“İndi biz öz dövlətimizin - evimizin problemlərini eyni masa arxasında rahatca əyləşib, birlikdə müzakirə edirik..."
Mayın 16-da siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş təşkil olunub. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev siyasi partiyaların cəmiyyətdə artan rolunu ölkəmizdə formalaşmaqda olan yeni siyasi konfiqurasiyanın əsas elementlərindən biri kimi xüsusi vurğulayaraq təşkil olunmuş görüşün, həmçinin siyasi partiyaların mövcud potensialının dövlət siyasətinin və ictimai münasibətlərin daha da inkişafına yönəldilməsi imkanlarının genişləndirilməsinə xidmət etdiyini bildirib. Ə.Vəliyev sağlam əməkdaşlığın, milli həmrəyliyin sabitliyi və dayanıqlı inkişafı təmin edən amillərdən olduğunu diqqətə çatdırıb. Sonra tədbirdə müxtəlif dövlət orqanlarının nümayəndələri çıxış ediblər. Daha sonra siyasi partiyaların nümayəndələri çıxış edərək müzakirə olunan mövzulara münasibətlərini bildiriblər. Cəmiyyəti narahat edən məsələlərin daha təkmil həlli yollarının müəyyənləşdirilməsində siyasi partiyaların mühüm rol oynaya biləcəyi nəzərə çatdırılıb. Milli maraqlar və milli birliyin qorunması naminə ölkənin bütün vətənpərvər və intellektual qüvvələrinin səfərbər olmasının vacibliyi, habelə mövcud dialoq mühitinin qorunub saxlanılmasının əhəmiyyəti vurğulanıb. Tədbir dövlət orqanlarının təmsilçiləri tərəfindən siyasi partiya nümayəndələrinin çoxsaylı suallarının cavablandırılması və müzakirələrlə davam edib. İştirakçılar bu qəbildən olan tədbirlərin mütəmadi təşkilinin və hər bir siyasi qüvvənin belə təşəbbüslərdə fəal iştirak etməsinin faydalı olacağını diqqətə çatdırıblar.
Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev "Şərq"ə bildirib ki, dövlət orqanları ilə siyasi partiyalar arasında keçirilən bu cür görüşlər faydalı və əhəmiyyətlidir. Deputat vurğulayıb ki, bu cür görüşlər ciddi şəkildə siyasi partiyalar arasında müəyyən təlimatlılıq yaranmasına, məlumatlığın artmasına səbəb olur: "Görüşü Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi təşkil etmişdi. Müzakirələrdə Milli Məclisin, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin nümayəndələri də iştirak edirdilər. Belə görüşlərdə qanunvericiliklə bağlı aydınlıq gətirilir, maariflənmə işi aparılır. Müxtəlif dövlət orqanlarının siyasi partiyalara baxışları, tələb və gözləntiləri öyrənilir. Çox ciddi hadisə idi. Təqribən 80-ə yaxın iştirakçı var idi. Normal görüş alındı. Dövlət orqanlarının təmsilçiləri məsələlərdə çox ciddi məqamlara toxundular. Siyasi partiyalar üçün bu görüş seminar xarakterli oldu. Ümid edirəm ki, siyasi partiyaların maliyyə məsələləri ilə məşğul olan şəxsləri təlimatları ciddi dəyərləndirəcəklər və partiyada tətbiq edəcəklər. Bu da şəffaf hesabatlılıq mühiti yaradacaq. Görüş həm də seçki öncə dövlət qurumları ilə siyasi partiyalar arasında konstruktiv dialoqun aparılması üçün yaradılan şərait idi.
Siyasi partiya təmsilçiləri verdikləri bütün suallara cavab aldılar. Həm də cəmiyyətə, dünyaya mesaj verildi ki, Azərbaycan iqtidarı ilə müxalifət arasında konstruktiv dialoq var. Müxtəlif məsələləri dəyirmi masa arxasında müzakirə edib, razılığa gələ bilirlər. Azərbaycan siyasi mədəniyyət nümunəsi ortaya qoydu. Hər zaman arzu edirdik ki, Azərbaycanda siyasi mədəniyyət formalaşsın. İndi həmin siyasi mədəniyyətin cücərtilərini, hətta yarpaqlamasını görürük. Belə tədbirlərin tez-tez keçirilməsi vacibdir".
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının sədri Gülağa Aslanlı da "Sherg.az"a açıqlamasında deyib ki, siyasi partiyalarla dövlət orqanlarının əməkdaşlığı normal haldır. Onun sözlərinə görə, bu görüşlərdə müzakirəyə çıxarılan məsələlər daha önəmlidir:
"Mayın 16-da keçirilən görüş ilk təşəbbüs idi. Orada səsləndirilən təkliflərin dövlət orqanlarında müzakirəsindən sonra alınan qərarlardan asılı olaraq sonrakı addımların necə olacağı barədə siyasi partiyalar özləri qərar verməli olacaqlar. Siyasi məhbusların azad edilməsi, proporsional seçki sisteminin tətbiq edilməsi, Məhəmməd Əmin Rəsulzadənin Bakı şəhərində abidəsinin qoyulması, onun adının Bakı Dövlət Universitetinə qaytarılması, məcburi köçkünlərin əmlak və pay torpaqları hüququnun tanınması, Seçki Qanunveriliciyinin təkmilləşdirilməsi, seçki komissiyalarının formalaşdırılmasının təkmilləşdirilməsi və bir sıra təkliflərin müzakirəsinin müsbət nəticələr verəcəyini gözləyirik".
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə belə bir görüşün təşkil edilməsini təqdirəlayiq hal sayıb. Partiya rəhbəri deyib ki, Prezident Administrasiyasının müvafiq şöbəsində siyasi partiyalarla bir neçə görüş baş tutub. Amma ilk dəfə idi ki, dövlət orqanlarının iştirakı ilə partiyaların görüşü keçirilirdi:
"Qurumların təmsilçiləri "Siyasi partiyalar haqqında" qanun layihəsi barədə çıxışlar etdilər, qanun çərçivəsində görülən işlərdən danışdılar. Bütün partiya rəhbərlərinin çıxış etməsinə imkan yaradıldı. Müxtəlif təkliflər verildi. Qeyd olundu ki, bu cür görüşlərin davamlı olması, çoxsaylı məsələlər barədə müzakirələrin aparılması vacibdir. AMİP ölkədaxili müxtəlif məsələlərin bir masa arxasında müzakirəsində hər zaman maraqlı olub. Bundan sonra müxtəlif mövzularla bağlı bu cür görüşlərin təşkil olunacağı deyildi".
Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü də diqqətə çatdırıb ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi daha bir nəcib təşəbbüsə, həm də Azərbaycanın müstəqillik tarixində növbəti ilkə imza atıb. Partiya təmsilçisi qeyd edib ki, gözəl və sərbəst müzakirə mühiti yaradılmışdı:
"Tədbir 16 dekabr 2022-ci ildə qəbul olunan yeni “Siyasi partiyalar haqqında” qanunun tətbiqində ortaya çıxan məsələlərin müzakirəsi üçün təşkil edilsə də, demək olar, çıxış edən partiya təmsilçiləri yüksək ədəb və əxlaq çərçivəsində həm iqtidar-müxalifət münasibətləri, həm də ölkənin siyasi gələcəyini birgə inşa etmək yolları barədə kifayət qədər aydın və dolğun, əhatəli, əsaslandırılmış təkliflər, mövqelər səsləndirdilər. Vaxt var idi, Azərbaycandakı partiyaları yalnız xarici ölkə səfirlikləri bir araya toplayırdı. Onlar müəyyənləşdirirdilər ki, bu ölkədə kim müxalifətdir, kim yox, hansı problemlərə hansı baxış, mövqe hakim olmalıdır. Şükür ki, siyasi partiyaların yolunu, taktikasını, siyasi mövqe və baxışlarını başqa ölkələrin səfirliklərinin müəyyənləşdirdiyi o rüsvayçı dönəm artıq arxada qalıb. İndi biz özümüz öz dövlətimizin təşkilatçılığı ilə öz dövlətimizin - evimizin problemlərini eyni masa arxasında rahatca əyləşib, birlikdə, tutaşmadan, dalaşmadan, yüksək siyasi mədəniyyət çərçivəsində, deyə-deyə, gülə-gülə müzakirə edirik...".
E.Şükürlü vurğulayıb ki, tədbirdə diqqətini xüsusilə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri professor Ədalət Vəliyevin həm giriş nitqi, həm də tədbirin sonunda partiya sədrlərinin təkliflərinə cavab reaksiyasında olduqca açıq, səmimi, dərin məzmunlu və cəsarətli fikirləri çəkib:
"Azərbaycandakı partiyaların real siyasi mənzərəsini konkret faktlarla, rəqəmlərlə ortaya qoyan, yaxşı bir statistika təqdim edən və ölkədə milli birlik yaradılması təşəbbüsünün də birbaşa Prezident İlham Əliyevdən gəldiyini deyən Ədalət müəllimin çıxışından o da aydın oldu ki, 44 günlük Qarabağ savaşı dönəmində siyasi partiyaların vahid mövqe göstərərək, hakimiyyəti müdafiə etməsi ən çox Qərb ölkələrinin Bakıdakı səfirliklərini narahat edib. Onlar iqtidarla müxalifətin birgə bəyanatlarından sonra tələm-tələsik Administrasiya rəsmiləriylə görüşərək, məhz bu məsələyə necə nail olduqlarının səbəblərini araşdırmağa çalışıblar. Bəli, biz həmişə demişik ki, ölkənin içərisində milli və siyasi həmrəyliyə nail olarıqsa, qarşımızı kəsən, inkişafımıza mane olan bütün maneələri, sədləri də daha tez aşar. Arzuladığımız azad, ədalətli və firavan Azərbaycanı birlikdə daha tez qura bilərik! Ən azı, 2020-ci ilin 44 günlük Vətən savaşı və 200 illik erməni separatizminin kökünü torpaqlarımızdan birdəfəlik kəsdiyimiz 2023-cü ilin antiterror əməliyyatları bir daha o gerçəyi ortaya qoydu ki, biz yalnız birlikdə güclü, yenilməz və qalibik!".