Yeni Kaledoniya xalqının müstəqillik arzuları boğulur - ŞƏRH

Fransa və Avropa demokratiya və insan haqlarına həmişə ikili standartlardan yanaşıb

Fransanın Sakit okeanda yerləşən müstəmləkəsi Yeni Kaledoniyada baş verən iğtişaşlarda 4 nəfər ölüb, yüzlərlə yaralı, eyni zamanda həbs olunanlar var. Bazar ertəsi Fransa parlamenti adada 10 ildən çox yaşayan Fransa vətəndaşlarına yerli seçkilərdə səsvermə hüququnun verilməsinə səs verib. Yerli liderlərin bəziləri qanuna edilən bu dəyişikliyin kanakların adanın işlərində söz sahibi olmaq hüququnu azaldacağından narahatlığını ifadə edib. Bundan sonra etirazlar başlayıb. Nümayişçilər dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməz oluğunu bildirib. Fransanın Baş naziri Qabriel Attal davam edən iğtişaşlar səbəbindən Yeni Kaledoniyaya ordu yeridiləcəyini bildirib. Onun bu bəyanatından sonra Yeni Kaledoniyaya ordu yeridildiyi barədə məlumatlar var. Yelisey Sarayı isə Fransanın Yeni Kaledoniyadan fövqəladə vəziyyət elan edəcəyini açıqlayıb. Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyaları olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinik, Qvadelupa və Korsikadakı müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkat birgə Bəyanat yayıb. Bəyanatda Fransa hökumətinin Kanaki-Yeni Kaledoniyada seçki kütləsinin genişləndirilməsi lehinə qanunsuz dəyişikliyin zorla tətbiq edilməsi pislənilib, müstəqillik uğrunda ədalətli mübarizəsində Kanak xalqına tam dəstək ifadə olunub. Sənəddə Kanakinin bu gün alov içində olması, o cümlədən son günlər ərzində 150-yə yaxın insanın həbs edilməsi və 3 nəfərin qətlə yetirilməsinin məsuliyyətinin Fransa hökumətində olduğu qeyd olunur: “Kanak xalqının öz müqəddəratını təyinetmə hüququnu tapdalayan "insan hüquqları ölkəsi" adlanan Fransa dövlətinin Kanak xalqını öz torpağında azlıqda qoymaq üçün seçki elektoratını genişləndirmək məsələsindəki məqsədli istəyi mövcud vəziyyətin pisləşməsinə səbəb olur”. Bəyanatda Fransaya müstəmləkə siyasətini dayandırmağa və Kanak xalqına öz taleyini sərbəst həll etməyə, beynəlxalq ictimaiyyətə isə Kanak xalqının azlığa çevrilməsinə aparan bu iyrənc müstəmləkəçilik təcrübəsinə göz yummamağa çağırış edilir. Bəyanata qoşulanlar həyəcan təbili çalaraq, BMT Təhlükəsizlik Şurasının toplaşaraq Fransa tərəfindən beynəlxalq hüququn pozulmasının pislənilməsini tələb ediblər. Qeyd edək ki, Fransa naziri Yeni Kaledoniyada baş verənlərə görə Azərbaycanın ünvanına absurd iddialar səsləndirib. Fransanın daxili işlər naziri Jerar Darmanin Azərbaycanı Yeni Kaledoniyada iğtişaşlara “müdaxilə etməkdə” ittiham edib. Daxili işlər naziri müstəqilik tərəfdarlarının guya Azərbaycanla hansısa “sövdələşməyə” getdiyini də iddia edib. Baş verənlərin fonunda fransalı nazir Kanak xalqının milli azadlıq, müstəqillik hərəkatı ilə bağlı absurd iddialar səsləndirməklə, əslində, ölkəsinin müstəmləkəçilik mahiyyətini ortaya qoyub. Yeni Kaledoniyada insanlar öz haqlarını tələb edir, bunun uğrunda mübarizə aparırlar. Fransa isə onların haqlı tələbini yerinə yetirmək, müstəmləkə siyasətindən əl çəkmək əvəzinə, günahı Azərbaycanın üstünə atmağa çalışır. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransa tərəfinin Azərbaycana qarşı təhqiramiz ifadələrini bir daha qətiyyətlə pisləyib. XİN rəsmisi ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməz ittihamlarla Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını dayandırmağı tələb edib: "Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha münasib olardı. Bununla yanaşı, Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazları dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir. Biz bir daha Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa çağırırıq”.
  Rəsmi Paris addımını adada kütləvi iğtişaşlardan dolayı ictimai asayişin bərpası zərurəti ilə izah edib. Halbuki Yeni Kaledoniyada iğtişaşların fitilini elə Fransa hakimiyyəti özü yandırıb. Paris Yeni Kaledoniyanın aborigen sakinləri olan kanakların sayını nəzarətdə saxlamaq və onların ada dövlətində mütləq çoxluq olmasını önləmək üçün Konstitusiya dəyişikliyinə gedir. Dəyişikliyə əsasən, Yeni Kaledoniyada 10 ildən artıq yaşayan hər kəsə yerli seçkilərdə səsvermə hüququ verilir. Bu isə 1998-ci ildə Fransa hakimiyyəti və Yeni Kaledoniyanın yerli hökuməti arasında imzalanmış razılaşmanın pozulması deməkdir. Çünki həmin razılaşmaya əsasən, səsvermə siyahısına həmin razılaşma qüvvəyə minən ana qədər arxipelaqda yaşayan sakinlər və onların övladları daxil edilmişdi. Dəyişiklik adaya son illərdə Fransadan köçən və Yeni Kaledoniya sakinlərinin 20 faizini təşkil edən yeni sakinlərə də səsvermə hüququ vermiş olur. Rəsmi Paris bu addımı atmaqla adada hər il daha da azalan fransız əhalinin sayını artırmağa, onlardan “beşinci kolon” kimi istifadə etməyə və aborigen kanakların müstəqillik istəyini sıfırlamağa çalışır. Çünki Makron hakimiyyəti hazırda Yeni Kaledoniyada əhalinin 41 faizini təşkil edən və ildən-ilə ümumi əhali sayında çəkisi artan kanakları nüfuzlu azlıq kimi saxlamaqda maraqlıdır. Məhz buna görə onlar Konstitusiya dəyişikliyinə gedib, kanakların haqlı etirazlarına qarşı güc tətbiq edirlər. Kanaklar yeni dəyişikliklə adanın gələcəyinin onların əlindən alınacağını, seçici elektoratının fransızların xeyrinə dəyişəcəyini bilirlər və buna etiraz edirlər.
  Azərbaycan Demokratiya və İnsan Hüquqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Sherg.az"a açıqlamasında bildirib ki, Yeni Kaledoniya xalqının müstəqillik arzularının boğulması Fransanın və Avropanın demokratiya və insan haqlarına ikili standartlardan yanaşdığını göstərir. Ekspertin sözlərinə görə, Fransa dünyaya demokratiya, insan haqları dərsi keçməyə çalışsa da, özünün törətdiyi ən böyük insan haqları pozuntularını görməzdən gəlir, gizlətməyə çalışır: 

"Fransa dünyaya yalan məlumat yaymaqla etnik azlıqlara, siyasi-dini azlıqlara qarşı dözümsüz olduğunu göstərir. Azərbaycan isə hər zaman bu məsələdə açıq və ədalətli mövqeyi ilə seçilir. Bəlkə də yeganə ölkəyik ki, Fransanın qanun pozuntularına qarşı aşkar səsimizi ucaldırıq. Bakı artıq Yeni Kaledoniyanın ümid yerinə, tribunasına çevrilib. Fransa dövlətindən zülm görən Yeni kaledoniyalı və Afrika mənşəli xalqların nümayəndələri Azərbaycana gəlirlər. Bakı həmrəylik, dayanışma nöqtəsinə çevrilib. Təbii ki, bu, Parisi narahat etməyə bilməz. Paris Azərbaycanı özünə rəqib görməkdədir".
  Hüquq müdafiəçisi bəyan edib ki, uzun illər öncə Azərbaycan terrorizmdən, işğaldan, separatizmdən əziyyət çəkərkən Fransa Qarabağda mövcud olmuş separatçı rejimə açıq dəstək verirdi: "Amma bu gün Fransa Azərbaycanı separatçılıqda ittiham edir. Təbii ki, bu, qərəzin və ikili standartların bariz nümunəsidir. Azərbaycan dövləti, Azərbaycan xalqı Yeni Kaledoniya xalqının azadlıq mübarizəsinə dəstək verir. Burada həm etnik azlıqlara, onların hüquqlarına dəstək var, həm də Fransanın işğalçı və müstəmləkəçi siyasətinin ifşa olunması var. Bu müqəddəs missiyanı məhz Azərbaycan öz üzərinə götürüb. Hüquq müdafiəçisi kimi beynəlxalq platformalarda çox oluruq və Fransanın Azərbaycana qarşı kinini, nifrətini görürük. Hətta Ermənistan nümayəndələri belə Azərbaycana əvvəlki kimi nifrət və kinlə baxmırlar. Çünki gündəmdə sülh danışıqları, sərhədlərin delimitasiyası var. Bu gün yeni düşmən obrazı peyda olub. Fransa Azərbaycana qarşı açıq şəkildə düşmənçilik edir. Paris Azərbaycanın güclənməsini, Fransaya etiraz səsinin yüksəlməsində Bakının artan rolunu həzm edə bilmir. Bakı artıq Fransa əleyhinə etirazların beynəlxalq platformasına çevrilib".