Lukaşenkonun Azərbaycana gəlişi - ŞƏRH

Səfər çərçivəsində keçirilən mühüm görüşlər və imzalanan çoxsaylı sənədlər də bunu göstərir

“Liderlər çoxçeşidli məsələləri müzakirə etdilər və yeni istiqamətləri müəyyənləşdirdilər. Beynəlxalq platformalarda birgə mövqe sərgiləmək məsələsi də müzakirə predmeti oldu"

  Azərbaycanda səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko ilə dövlət başçısı İlham Əliyev arasında ikitərəfli və geniş tərkibdə görüşlər keçirilib. Prezident İlham Əliyev deyib ki, Belarus rəhbəri ilə bir çox məsələlər - ikitərəfli gündəlik, regional və beynəlxalq məsələlər üzrə ətraflı danışıblar, münasibətlərin strateji xarakterini bir daha təsdiq ediblər: "Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur. Bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür. Nümayəndə heyətlərinin üzvləri dünən görüşüblər və bildiyimə görə, təmaslar çox səmərəli, müsbət olub". Ölkə rəhbəri qeyd edib ki, həlli vacib olan çoxlu məsələlər var: "Qarşılıqlı fəaliyyətimizin perspektivlərinə baxdıqda böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasının, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görürük. Əlbəttə ki, biz azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olardıq. Nümayəndə heyətlərinin üzvləri bu məsələni də müzakirə ediblər. Nümayəndə heyətlərinin tərkibi də çox mətləblərdən xəbər verir. Məhz gündəlikdə olan məsələlərdən danışılıb. Amma, əlbəttə, nümayəndə heyətlərinin üzvlərinin cavabdeh olduqları məsələlərlə kifayətlənmək olmaz. Belə ki, əməkdaşlığımız yetərincə çoxplanlıdır, yaxşı keçmişə və yaxşı gələcəyə malikdir". Prezident Aleksandr Lukaşenko da bildirib ki, iki ölkənin münasibətləri çox səmimi və yaxındır: "Biz qardaş kimi ünsiyyət qururuq. Dünyanı eyni şəkildə anlayır, onun haraya doğru getdiyini başa düşürük. Bilirsiniz, Sizə təkbətək görüş zamanı Heydər Əliyev haqqında danışmışdım, kaş ki, o, Azərbaycanın necə inkişaf etdiyini və uğurlarını görəydi. Mən bir daha düşündüm və müharibədən əvvəl, Sizin azadlıq müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar. Bu vacibdir, Qələbəni qoruyub saxlamaq daha vacibdir. Üçüncüsü isə Sizin də bu mövzuya toxunduğunuz kimi, biz ümumi fikrə gəldik ki, müharibədən sonra ən ağır dövr başlayacaq, azad etdiyiniz torpaqları dirçəltməyə, bərpa etməyə başlamaq lazım gələcək. Həmin ağır dövr gəlib çatdı, bu torpaqları dirçəltmək, insanları artıq qaytarmaq, - onların bəziləri şəhərdə anadan olub, - lazımdır və belə də olacaq. Qələbə çaldınız və onu qoruyub saxladınız. İndi dirçəliş dövrüdür. Bu, zaman, böyük zəhmət tələb edir, beş və ola bilər ki, on il ərzində həmin işlər yerinə yetirilməlidir. İlham Heydər oğlu, ona görə də biz kömək göstərə və bu prosesdə iştirak edə bilərik. Sizin kifayət qədər köməkçiləriniz var, amma biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa, texnikamız burada olar və işləyər". Qeyd olunduğu kimi, prezidentlər ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, sənaye və kənd təsərrüfatı sahələrində əməkdaşlığın inkişaf etdirilməsi və ikitərəfli münasibətlər üzrə digər aktual məsələləri müzakirə ediblər. Danışıqların digər mövzusu Belarus və Azərbaycan arasında beynəlxalq platformalarda əməkdaşlıq olub. Liderlər qlobal və regional məsələlər ətrafında da müzakirə aparıblar. Danışıqların nəticəsi olaraq ikitərəfli sənədlər paketi imzalanıb. Bununla yanaşı, Aleksandr Lukaşenko və İlham Əliyev beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro”ya da baş çəkiblər.
  Belarus-Azərbaycan əlaqələri ilə bağlı "Sherg.az"a danışan siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, Belarus Prezidenti Azərbaycanla bağlı kifayət qədər müsbət mövqedədir. Professor vurğulayıb ki, Belarusun ən ağır vaxtında Azərbaycan rəhbərliyi çox ağıllı addım atdı: 

"Azərbaycanın Belarusa açdığı kredit xətti Minski çox ciddi problemlərdən qurtardı. Sevindiricidir ki, Azərbaycanın xoşməramlı addımı öz müsbət nəticəsini verdi. 44 günlük müharibənin gedişində Ermənistanın davamlı və israrlı müraciətinə Belarus Prezidenti Aleksandr Lukaşenko Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bu məsələlərə qarışmayacağını vurğuladı. Hətta Ermənistana sərt reaksiya bildirərək, Azərbaycanın haqlı olduğunu bəyan etdi. Bu, kifayət qədər mühüm amil idi. Qərbin Lukaşenkoya mənfi münasibət bəsləməsi bizi narahat etmir. Çünki ABŞ və Avropanın qərəzli yanaşmalarının, ədalətsiz münasibətlərinin dəfələrlə şahidi olmuşuq. Qərbdə ədalətin olmadığının fərqindəyik və ona görə də Lukaşenkoya münasibət də birmənalı qəbul oluna bilməz. Belarus rəhbərinin Azərbaycana gəlişi növbəti uğurlu səfərdir. Səfər çərçivəsində keçirilən mühüm görüşlər və imzalanan çoxsaylı sənədlər də bunu göstərir. Liderlər çoxçeşidli məsələləri müzakirə etdilər və yeni istiqamətləri müəyyənləşdirdilər. Beynəlxalq platformalarda birgə mövqe sərgiləmək məsələsi də müzakirə predmeti oldu".
  C.Nuriyev əlavə edib ki, Azərbaycanın Avropa ölkələrindəki mövqeyi hamıya bəllidir. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət birmənalı şəkildə Qərbin çoxsaylı ölkəsi tərəfindən birmənalı dəstəklənir: "Belarus dövlət başçısı ilə görüşdə bu istiqamətdə müəyyən müzakirələrin aparılması ehtimalı böyükdür. Bütün hallarda Lukaşenkonun Azərbaycana səfəri Belarusun Azərbaycanla dostluq münasibətlərinin inkişafından xəbər verir. Həmçinin Minsk və Bakının bir çox qlobal platformada ortaq mövqedən çıxışını təzahür etdirir. Ermənistanla sülh danışıqlarında irəliləyişlər olduğu məqamda KTMT, Aİİ, Gömrük İttifaqı və MDB-də Ermənistanla əməkdaşlıq edən Belarusun Azərbaycana səfəri olduqca önəmlidir. Şübhə yox ki, bu səfərdən sonra Belarus-Azərbaycan münasibətləri tamamilə yeni mərhələyə qədəm qoyacaq".