İstiləşən İran-Azərbaycan münasibətləri: Yeni mərhələyə qədəm qoyulur -RƏY

Bildiyiniz kimi, faciədən əvvəl biz iki saatdan çox birlikdə idik. Bir saatdan çox davam edən ikitərəfli görüş əsnasında bir çox önəmli məsələlər müzakirə edilmişdir.
Bu fikirləri Prezident İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olarkən səsləndirib.

"İran-Azərbaycan əlaqələrinin inkişafının gələcək istiqamətləri bir daha təsdiqlənmişdir və hər iki tərəfin güclü siyasi iradəsi bir daha nümayiş etdirilmişdir. Bununla bərabər, biz konkret infrastruktur layihələri haqqında geniş fikir mübadiləsi aparmışdıq, önəmli qərarlar qəbul edilmişdir. O görüşdə iştirak edən şəxslər bunu, əminəm ki, İranın yeni rəhbərliyinə çatdıracaqlar. Əldə edilmiş bütün razılaşmalar, əminəm ki, icra ediləcək. Çünki bu, İran və Azərbaycan xalqlarının iradəsinə söykənir və biz mərhum Prezident Rəisi ilə söhbət əsnasında qəti iradəmizi bildirdik ki, bundan sonra böyük layihələrin sayı çox olacaq, həm ikitərəfli, həm çoxtərəfli formatda", - Prezident əlavə edib. 

Mövzu ilə bağlı “Sherg.az”a danışan REAL Partiyasının  icraçı katibi Natiq Cəfərli söyləyib ki, Azərbaycan-İran münasibətlərində enişli-çıxışlı zamanlar olub:
 
“Müstəqillikdən sonrakı zaman kəsiyi iki ölkə əlaqələrində həm yüksələn xətlə inkişaf edən dövr, həm də problemli məqamlarla yadda qalıb. Amma son vaxtlar İran və Azərbaycan arasında münasibətlərdə istiləşmə müşahidə edilir. Artıq İran üzərindən keçəcək yeni infrastruktur layihələrinin müzakirəsində irəliləyişlər əldə olunub. Azərbaycanın Naxçıvan bölgəsinə, Zəngəzur dəhlizinə paralel 5 km-lik arayla yeni yolların qurulması və Araz çayının su ehtiyatlarından birgə istifadə ilə bağlı razılaşmalar var. Azərbaycan İranla münasibətlərin dostluq və qonşuluq səviyyəsində davam etdirilməsində maraqlıdır. Amma yaxın bir neçə ay ərzində İranda əsas diqqət Prezident seçkilərinə yönələcək. İran Prezidentinin kim olmasından sonra Azərbaycan-İran münasibətlərinin hansı istiqamətdə gedəcəyindən daha açıq şəkildə danışmaq mümkün olacaq. Hələlik münasibətlərin pisləşməyə doğru getməsi üçün heç bir əsas yoxdur. Azərbaycan və İranın  maraqlarına cavab verən əməkdaşlıq imkanları və sahələri var. Həmin əməkdaşlıq isə hər iki ölkəyə böyük qazanc gətirə bilər”

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan isə bildirib ki, Azərbaycan Respublikası İran da daxil olmaqla bütün qonşularla dostluq, mehribanlıq, əməkdaşlıq münasibətlərinin inkişafında maraqlıdır:
“Hətta 30 ildən çox torpaqlarımızı işğalda saxlayan Ermənistan ilə də sülh müqaviləsinə razıdır. İran ilə də bizim tarixi, mədəni, iqtisadi əlaqələrimiz olub, indi də davam edir. Bir qədər siyasi müstəvidə anlaşnazlıqlar vardı, o da Prezidentlərin bu görüşündən sonra ümid edirik ki, yoluna düşəcək. İranın İsrail mövzusunda Azərbaycanı ittiham etməsi və Ermənistana silah və siyasi dəstək verməsi bir qədər bu iki ölkəni siyasi müstəvidə soyuqlaşdırmışdı. Ancaq əlaqələr danışıqlar və isti münasibətlərlə inkişaf yoluna düşür. Prezidentlərin bu görüşü, yeni layihələr və yeni inkişaf yolunda fikir mübadiləsi aparılması çox önəmli və hər iki dövlət üçün vacib amildir. Çünki Azərbaycan ilə İran sanki yeni mərhələyə, yeni dostluq, yeni əlaqələrə qədəm qoyur. Məlum bəndlərin açılışı, hər iki dövlət rəhbərinin burada görüşüb yüksək əhval-ruhiyyə ilə yeni layihələrin də gələcək üçün müjdəsinin verilməsi böyük işlərdən xəbər verir”.

Ekspert qeyd edib ki, İran Prezidenti bu faydalı, səmərəli görüşdən sonra vəzifə başına dönə bilmədi: 
“Ümid edirik ki, danışıqların, layihələrin, görüləcək işlərin proqramı, mahiyyəti İran dövlətinin digər rəsmilərinə çatdırılacaq və mərhum Prezidentin vəfatı bu işlərin təxirə düşməsinə səbəb olmayacaq. İran dövləti üçün böyük əhəmiyyətli şəxs olan Prezident İbrahim Rəisinin bu görüşünün nəticələrini həyata keçirmək həm də onun xatirəsinə sayğı olar. Odur ki, İran dövlətinin bunu nəzərə alması lazımdır. İran Prezidentinin vəfatının Azərbaycan ilə əlaqələrin axsamasına səbəb olacağına inanmıram. Odur ki, yeni əlaqələrin, münasibətlərin müsbət istiqamətdə inkişaf edəcəyini güman edirəm . Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin apardığı hərtərəfli mükəmməl dövlət siyasəti bizim bütün qonşu dövlətlər ilə münasibətlərimizi yüksək səviyyəyə qaldıracaq. İran Prezidentinin kim olacağından asılı olmayaraq Azərbaycan hər zaman səmimi dostluq münasibətlərinin inkişafında maraqlıdır. Ona görə İran - Azərbaycan əlaqələrinin indən belə də qorunub saxlanmasına inanırıq”.