Parlamentari: İrandakı səfirliyimizin açılması münasibətlərin inkişafına şərait yaradacaq

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri vəzifəsini icra edə Əli Bağeri Kani arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı iki ölkə liderləri arasında sərhəddə baş vermiş görüşün tarixi əhəmiyyət daşıdığı, strateji layihələrin işə salınmasının, nəqliyyat, iqtisadiyyat, energetika sahəsində planların reallaşması üçün birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyi qeyd olunub.

Eləcə də Azərbaycanın İrandakı səfirliyinin işinin bərpa olunması üçün tədbirlər görüldüyü diqqətə çatdırılıb.

Millət vəkili Fazil Mustafa “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan-İran münasibətləri qəzadan sonra da inkişaf edəcək:

"İki ölkə arasında müəyyən vaxtlarda gərginliklər baş verib. Bu isə daha çox qarşı tərəfin atdığı addımlar ilə əlaqəli olub. Lakin bununla belə Azərbaycan İranla münasibətlərdə hər zaman təmkinli davranıb, balans siyasətinə diqqət edib. İran-Azərbaycan münasibətləri son zamanlar yenidən normallaşma mərhələsinə qədəm qoyub. Düşünürəm ki, bunu davam etdirmək lazımdır. İki qonşu dövlətin gərginliyi hər iki ölkəyə zərər verir. İran tərəfi hazırkı situasiyada əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini anlayır. İnanıram ki, Azərbaycanın İrandakı səfirliyin açılması münasibətlərin inkişafına şərait yaradacaq".