İyuldan səfirliyimiz yeni binada fəaliyyətə başlayacaq
Azərbaycanın Tehranda səfirliyi iyuldan yeni binada fəaliyyətə başlayacaq. Qeyd edilib ki, İran Azərbaycan səfirliyinin fəaliyyətinin təhlükəsizliyi üçün yeni bina ayırıb və hazırda orada uyğunlaşdırılma işləri aparılır. Ötən ilin yanvar ayında səfirliyimizə qarşı törədilmiş terror hücumundan sonra İran tərəfi ilə danışıqların əsas istiqamətlərindən biri səfirliyin təhlükəsizliyinə tam təminatın verilməsi məsələsi ətrafında olub. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, son bir neçə ay ərzində iki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında təmaslar və danışıqlar çərçivəsində ölkəmizin gözləntiləri qarşı tərəfə çatdırılıb. Səfirliyimizin daha təhlükəsiz və səfirlik üçün zəruri olan bütün tələblərə cavab verən yeni məkana köçürülməsi istiqamətində İran tərəfi ilə müvafiq iş aparılıb. Aparılmış iş nəticəsində səfirliyin yeni məkanı artıq müəyyən edilib. Hazırda qeyd edilən məkan və binada səfirlik üçün zəruri şəraitin yaradılması məqsədilə müvafiq tədbirlər görülür. Qeyd edilən işlər yekunlaşandan sonra səfirliyin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır.
Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Xarici İşlər Nazirliyinin açıqlamasından məlum olur ki, rəsmi Bakı terror aktından sonra bağlanan səfirliyin fəaliyyətinin bərpa edilməsi üçün Tehrandan təhlükəsizlik zəmanəti tələb edir. Ekspertin sözlərinə görə, səfirlik binasının yeni məkana köçürülməsi də təhlükəsizlik məqsədi daşıyır:
"Bu, Bakı-Tehran xəttində münasibətlərin normallaşması atmosferinə uyğundur. Hərçənd səfirliyimizə qarşı törədilən terror aktının izi İran siyasi dairələrinə qədər gedir və terrorçu cəzalandırılsa da, bunu planlaşdıranlar zərərsizləşdirilməyib, hələ də Tehran rejimində təsir imkanlarını saxlayırlar. İran daxilində Azərbaycana qarşı olan bu qrupların eyni addımı atmayacağına, yaxud başqa təxribatlar törətməyəcəyinə zəmanət yoxdur. Rəsmi Tehranın verdiyi zəmanət yalnız vəddən ibarətdir. Bu baxımdan, səfirliyimizin yeni məkana köçürülməsi təhlükəsizliyin tam təmin ediləcəyini sual altına salır. O da istisna deyil ki, İran daxilində Bakı-Tehran münasibətlərinin normallaşmasının əleyhinə olanlar səfirliyin yenidən açılmasının qarşısını almaq məqsədilə təxribat törədə bilər. İranın mühafizəkar elitasına bağlı media orqanlarının Azərbaycana qarşı anti-təbliğat kampaniyasını yenidən gücləndirməsi də bu kontekstdə diqqət çəkir".