Azərbaycan və Ermənistan arasında mühüm razılaşmalar - ŞƏRH

Ermənistan Bakının təklifini qəbul edib

Bununla Azərbaycan vətəndaşları Naxçıvana gedərkən heç bir yoxlamaya məruz qalmayacaq

  Avropa Birliyi (AB) Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi çərçivəsində əldə olunan irəliləyişi alqışlayıb. AB-nin bəyanatında deyilib ki, qurum 1991-ci il Almatı sazişi əsasında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində əldə edilmiş irəliləyişi, xüsusilə də Ermənistan-Azərbaycan sərhəd komissiyalarının mayın 15-də keçirilmiş 9-cu görüşü zamanı imzalanmış protokolu dəstəkləyir: "AB tərəfləri digər həll edilməmiş ikitərəfli məsələlərin həlli üçün əlavə qətiyyətli addımlar atmağa çağırır və Cənubi Qafqaz regionunda davamlı və dayanıqlı sülhün bərqərar edilməsi üçün səyləri dəstəkləməyə sadiqdir". Qeyd edək ki, 2024-cü il mayın 15-də Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların doqquzuncu görüşü keçirilib. Görüşdə Azərbaycan-Ermənistan sərhədinin dörd hissəsində sərhədin müəyyənləşdirilməsinə dair protokol razılaşdırılıb. Latviya parlamentinin sədri Dayqa Mierinya da deyib ki, Latviya Bakı ilə İrəvan arasında dayanıqlı sülhün əldə olunmasında maraqlıdır. Mierinya Ermənistanla sülh danışıqlarında əldə olunan irəliləyişlə bağlı Azərbaycanı təbrik edib.
  Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan arasında mühüm razılaşmalar əldə edilib. Ekspertin sözlərinə görə, Ermənistanla Azərbaycan arasında çərçivə sazişi bağlanması istiqamətində ikitərəfli danışıqlar gedir:

"İki ölkə arasında mühüm razılaşmalar əldə edilib. Hətta Ermənistan Zəngəzur yolunun Azərbaycan təklif etdiyi "Kalinqrad formulunu" qəbul edib. Bununla Azərbaycan vətəndaşları Naxçıvana gedərkən heç bir yoxlamaya məruz qalmayacaq. Həmçinin tranzit yüklər istisna olmaqla, Azərbaycan yükləri yoxlanmayacaq. Növbəti mərhələdə yekun sülh müqaviləsinin bağlanması gözlənilir. Ermənistan Baş naziri Nikol Paşinyan yeni Konstitusiyanın qəbul edilməsi üçün referenduma getməlidir. Azərbaycanla sülh müqaviləsi və Türkiyə ilə normallaşma konstitusiyaya zidd olmamalıdır. Paşinyan parlament respublikası sistemini ləğv edib, yarıprezident sisteminə keçəcək və səlahiyyəti öz əlində cəmləşdirəcək. Ermənistan rəhbərliyi Türkiyədəki idarəetmə sisteminə keçidi hədəfləyir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlandıqdan sonra regionda siyasi proseslər əhəmiyyətli şəkildə dəyişəcək. Rusiyanin regional siyasəti və regional təşkilatları fiaskoya uğrayacaq".