Regionumuzda kənar güclərə yer olmayacaq - ŞƏRH

Prezidentlər Azərbaycan-İran münasibətlərinin dostluq və qonşuluqdan daha irəli getdiyini ifadə etdilər

  Mayın 19-da Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi. Əvvəlcə dövlət başçıları “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarını işə saldılar. Sonra hidroqovşaqlarla bağlı videoçarx nümayiş etdirildi. Araz çayı üzərində inşa edilən “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma məqsədilə tikilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran İslam Respublikası arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb. Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam Respublikası tərəfindən aparılıb. 2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib. Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması işlərinə başlanılıb. Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr, “Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi tutumun 40 və 85 faizini təşkil edir. Ölkələrimiz arasında mehriban qonşuluq, qardaşlıq və dostluq münasibətlərinin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir. Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası” su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin örnəkləri olacaq. Bu layihə təkcə Azərbaycana mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması, illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, 80 milyon kubmetr qaza qənaət imkanı yaradacaq. “Xudafərin” və “Qız Qalası” Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafının mühüm elementlərindən olmaqla bərabər, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcək. Stansiyaların qoşulacağı “Cəbrayıl” enerji qovşağı ölkəmizin Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcək. Bu layihələr, eyni zamanda “yaşıl enerji” sahəsində ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni perspektivlər vəd edir. Göründüyü kimi, “Xudafərin” və “Qız Qalası” ölkələrimiz üçün ekoloji, enerji, iqtisadi əhəmiyyət daşıyan infrastruktur layihələri olmaqla bərabər, bölgədə inkişafa, təhlükəsizliyə, dostluğa xidmət edən uzunmüddətli əməkdaşlıq körpüsüdür.
  Prezident İlham Əliyev çıxışında vurğulayıb ki “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. Dövlət başçısı qeyd edib ki, İranın bu layihələri ərsəyə gətirmək üçün geniş imkanları, böyük təcrübəsi var: "Bu gün keçirilən mərasim dostluğumuzun növbəti təzahürüdür. Bu gün İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaradıblar və bu gün bu möhkəm zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən yüksək səviyyəyə qalxıb. Bugünkü mərasimin tarixi əhəmiyyəti, o cümlədən ondadır ki, ilk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşürlər. Bu, bir daha onu göstərir ki, bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir. Qədim tarixdən gələn qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə, aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni zamanda gələcək planlarımızda özünü göstərəcək". Ölkə rəhbərliyi bəyan edib ki, bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir: "Bütün beynəlxalq təşkilatlarda, üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik və bundan sonra da bu dəstəyi göstərəcəyik. Bizi birləşdirən layihələrin arasında təbii ki, nəqliyyat layihələri xüsusi rol oynayır. Bu gün nəinki ölkələrimiz üçün, daha geniş coğrafiya üçün böyük əhəmiyyət daşıyan Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması ilə əlaqədar birgə səylər göstərilib. Bu günə qədər göstərilən səylər artıq real layihələrə çevrilib. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat damarına çevirəcəkdir. Hər iki ölkə burada öz səylərini birləşdirib. Onu bildirməliyəm ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb, bu ilin üç ayında da artıb. Bütövlükdə isə İranla Azərbaycan arasındakı yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır, dəmir yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq. Bu gün, eyni zamanda Ağbənd istiqamətində yeni avtomobil körpüsü tikilir. Bu körpü tikiləndən sonra o da Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacaq. Bu körpü təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə birləşdirən körpü deyil, bu, beynəlxalq nəqliyyat dəhlizinin bir parçasıdır. Qeyd etdiyim kimi, həm Şimal-Cənub, eyni zamanda Şərq-Qərb Nəqliyyat dəhlizlərinin bir hissəsi olacaq". Prezident İran-Azərbaycan əlaqələrinin gələcək inkişafını da çox müsbət qiymətləndirib. Prezident Seyid İbrahim Rəisi də qeyd edib ki, Azərbaycanda və İranda yaşayan əziz və dəyərli xalqlarımız üçün bu, çox yaddaqalan və tarixi bir gündür: "Ümid edirəm ki, vətəndaşlarımız bu layihədən yararlanacaqlar. Araz çayı hər zaman İran və Azərbaycan arasında, xalqlarımız arasında bir bağ olub. Xüsusilə də Şərqi Azərbaycan əyaləti, Azərbaycan və Ərdəbil arasında hər zaman bir bağ olub. Bu bağ 50 il əvvəl iki ölkə və iki xalq arasındakı əməkdaşlığın nəticəsində yaranıb və bu günə qədər də davam edir. İki milyard kubmetrə yaxın su tutumu olan “Xudafərin” bəndi fəaliyyətə başlayır və bundan hamımız yararlanacağıq. Eyni zamanda vətəndaşlar üçün 40 mindən çox iş yeri yaradılır. Həmçinin əkin sahələri üçün və içməli su mənbəyidir. Bu, təbii ki, bölgədəki inkişafın bir simvoludur. Bu layihə, eyni zamanda regionda iki ölkənin siyasi və əməkdaşlıq iradəsinin göstəricisidir. Bu layihə çox böyük önəm kəsb edir və təbii ki, iki ölkənin xalqları arasında çox böyük ümid, eyni zamanda düşmənlər üçün isə qısqanclıq yaradır. Biz təbii ki, qardaş, qonşu və dost ölkələrik. Xüsusilə Ali Dini Rəhbərin bildirdiyi kimi, İranın Azərbaycanla olan əlaqəsi qonşuluq əlaqəsindən daha üstündür. Bu, qohumluq əlaqəsidir".
İranın energetika naziri Əli Əkbər də deyib ki, İran və Azərbaycan Araz çayı boyunca 420 km uzunluğunda müştərək mənafeyə sahibdir. Bu çay ötən 50 il ərzində iqtisadi, sosial və mədəni infrastrukturların inkişafı amili olub və iki ölkənin əməkdaşlıq və dostluq simvolu hesab olunur: “İki ölkə arasında müştərək tikililər 1 milyard dollardan çox investisiya ilə ticarət və başqa regional əməkdaşlığın artması üçün imkanlar yaradıb. “Qız Qalası” hidroqovşağı Araz su bəndindən 208 km və “Xudafərin” hidroqovaşğındn 12 km aralıda Araz çayı üzərində iki ölkənin suyun tənzimlənməsi və elektrik istehsalı üçün tənzimlənib”.
  İranlı nazir deyib ki, “Qız Qalası” hidroqovşağı daşqınların idarə olunması, quraqlıq şəraitində suyun tənzimlənməsi, ikitərəfli öhdəliklərə uyğun sərhəd sularının bölünməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, ənənəvi kənd təsərrüfatının müasir kənd təsərrüfatına çevrilməsi, çoxsaylı təbii və tarixi cazibəlikləri nəzərə alaraq turizmin inkişaf etdirilməsi və ildə 540 giqavat elektrik enerjisinin istehsal olunması kimi məqsədləri daşıyır". İranlı nazir “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının su diplomatiyası və iki ölkənin həmrəyliyinin möhkəmlənməsi amili adlandırıb.
  Millət vəkili Azər Badamov "Sherg.az"a deyib ki, 19 mayda İran-Azərbaycan sərhədində çox səmərəli bir görüş baş tutdu. Deputatın sözlərinə görə, dövlət başçıları Azərbaycana və İrana böyük faydası olan Xudafərin hidroqovşağını istismara verdi və Qız qalası hidroqovşağının açılışını etdi: 

"Bu hidroqovşaqlar ölkələrimiz arasında olan dostluq və qardaşlıq münasibətlərinin göstəricisidir. Biz birlikdə Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan dəmir yolunun tikintisini də davam etdiririk. Həm də açılışı olmuş hidroqovşaqlarda 560 meqavat gücündə hidroelektrik stansiyaların tikintisi də planlaşdırılır. Prezidentlər Azərbaycan-İran münasibətlərinin dostluq və qonşuluqdan daha irəli getdiyini ifadə etdilər və regionumuzda kənar güclərə yer olmadığını bildirdilər. Həm də dostluq və qardaşlığımıza heç bir kənar qüvvələrin xələl yetirə bilməyəcəklərini ifadə etdilər. Görüş çox yüksək səviyyədə dostluq və qardaşlıq şəraitində başa çatmışdı. Bu, Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olmasının nümayişi idi. Amma təəssüf ki, görüşdən geri qayıdan İran prezidenti bir neçə nümayəndə heyəti ilə helikopter qəzasında faciəvi şəkildə həlak oldular. Dövlət başçımız helikopterin sərt eniş xəbərini eşidən kimi dərhal öz narahatlığını bildirdi və axtarış tədbirlərinə cəlb olunması üçün xilasedicilər qrupunun hazırlanmasına tapşırıq verdi. O cümlədən, baş vermiş faciənin nəticələri məlum olan kimi kədərləndiyini və sarsıldığını ifadə edərək başsağlığı verdi. İran xalqının yanında olduğunu bildirdi. Biz heç vaxt İran xalqına belə faciələrin yaşamasını arzulamırıq. Qəzada dünyasını dəyişən bütün şəxslərə Allahdan rəhmət, İran xalqına səbr diləyirik. Azərbaycan-İran münasibətləri daha da möhkəmlənəcək. Gələcəkdə qarşılıqlı fayda əsasında yeni platformalarda əməkdaşlığımız davam edəcək".