Fitsonun çıxışları Aİ-ni qəzəbləndirib

Sui-qəsdin pərdə arxasında Avropa İttifaqındakı bəzi dairələrin dayanmasına dair şübhələr var

  Slovakiyanın Baş naziri Robert Fitsoya hücum siyasi səbəblərlə həyata keçirilib. Bunu Slovakiyanın daxili işlər naziri Matuş Şutay Eştok deyib. O bildirib ki, ölkə vətəndaş müharibəsi astanasındadır. Sui-qəsdə məruz qalan və ağır yaralanan Slovakiyanın Baş naziri Robert Fitso təxminən bir ay əvvəl hökumət üzvlərinə hücumların olacağını deyib. Aprelin 10-da o, feysbuk sosial şəbəkə hesabında bəyanat yayaraq, müxalifəti və onlara sadiq KİV-i hakimiyyətə qarşı nifrət təbliğinə görə qınayıb: "Hökumət siyasətçiləri küçələrdə ədəbsizcəsinə təhqir olunur. “Denník N”, “Sme” və ya “Aktuality” tərəfindən bütün bunların dərin şəkildə işıqlandırılması sonda aparıcı hökumət siyasətçilərindən birinin qətlinə gətirib çıxaracaq. Mən bunları bir qram belə şişirtmirəm". Fitso müxalifət tərəfdarlarını fundamental dəyər və etika məsələlərinə qəzəb, nifrət və anormallıq səpməkdə, həmçinin özlərini ağılsız kimi aparmaqda ittiham edib. Slovakiya Baş naziri Robert Fitsoya atəş açan 71 yaşlı yazıçı Yuray Çintula dindirilib. O, ilkin dindirilməsində hökumətin siyasəti ilə razılaşmadığı üçün baş naziri güllələdiyini bildirib. NATO Baş katibi Yens Stoltenberq də deyib ki, Slovakiya Baş naziri Robert Fitsonun həyatına sui-qəsd cəhdi demokratiyanın bütün ideallarını pozur və qətiyyən qəbuledilməzdir: “İcazə verin, Baş nazir Robert Fitoya sui-qəsddən sonra Slovakiya ilə həmrəyliyimi ifadə edim. Mən onunla 20 ilə yaxın işləmişəm, biz bu sui-qəsd cəhdindən şoka düşürük və dəhşətə gəlirik. Bu, istənilən demokratiya ideallarını pozur. Razı olmaya bilərik, fərqli fikirlərimiz ola bilər, amma bu cür zorakılıqlar tamamilə qəbuledilməzdir”. Müxalifətdəki Tərəqqiçi Slovakiya Partiyasının üzvləri Fitsonu güllələyən yazıçı ilə bağlı iddialara cavab veriblər. Onlar Baş nazir Roberto Fitsoya sui-qəsd cəhdində şübhəli bilinən müxalif yazıçı Yuray Çintulanın hərəkatın üzvü olmasını qəti şəkildə inkar ediblər: “Onun hərəkatımızın üzvü olmasını qəti şəkildə inkar edirik. Həmçinin partiyamız ilə də heç bir əlaqəsi yoxdur. Onun iyrənc hərəkətini qətiyyətlə pisləyirik”.
  Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, sui-qəsdin diqqətçəkən tərəfi Robert Fitsonun Azərbaycana səfərindən dərhal sonra baş verməsidir. Ekspert xatırladıb ki, mayın 7-də Azərbaycana səfər edərək Prezident İlham Əliyevlə geniş müzakirələr aparan Slovakiyanın Baş naziri ölkəsində sui-qəsdə məruz qalır.
  Fitsonun səfəri zamanı iki ölkə arasında birdən çox sənəd imzalandı: 

"Lakin diqqətçəkən əsas məqam Slovakiya baş nazirinin üzvü olduğu Avropa İttifaqını Bakıdan tənqid etməsi idi. Birincisi, Robert Fitso Prezident İlham Əliyevlə mətbuata birgə bəyanat zamanı demişdi: “Avropa İttifaqının üzvü olan ölkənin nümayəndəsi kimi deyə bilərəm ki, Avropa İttifaqı ara-sıra digərlərinə təlimat verməyi xoşlayır. Mən isə siyasi təcrübəmdə heç vaxt heç bir ölkənin daxili işlərinə qarışmamağa üstünlük verirəm”. İkincisi, Robert Fitso Avropa İttifaqındakı bəzi dairələrin (ehtimal ki, Fransanı nəzərdə tutur) Azərbaycanla əlaqələri nəzərə almamasını kəskin tənqid etmişdi. Üçüncüsü, baş nazirin səfəri çərçivəsində iki dövlət arasında “Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalandı. “Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəkləmişəm. Cənab Prezidentlə bəzi layihələri müzakirə etdik. Texnologiya Slovakiyadan və maliyyə Azərbaycandan olacaq. İstehsal ediləcək silahlar ya ixrac olunacaq, ya da Azərbaycanda qalacaq. Bildiyimiz kimi, Ukraynadakı müharibə parametrləri tamamilə dəyişib. Hazırda silahlarla bağlı ciddi çatışmazlıq var. Bunu edə bilsək, hər iki ölkə üçün faydalı olacağını düşünürəm” - Fitso demişdi".
  Ekspert vurğulayıb ki, Slovakiya Avropa İttifaqının və NATO-nun üzvüdür: "Ölkə bu iki təşkilatda təmsil olunur. Fitsonun bəyanatı isə onu deməyə əsas verir ki, o, Aİ-nin Slovakiya və digər ölkələrin daxili işlərinə müdaxilə etməsindən narahatdır. İttifaqın xüsusilə Ukrayna ilə bağlı mövqeyi Slovakiyanı ciddi narahat edir. Misal üçün, Qərbi tənqid edən R.Fitso Üçüncü Dünya müharibəsinin başlaya biləcəyini əsas göstərərək Ukraynanın NATO-ya daxil olması fikrinə qarşı çıxıb. Aİ və NATO-nu “sülh” sözünü işlətmədiyinə və daim müharibədən bəhs etdiyinə görə tənqid edib. Ümumiyyətlə, Slovakiya öz təhlükəsizliyini düşünür və ölkə maraqlarına zidd olacaq addımlardan geri durur. Rusiyaya qarşı sanksiyalara səs verməkdən imtina etməsə də, proseslərin Slovakiyaya təsirləri ciddi hesablanır.
  Görünür, Fitsonun həm Ukrayna ilə bağlı ardıcıl çıxışları, həm də Bakıdan dedikləri Aİ-ni bərk qəzəbləndirib. Sui-qəsdin pərdə arxasında Fitsonun qeyd etdiyi, Avropa İttifaqındakı bəzi dairələrin dayanmasına dair şübhələr var. Daha dəqiq desək, sui-qəsdin sifarişçisi Fransa, icraçısı isə bu ölkənin Xarici Təhlükəsizlik Baş İdarəsi (DGSE) ola bilər!".