"Əvvəla, Ermənistanda revanşist qüvvələrin yekcins olmaması və vahid çətir altında birləşə bilməməsi Nikol Paşinyanın sülhə meyilli xəttini davam etdirməsinə imkan verir”
Ermənistanın Baş naziri Nikol Paşinyan Bakı ilə İrəvan arasında sərhədin bir hissəsinin delimitasiyasına dair protokolun imzalanmasını böyük uğur adlandırıb. Baş nazir bu barədə Ermənistan hökumətinin iclasında deyib. Paşinyan bildirib ki, ilk dəfədir ki, delimitasiya olunmuş sərhədləri var: "Bu, suverenliyimizin təməl daşıdır, təhlükəsizlik səviyyəsi yüksələcək". Baş nazir delimitasiyanın SSRİ Silahlı Qüvvələri Baş Qərargahının 1976-cı il topoqrafik xəritəsinə uyğun olaraq aparılmasının vacibliyini qeyd edib: “Bu, eskalasiya və hərbi münaqişələrin başvermə ehtimalını əhəmiyyətli dərəcədə azaldır”. Ermənistan hökumətinin başçısı əlavə edib ki, Ermənistan və Azərbaycanın dinc yanaşı yaşama təcrübəsi və anlayışı yoxdur: “Müstəqilliyin ilk günlərindən biz qarşıdurma içərisindəyik. Siyasi danışıqlar və dinc prinsiplərlə yanaşı, mühüm ilkin şərt var - dinc yaşamağı öyrənmək və bu, son dərəcə çətin prosesdir. Bunun nə olduğunu, necə göründüyünü biz də, Azərbaycan da bilmirik”. O qeyd edib ki, Ermənistan və Azərbaycan üçün bir-biri ilə sülh şəraitində yaşamaq yad bir fenomendir: “Ermənistanla Azərbaycan arasında dinc həyat üçün alətlərə ehtiyac var. Bu vasitələrdən biri də Ermənistanın təklif etdiyi “Sülh qovşağı” (Dünyanın kəsişməsi) layihəsidir. Mühüm məqam ondan ibarət ola bilər ki, qarşılıqlı hörmət və ərazi bütövlüyünün, yurisdiksiyasının suverenliyinin tanınması əsasında Ermənistan və Azərbaycan bir-biri üçün avtomobil və dəmir yolları, bir-birinin ərazisindən boru kəmərləri, elektrik xətləri və kabellər çəkmək imkanı açsın”. Xatırladaq ki, ötən gün XİN başçısı Ceyhun Bayramov da sülhlə bağlı ümidli danışmış, 6 ayda xeyli iş görüldüyünü demişdi. Nazir sərhədlərin müəyyənləşməsi prosesində irəliləyiş olmasını yüksək dəyərləndirmiş və gələcək üçün ümid verdiyini söyləmişdi. Yəni sülhlə bağlı həm Azərbaycan, həm də Ermənistandan pozitiv mesajlar gəlməkdədir.
Azərbaycan və Ermənistan arasında sülh danışıqlarından və gəlinən vəziyyətdən danışan politoloq Cəmaləddin Quliyev "Sherg.az"a açıqlamasında deyib ki, o da hər halda prosesə nikbin yanaşanların mövqeyini bölüşür və hesab edir ki, çərçivə sazişinin imzalanması imkanları daha yüksəkdir. Onun sözlərinə görə, nikbinliyə əsas verən bir çox səbəblər var:
"Əvvəla, Ermənistanda revanşist qüvvələrin yekcins olmaması və vahid çətir altında birləşə bilməməsi Nikol Paşinyanın sülhə meyilli xəttini davam etdirməsinə imkan verir. Ortaya çıxarılmış ən güclü antiiqtidar fiqur olan keşiş Baqrat Qalstanyan nəinki bütün narazıları birləşdirə bilmədi, əksinə, kilsə daxilində də parçalanma tendensiyaları gücləndi. Erməni həvari kilsəsinin rəhbəri də indi kilsədaxili təfriqənin öz tarixində ən pik həddə olduğunu etiraf edir. Digər yandan sülhə mane olan xarici qüvvələrin birləşə bilməməsi üçün Azərbaycan diplomatiyası olduqca uğurlu gedişlər edir. Rusiya sülhməramlılarının səbrlə, Moskva ilə münasibətləri korlamadan, Rusiyanın özünü geosiyasi mübarizədə uduzmuş kimi hiss etməsinə bəhanə yaratmadan yola salınması, İranla Şimal Cənub dəhlizi layihəsinin sürətləndirilməsi üçün əldə edilmiş anlaşmalar, Araz yolu keçidi ilə bağlı razlılaşmalar, eləcə də Fransanın Yeni Kaledoniyada ciddi yerli etirazla üz-üzə qalması Ermənistanla sülhə mane olacaq xarici faktoru xeyli dərəcədə zəiflədir".
Analitikin fikrincə, Azərbaycanın sülh masasında maksimalist davranmaması, yalnız beynəlxalq hüquqa istinadən yeri gələndə güzəştlərə hazır olması da sülh üçün münbit şərait yaradır: "Qazaxın 4 kəndinin qaytarılmasına dair razılaşdırılmış protokallara görə oranı tərk edən erməni sakinlərə müəyyən kompensasiya verilməsi də nəzərdə tutulur. İndiki mərhələdə bu, Ermənistan daxilində Paşinyanın əlini gücləndirəcək, nələrəsə nail ola bilən siyasətçi olması və milli maraqları satmaması haqda təbliğat qurmasına kömək edəcək. Həm də narazı sakinləri sakitləşdirmək üçün stimuldur. Azərbaycan Laçından Ermənistan vətəndaşlarını, Xaçmazdan Rusiya vətəndaşlarını təxliyə edərkən də belə davranıb. Amma bütün nikbinliyə rəğmən sülh ağır prosesdir. Xoşagəlməz hansısa gözlənilməzliklər də ola bilər və buna hazır olmaq lazımdır".