çatdırıb. Bunu Azərbaycan xalqının Prezidenti İlham Əliyevin siyasətinə olan böyük dəstəyinin nümayişi kimi dəyərləndirib. Qonaq “Vahid Çin” siyasətinə dəstəyə görə Azərbaycana təşəkkürünü bildirib. Qeyd edək ki, Azərbaycan Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəkləyib. Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada Tayvanda keçirilən seçkilər pislənilib və Çinin ərazi bütövlüyünə bir daha dəstəyin ifadə olunması qeyd edilib. Qonaq COP29-un Azərbaycanda keçirilməsi münasibətilə də təbriklərini çatdırdı və bu çərçivədə əməkdaşlıq məsələlərinə toxunub. Söhbət zamanı vurğulanıb ki, Azərbaycan Qlobal Cənubun tərkib hissəsidir və bu xüsusda Qoşulmama Hərəkatı çərçivəsində bu ölkələrin maraqlarını müdafiə edib. Həmçinin COP29 çərçivəsində də Azərbaycan Qlobal Cənub ölkələrinin maraqlarının təmsil olunmasına öz səylərini əsirgəməyəcək. Bəyan edilib ki, ölkəmiz COP29 çərçivəsində də Çin Xalq Respublikası ilə əməkdaşlığa hazırdır və Azərbaycanın COP29 nümayəndə heyəti Çinə səfər edərək müzakirələr aparıb. Həmçinin bərpaolunan enerji sahəsində Çin şirkətlərinin Azərbaycanla əməkdaşlığa böyük maraq göstərdikləri bildirilib. Azərbaycanda elektroavtobusların və elektroavtomobillərin, həmçinin bərpaolunan enerji vasitələrinin istehsalının təşkili və bu istiqamətdə Çin şirkətləri tərəfindən investisiyaların qoyulması məsələsi müzakirə olunub. Görüşdə Azərbaycanla Çin arasında siyasi, iqtisadi, sərmayə, nəqliyyat, yaşıl enerji, xalq diplomatiyası və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub. Çin-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni müstəviyə çatdığı bildirilib. Ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyi, “Bir kəmər, bir yol” layihəsi, Orta Dəhlizin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Məlumat üçün deyək ki, mayın 15-də Çinin Nankin şəhərində İqtisadiyyat Nazirliyinin dəstəyi, ölkəmizin Çindəki ticarət nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan Ticarət Evinin açılış mərasimi keçirilib. Hazırda Azərbaycanın Çinin Çindao, Canciaciye, Sian, Çendu və Pekin şəhərlərində ticarət evləri, Şanxay, Harbin, Cinan və Uhan şəhərlərində 4 ticarət bölməsi, Urumçi və Şanxayda isə 3 şərab evi fəaliyyət göstərir. Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao deyib ki, Azərbaycan ilə Çin arasında ikitərəfli əlaqələr bu gün yaxşı inkişaf mərhələsindədir. O bildirib ki, diplomatik münasibətlər qurulandan bəri ölkələrimiz arasındakı əməkdaşlıq həmişə sabit olub: "Hazırda bu əməkdaşlıq ölkə liderlərinin sayəsində strateji xarakter alır".
Din Taonun sözlərinə görə, “Kəmər-Yol” və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu təşəbbüsləri əməkdaşlıqda mühüm rol oynayır: “Parlamentarilər arasındakı sıx əlaqələr də mühüm rol oynayır”. Diplomat ölkələr arasında iqtisadi əməkdaşlığın yüksək səviyyədə inkişaf etdiyini də qeyd edib: “Çində artıq Azərbaycanın 5 ticarət evi fəaliyyət göstərir”.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a açıqlamasında bildirib ki, Çin idxalımızda hər zaman əsas tərəfdaşlardan olub. Amma təbii ki, uzun müddət Rusiya Azərbaycanın ən böyük idxal tərəfdaşı kimi qeydə alınıb. Deputatın sözlərinə görə, Rusiyadan daha çox məhsullar idxal etsək də, son dövrlər Çindən məhsul idxalında artımlar var:
"Bunun əsas səbəbi ondan ibarətdir ki, biz artıq Çindən yalnız gündəlik istifadə olunan və ya sənaye məhsulları deyil, eyni zamanda kifayət qədər innovativ olan emaledici məhsulları idxal edirik. Həm də avtomobillər və digər texnologiyalar idxal edilir. Nəticə etibarı ilə bu, idxalda Çinin payının və idxal həcminin artmasına gətirib çıxarır. Son dövrlər Azərbaycan Çindən avtomobil idxalını artırıb, texnoloji məhsulların idxalını həyata keçirir. Bu da təbii ki, ümumi dövriyyəmizə təsir göstərir. Bu kontekstdə Çinlə ticarət dövriyyəmizin artmasını müşahidə edirik. Tendensiya belə davam edərsə, Çin növbəti dövrlərdə də Azərbaycanın əsas idxal tərəfdaşı olaraq qalacaq. Çünki Çin məhsullarına, xüsusən də texnoloji məhsullara tələbin artması müşahidə olunur".