"Siyasi partiyalarla bir neçə dövlət qurumunun təmsilçilərinin görüşü, gözəl və sərbəst müzakirə mühiti yaradıldı"
"2019-cu ildə yaradıldığı vaxtdan indiyədək ölkədə milli və siyasi həmrəyliyin yaradılması istiqamətində sistemli fəaliyyətə başlayan Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi daha bir nəcib təşəbbüsə, həm də Azərbaycanın müstəqillik tarixində növbəti ilkə imza atıb".
"Sherg.az" xəbər verir ki, bu barədə Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü deyib.
Partiya təmsilçisi qeyd edib ki, mayın 16-da dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyalarla bir neçə dövlət qurumunun - Ədliyyə və Maliyyə nazirliklərinin, Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının və Hesablama Palatasının təmsilçilərinin birgə görüşünü təşkil edərək, gözəl və sərbəst müzakirə mühiti yaradıb:
"Tədbir 16 dekabr 2022-ci ildə qəbul olunan yeni “Siyasi partiyalar haqqında” qanunun tətbiqində ortaya çıxan məsələlərin müzakirəsi üçün təşkil edilsə də, demək olar, çıxış edən partiya təmsilçiləri yüksək ədəb və əxlaq çərçivəsində həm iqtidar-müxalifət münasibətləri, həm də ölkənin siyasi gələcəyini birgə inşa etmək yolları barədə kifayət qədər aydın və dolğun, əhatəli, əsaslandırılmış təkliflər, mövqelər səsləndirdilər... Vaxt var idi, Azərbaycandakı partiyaları yalnız xarici ölkə səfirlikləri bir araya toplayır, onlar müəyyənləşdirirdilər ki, bu ölkədə kim müxalifətdir, kim yox; hansı problemlərə hansı baxış, mövqe hakim olmalıdır...
Şükür ki, siyasi partiyaların yolunu, taktikasını, siyasi mövqe və baxışlarını başqa ölkələrin səfirliklərinin müəyyənləşdiridiyi o rüsvayçı dönəm artıq arxada qalıb. İndi biz özümüz öz Dövlətimizin təşkilatçılığı ilə öz dövlətimizin - evimizin problemlərini eyni masa arxasında rahatca əyləşib, birlikdə, tutaşmadan, dalaşmadan, yüksək siyasi mədəniyyət çərçivəsində, deyə-gülə müzakirə edirik...".
E.Şükürlü vurğulayıb ki, tədbirdə diqqətini xüsusilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri professor Ədalət Vəliyevin həm giriş nitqi, həm də tədbirin sonunda partiya sədrlərinin təkliflərinə cavab reaksiyasında olduqca açıq, səmimi, dərin məzmunlu və cəsarətli fikirləri çəkib:
"Azərbaycandakı partiyaların real siyasi mənzərəsini konkret faktlarla, rəqəmlərlə ortaya qoyan, yaxşı bir statistika təqdim edən və ölkədə milli birlik yaradılması təşəbbüsünün də birbaşa Prezident İlham Əliyevdən gəldiyini deyən Ədalət müəllimin çıxışından o da aydın oldu ki, 44 günlük Qarabağ savaşı dönəmində siyasi partiyaların vahid mövqe göstərərək, hakimiyyəti müdafiə etməsi ən çox Qərb ölkələrinin Bakıdakı səfirliklərini narahat edib. Onlar iqtidarla müxalifətin birgə bəyanatlarından sonra tələm-tələsik Administrasiya rəsmiləriylə görüşərək, məhz bu məsələyə necə nail olduqlarının səbəblərini araşdırmağa çalışıblar. Bəli, biz həmişə demişik ki, ölkənin içərisində milli və siyasi həmrəyliyə nail olarıqsa, qarşımızı kəsən, inkişafımıza mane olan bütün maneələri, sədləri də daha tez aşar. Arzuladığımız azad, ədalətli və firavan Azərbaycanı birlikdə daha tez qura bilərik! Ən azı, 2020-ci ilin 44 günlük Vətən Savaşı və 200 illik erməni separatizminin kökünü torpaqlarımızdan birdəfəlik kəsdiyimiz 2023-cü ilin antiterror əməliyyatları bir daha o gerçəyi ortaya qoydu ki, biz yalnız birlikdə güclü, yenilməz və qalibik!".