Qoşunlar hazırda dayandığı mövqelərdə qalacaq
Azərbaycan demarkasiya prosesini bu dəfə tətbiq edilən formatda, bu alqoritmlə davam etdirməyə meyillidir. Bunu Ermənistan hökumətinin mayın 16-da keçirilən iclasında Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan deyib. Öz növbəsində, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, yaxın 8-10 gün ərzində qəbul edilmiş qərarların icrası məsələsi həll edilməlidir: “Artıq 10 gündür ki, Ermənistan Respublikasının sərhəd qoşunları Bağanis-Voskepar bölməsində xidmət edir. Yəni sərhəd dirəkləri quraşdırılan andan sərhəd qoşunları yeridilib. Hazırda ərazi daimi xidmət üçün öyrənilir. Bu proses digər sahələrdə də baş verəcək”.
Politoloq Asif Nərimanlı deyib ki, Azərbaycan və Ermənistan arasında 19 aprel razılaşmasına uyğun olaraq, mayın 15-də sərhədin Qazax-Tavuş istiqamətinin demarkasiya edilməsi ilə bağlı protokol imzalanıb. Ekspert vurğulayıb ki, demarkasiya razılaşması nəticəsində təkcə Qazaxın 4 kəndi azad edilmədi. Həm də Ermənistanı Gürcüstanla birləşdirən magistral yolun bu istiqamətdəki hissəsi Azərbaycanın nəzarətinə keçir:
"Bunu Paşinyanın ofisi də təsdiq edib. Əsas problemli məsələ Tavuşun Kirants kəndi ilə bağlıdır. Burada demarkasiya koordinatları razılaşdırılıb, lakin praktik işlər hələ aparılmır. Çünki kənddə müəyyən evlər Azərbaycan sərhədinə daxildir. Ermənistan hakimiyyəti oradakı erməniləri köçürdükdən sonra Azərbaycan sərhədçiləri həmin istiqamətdə də yerləşəcək. Razılaşmada əsas məqam demarkasiyanın “SSRİ SQ Baş Qərargahının 1979-cu ildə növbətçilik prosedurunu keçmiş 1976-cı il tarixli topoqrafik xəritəsinə” uyğun aparılmasıdır. Bu, SSRİ dağılana qədər mövcud olan sonuncu xəritədir və 1976-cı ildə hazırlanıb. 1979-cu ildə bu xəritə təsdiq edilib və ittifaq dağılana qədər qüvvədə olub. Ermənistan bununla sərhədin Qazax-Tavuş istiqamətində demarkasiyanın SSRİ dağılanda mövcud olan xətlər üzrə müəyyənləşməsinə nail oldu. Bu prinsipin sərhədin digər hissələrinin müəyyənləşməsində də əsas götürələcəyini üstünlük hesab edirlər. Hərçənd sərhədin digər hissələrinin müəyyənləşməsində Azərbaycan 1976-79-cu il xəritəsini qəbul etməyəcək. Bu həm qoşunların geri çəkilməsi, həm də SSRİ dövründə ermənilərə verilən ərazilərimiz üzərində Ermənistanın legitimliyinin qəbul edilməsi deməkdir. 19 aprel razılaşması da Azərbaycana sülh sazişində başqa prinsiplər irəli sürməyə imkan verir".
Analitikə görə, bu, minimum sərhədin qarış-qarış müəyyənləşməsi prinsipi ola bilər: "Belə olan halda qoşunlar hazırda dayandığı mövqelərdə qalacaq və sərhəd xəttində Azərbaycanın strateji üstünlüyü qorunacaq. Lakin Bakının SSRİ dövrünün 1976-cı ildən öncəki xəritələrini irəli sürəcəyi ehtimalı daha böyükdür. Buna təkcə 19 aprel razılaşması imkan vermir, Qazax-Tavuş istiqamətində 1976-79-cu il xəritəsinin əsas götürülməsi də, əslində, “xəritələr məsələsi” ilə bağlı presedent yaradır və Azərbaycan bu presedentdən istifadə edə bilər".