Lukaşenko Qarabağda: Belarus lideri erməni vandalizmini öz gözləri ilə gördü

 Belarus şirkətləri işğaldan azad olunmuş ərazilərin bərpa olunması prosesinə fəal qoşulacaq
 

 Dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Yeni münaqişələr, yeni qeyri-sabitlik ocaqları yaranır. Bu barədə Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenko ilə mətbuata bəyanatında bildirib. Mövcud münaqişələrin bir qayda olaraq öz həllini tapmadığını vurğulayan dövlət başçısı Cənubi Qafqazda Azərbaycanın beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə hərbi-siyasi yolla həll etdiyi münaqişənin istisna olduğunu diqqətə çatdırıb: "Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız". Aleksandr Lukaşenko da vurğulayıb ki, kənd təsərrüfatında cins mal-qara, süd məhsulları, iribuynuzlu mal-qara ətinə tələbatı tam təmin etmək üçün Azərbaycana tədarüklə bağlı böyük proqramları var: "Biz bu mal-qaranı sizə tədarük edəcəyik. Bundan başqa, Sizin azad etdiyiniz ərazilərdə xüsusən aqrar torpaqlarda Belarus təcrübəsi üzrə aqroşəhərciklər və bütün infrastrukturu yaratmağa, iş yerləri açmağa, yəni komplekslər tikməyə, həmçinin fermer təsərrüfatları yaratmağa hazırıq".
 Azərbaycanda səfərdə olan Belarus Prezidenti Aleksandr Lukaşenko dövlət başçısı İlham Əliyevlə birlikdə Füzuli və Şuşada olublar. Liderlər həm erməni vəhşiliyinin izlərinə, həmçinin yüksək quruculuq-bərpa işlərinə şahidlik ediblər. Öncə prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar. Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Belarus Prezidenti Aleksandr Lukaşenkoya işğalçı Ermənistanın 30 il ərzində Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə məlumat verib. Qeyd edilib ki, tikiləcək Füzuli Memorial Kompleksində dağıdılmış binaların xarabalıqları olduğu kimi qorunub saxlanılacaq. Kompleksdə İşğal və Zəfər muzeyləri yaradılacaq. Sonra dövlət başçılarına Füzulinin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, Baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Müasir standartlara və memarlıq xüsusiyyətlərinə uyğun inşa ediləcək Füzuli işğaldan azad edilmiş ərazilərdə ən böyük şəhərlərdən biri olacaq. Füzuli şəhərinin dayanıqlı inkişafına, sakinlərin və sahibkarların rifahına töhfə verəcək rəqəmsal həllərdən istifadə etməklə, ənənəvi şəbəkə və xidmətlərin daha səmərəli olmasının təmin edilməsi məqsədilə hazırlanmış “Ağıllı şəhər” konsepsiyası irəli sürülüb. Şəhərdə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonalar yaradılacaq. Burada şəhərsalmanın bütün müasir tələblərinə cavab verəcək üç yaşayış kompleksi inşa olunur. Komplekslərdə ümumilikdə 2462 mənzil olacaq. Baş plana əsasən, təxminən 22,5 hektar ərazidə Mərkəzi park yaradılacaq. Parkda istirahət zonaları, botanika bağı, sıx meşə zonası, piknik və idman meydançaları, “Poeziya” meydanı, amfiteatr, kafe-restoranlar və s. fəaliyyət göstərəcək. Burada müayinə və müalicənin yüksək səviyyədə aparılması üçün ən müasir tibbi avadanlıqla təchiz ediləcək 180 çarpayılıq Füzuli Rayon Mərkəzi Xəstəxanası inşa olunacaq. Həmçinin bildirilib ki, 2021-ci ilin oktyabrında təməli qoyulan və inşası sürətlə davam edən Ağdam-Füzuli avtomobil yolu Qarabağ iqtisadi rayonu ərazisində icra olunan, işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrdən biri sayılır. Bərdə-Ağdam avtomobil magistralının davamı olan bu yolun uzunluğu 64,8 kilometrdir. Prezidentlər Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Həmçinin liderlər Şuşada Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara nəzər yetiriblər. O cümlədən Şuşada birinci yaşayış kompleksində olublar. Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar. Bülbülün ev-muzeyində və Cıdır düzündə olublar.
 Belarusun memarlıq və tikinti naziri Ruslan Parxamoviç Şuşada jurnalistlərə açıqlamasında məlumat verib ki, Belarus Qarabağda 420 ailə üçün yaşayış məntəqəsi salmağı planlaşdırır. O vurğulayıb ki, Belarus və Azərbaycan tikinti sektorunda bir neçə ildir əməkdaşlıq edir: “Amma indiyədək əsas diqqət şəhərsalma və layihə sənədlərinin işlənib hazırlanmasına, normativ baza və texnologiyaların mübadiləsinə yönəlib. İndi biz yeni ciddi addımla bağlı razılığa gəldik. Konkret yaşayış məntəqəsini, daha doğrusu, kənd təsərrüfatı şəhərciyi kimi yaşayış məntəqəsinin salınmasını planlaşdırdıq. Kənd Təsərrüfatı Nazirliyindən olan həmkarlarımızla birgə işləyəcəyik, çünki burada insanları təkcə rahat mənzillə deyil, həm də iş yerləri ilə təmin etmək çox vacibdir”.

 Politoloq Əlisahib Hüseynov "Sherg.az"a açıqlamasında bildirib ki, Belarus Azərbaycana qarşı səmimi dostluq münasibətləri sərgiləyən ən yaxın müttəfiq dövlətlərdən biridir. Onun sözlərinə görə, Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə səfəri və bu səfər çərçivəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə bağlı mühüm sənədlərin imzalanması dostluğumuzun gerçək təzahürləridir: 
"Prezident İlham Əliyev ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığın mövcud olduğunu qeyd etdi. Bildirdi ki, bu münasibətlər zamanın sınağından çıxıb, ona görə də Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur. Etibarlı dostluq isə heç şübhəsiz ki, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür. Aparılan danışıqların səmərəliliyi və münasibətlərin dinamik inkişaf etməsi barədə danışan dövlətimizin başçısı vurğuladı ki, gündəlikdə olan məsələlər kifayət qədər konkret xarakter daşıyır və əməkdaşlıq əlaqələri ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktik əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir. İlk növbədə isə maşınqayırma sənayesində, hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda və s. sahələrdə əlaqələrin inkişafı məsələləri nəzərdə tutulur. Bu əlaqələr sıx əməkdaşlığımızın gələcəyi üçün də etibarlı zəmin yaradır. Bu baxımdan gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görə biləcəyik".

 Analitik qeyd edib ki, Belarus şirkətlərinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməsi nəzərdə tutulub: 
"Liderlərin Füzuli şəhərinin dağıdılmış yerlərinə baxması Belarus şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpa olunması prosesinə fəal qoşulmasına təkan verəcək. Bu baxımdan Ermənistanın işğalçı siyasətinin acı nəticələrini əyani surətdə görən Lukaşenkonun Əliyevə işğaldan azad edilmiş ərazilərin bərpasında köməklik təklif etməsi heç də təsadüfi deyil. Qazaxıstan, Özbəkistan və Qırğızıstanın ardınca Belarusun da bu təşəbbüsə qoşulması və azad edilmiş ərazilərdə bərpa üçün yer istəməsi gerçəkdən də alqışalayiq addımdır".

 Ekspert vurğulayıb ki, ölkəmizin bölgədə və dünyadakı proseslərdə yerini və rolunu düzgün qiymətləndirənlər Azərbaycanla əməkdaşlığa xüsusi önəm verirlər:
 "Lukaşenkonun Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatında səsləndirdiyi bir fikir də bunun əyani təsdiqidir. Belarus lideri Azərbaycanın bütün Qafqaz regionunun lider dövləti olduğunu və İlham Əliyevin də bütün Qafqazı nəzarətdə saxlamağa qadir olduğunu xüsusi olaraq vurğuladı: “Burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz - Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız”. Lukaşenkonun ölkəmizə və dövlətimizin başçısının daşıdığı missiyaya verdiyi belə bir yüksək qiymət dünyada və regionda gedən prosesləri doğru-düzgün təhlil etməyin, region ölkələrindən və liderlərindən kimin hansı potensiala malik olduğunu riyazi dəqiqliklə hesablaya bilməyin nəticəsidir. Bəli, Qafqazın gələcək taleyinin xaos və dağıdıcı müharibələrdən sığortalanması və bölgədə dayanıqlı sülhün bərqərar olması böyük ölçüdə məhz Azərbaycandan və onun Liderindən asılıdır. Zaman Azərbaycanı və İlham Əliyevi seçib".