Kanaklar Fransa zülmünə, müstəmləkə siyasətinə qarşı ayağa qalxıb
Yeni Kaledoniyada baş verən kütləvi aksiyalardan sonra Fransa Ali Şurası toplaşaraq adada hərbi vəziyyət elan edib. Adaya çox sayda hərbçi, polis, jandarma qüvvələri və xüsusi xidmət orqanlarının əməkdaşları göndərilib. Yüzlərlə etirazçı həbs edilib. Bütün nümayiş və aksiyalar, eləcə də sosial şəbəkələr qadağan edilərək bağlanılıb. Jurnalistlərin adaya girişi məhdudlaşdırılıb. Məlumat üçün bildirək ki, Fransanın koloniyası olan Yeni Kaledoniyada bir neçə gün əvvəl sosial vəziyyətin ağırlığına, işsizlik və ayrı-seçkiliyə qarşı etiraz aksiyaları keçirilib. Etirazçılarla polis arasında baş verən qarşıdurmada iki polis əməkdaşı və üç aksiya iştirakçısı həlak olub. Yeni Kaledoniya Fransadan 16 min kilometr aralıda Sakit Okeanda Avstraliya qitəsinin yaxınlığında yerləşir və bu uzun məsafəyə baxmayaraq, Fransa adanı koloniyasına çevirib istismar edir ki, bu da yerli əhali tərəfindən etirazla qarşılanır. Okeaniyada yerləşən bu kiçik dövlət Fransa qanunları ilə idarə olunur. 2020-ci ilin oktyabrında Yeni Kaledoniyada referendum keçirilib və seçicilər yenidən Fransanın tərkibində qalmağa razılıq veriblər. 2018-ci ildə baş tutan referendum zamanı da xalqın 56,7 faizi Fransanın tərkibində qalmağı seçmişdi. 2020-ci il referendumunda bu faiz azalaraq 53,4 təşkil edib. Numea Sazişinin icazə verdiyi üçüncü və sonuncu referendum 2021-ci ilin dekabrın 12-də keçirilib, lakin səsvermə Kanak xalqının böyük hissəsi tərəfindən boykot edildiyindən, əhalinin 96 faizi müstəqilliyə “Yox” deyib və bu da Yeni Kaledoniyanın Fransanın bir hissəsi kimi qalmasına gətirib çıxarıb. Bu ilin mayında isə Yeni Kaledoniya ərazisində təklif olunan seçki islahatı ətrafında müzakirələr zamanı iğtişaşlar baş verib. Referendumlar nəticəsində əldə edilən statistikalardan göründüyü kimi, Fransa bu ada dövləti zor gücü ilə öz təsir dairəsində saxlamaq istəyir. Bir sıra siyasi partiyaların daxil olduğu Kanak və Sosialist Milli Azadlıq Cəbhəsi (FLNKS) tərəfdarları müstəqil Kanaki dövləti yaratmaq istəyirlər. Kanak xalqı Fransanın müstəmləkə siyasətinə qarşı mübarizə apararaq öz hüquqlarını bərpa etməyə çalışır. Lakin Afrikadakı keçmiş müstəmləkələrində nüfuzunu getdikcə itirən Fransa Yeni Kaledoniyada və Hind-Sakit Okean bölgəsindəki digər əraziləri də öz tərkibində saxlamaqla regionda təsir dairəsini qorumaq niyyətindədir. Fransa İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqaz regionunda varlığını qoruyub saxlamaq üçün Azərbaycana qarşı siyasi xətt yürütməyə başlayıb. Qarabağın işğal altında qaldığı müddətdə də Fransa Ermənistanı dəstəkləyirdi. Ancaq bu strategiya İkinci Qarabağ müharibəsindən sonra daha da gücləndi. Fransa Cənubi Qafqaz regionunda fəal rol oynayaraq Ermənistan üzərində siyasi təsir dairəsini daha da genişləndirir. Fransa həmçinin Türkiyə-Azərbaycan müttəfiqliyini pozmağa çalışır. Müstəmləkə siyasəti yürüdən Paris hökuməti regionda Ermənistanı da silahlandırır. Bu isə Azərbaycana qarşı təhdidlər yaradır.
Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, Yeni Kaledoniyanın yerli xalqı olan kanaklar Fransa zülmünə, müstəmləkə siyasətinə qarşı ayağa qalxıb. Ekspertin sözlərinə görə, Kanak xalqına ikili standartlar tədbiq edən, assimilyasiya siyasəti yeridən Paris “xalqların öz müqəddəratını təyinetmə hüququnu” açıq şəkildə pozur:
"Mövcud iğtişaşlar fonunda üç nəfər ölüb, yüzlərlə yaralı, eyni zamanda həbs olunanlar var. Fransa isə gərginliyi azaltmaq yerinə adada şiddəti, aqressiyanı artıracaq addımlar atır. Toqquşmalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçılara qarşı zor tətbiq edib. Polis nümayişçiləri gözyaşardıcı qazla dağıtmağa çalışıb, hətta odlu silahdan atəş açıb. Hadisələrlə bağlı Yeni Kaledoniyaya təxminən 1800 polis və jandarm göndərilib. Bundan başqa, adada 10 günlük fövqəladə vəziyyət elan edilib. Parisin ən radikal tədbiri isə sosial şəbəkələrlə bağlıdır. Belə ki, Yeni Kaledoniyada tiktok qadağan edilib, yutub, feysbuk, X, instaqramdan istifadə isə məhdudlaşdırılıb. Yeni Kaledoniyada yarıtmaz, qeyri-insani assimilyasiya siyasəti yeridən Fransa baş verən hadisələr fonunda Azərbaycanı ittiham edib. Fransanın daxili işlər naziri Jerar Darmanin Bakını Yeni Kaledoniyadakı iğtişaşlara “müdaxilə etməkdə” ittiham edib. Darmaninin Yeni Kaledoniyadakı hadisələrlə bağlı Azərbaycana qarşı səsləndirdiyi ittihamlar gülünc və absurddur. Əvvəla, rəsmi Bakı heç bir ölkənin daxili işinə qarışmır. Fransadan fərqli olaraq Azərbaycan bu ölkənin ərazi bütövlüyünə hörmət edir. Halbuki Paris keçmiş separatçı rejimin “liderləri” ilə təmaslar qurub, onları açıq şəkildə dəstəkləyirdi. Lakin nə bu gün Kanak xalqının etirazları separatçılıqdır, nə də Azərbaycanın Yeni Kaledoniya təmsilçilərinə platforma tanıması separatizmə dəstəkdir".
Analitik vurğulayıb ki, Azərbaycan Fransadan fərqli olaraq separatizmə yox, xalqların öz müqəddəratını təyinetmə hüququna hörmət edir: "Təsadüfi deyil ki, Azərbaycan Prezidenti də çıxışı zamanı “Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Biz, həmçinin Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırırıq” demişdi. Yeni Kaledoniyanın müstəqillik uğrunda Kanak Sosialist Milli-Azadlıq Cəbhəsi müstəqil hərəkatının nümayəndəsi Forrest Mikael Jozeptin də Bakıda çıxışı zamanı dedikləri Kanak xalqının üzləşdiyi assimilyasiya və müstəmləkə siyasətini gözlər önünə sərir. Darmanin iddia edib ki, müstəqillik tərəfdarları guya Azərbaycanla hansısa “sövdələşmə” bağlayıblar. Mümkündür ki, o bunu Yeni Kaledoniya təmsilçilərinin Bakıya səfəri ilə əlaqələndirir. Lakin bu yanaşma da yalan və əsassızdır. Rəsmi Bakı Yeni Kaledoniya nümayəndələrinə sadəcə platforma tanıyır və bu da beynəlxalq hüquqa zidd deyil".
T.Rzayevin fikrincə, halbuki Parisin adada etdikləri, sözün əsl mənasında, beynəlxalq hüquqa ziddir: "Məsələn, bazar ertəsi Fransa parlamenti adada 10 ildən çox yaşayan Fransa vətəndaşlarına yerli seçkilərdə səsvermə hüququnun verilməsinə səs verib. Yerli liderlərin bəziləri bu dəyişikliyin kanakların adanın işlərində söz sahibi olmaq hüququnu azaldacağından narahatlıqlarını ifadə ediblər.
Fransa illərdir onsuz da adada keçirilən referendumlara müdaxilə edir, səsverməni saxtalaşdırır. Son addım isə gələcəkdə adanın Fransadan ayrılması üçün keçiriləcək ehtimal referendumların nəticəsinə təsir etmək məqsədi daşıyır. Fransa bir vaxtlar Əlcəzair xalqının azadlıq hərəkatına etdiyi müdaxiləni, törətdiyi soyqırımın bənzərini Yeni Kaledoniyada kanaklara edir. Keçmişi qətliamlarla zəngin olan Fransa, görünür, növbəti soyqırıma imza atmaq niyyətindədir. Bu siyasətə qarşı çıxan, Kanak xalqının haqq səsinin eşidilməsinə dəstək olan Azərbaycanı isə Paris separatizmə dəstəkdə ittiham etməyə çalışır. Hesab edirəm, Azərbaycan parlamentinin deputatları Yeni Kaledoniya xalqına qarşı zülmə, assimilyasiya siyasətinə qarşı çıxmalı, rəsmi şəkildə etirazlarını bildirməlidir".