Belə davam edərsə, yaxın zamanlarda Yeni Kaledoniya ilə yanaşı, digər fransız koloniyalarında da etirazlar qaçılmazdır
Fransa prezidenti baş verən iğtişaşlarla əlaqədar Yeni Kaledoniyaya səfər edəcək. Bu barədə Fransa hökumətinin nümayəndəsi Priska Teveno məlumat verib. Teveno bildirib ki, Nazirlər Şurasının iclası zamanı prezident bu axşam Yeni Kaledoniyaya gedəcəyini bildirib. Qeyd edək ki, Fransanın müstəmləkəsi Yeni Kaledoniyada baş verən iğtişaşlar nəticəsində 6 nəfər ölüb, onlarla insan yaralanıb, 200-dən çox şəxs saxlanılıb. Muxtar quruma 200 milyon avrodan çox ziyan dəyib.
Yeni Kaledoniyada başlayan azadlıq hərəkatını qanla boğmaqda israrlı olan Fransa hər vasitə ilə adanı nəzarətdə saxlamağa çalışır. Yelisey sarayında keçirilən Müdafiə və Milli Təhlükəsizlik Şurasının iclası zamanı bildirilib ki, ictimai binaları qorumaq və bununla da daxili təhlükəsizlik qüvvələrini müvəqqəti olaraq hərbi qüvvələrlə əvəz etmək üçün "əlavə resurslardan" istifadə ediləcək. “Əlavə resurslar” nədən ibarət olacaq, göndəriləcək hərbi heyətin sayı nə qədər olacaq və s. məsələlərə aydınlıq gətirilməyib. Rəsmi məlumatda sadəcə bildirilib ki, hərbçilər “ictimai əhəmiyyət” kəsb edən binaların mühafizəsində istifadə olunacaqlar. Paytaxt Numeada şiddətli etirazlar fonunda Fransa hakimiyyəti komendant saatı tətbiq edib. Polis dəfələrlə nümayişçilərə qarşı kobud davranıb və güc tətbiq edib. Eyni zamanda, paytaxtda ictimai tədbirlər qadağan olunub, dövlət, özəl orta məktəb və kolleclərdə mayın 21-dən 24-dək dərslər dayandırılıb. Qeyd edək ki, buna qədər Fransa Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edib. Yerli xalq olan kanakların etirazlarına özünəməxsus formada cavab verən Makron hakimiyyəti təsdiq edib ki, bölgəni tərk etmək niyyətində deyil. Yeni Kaledoniyada 10 ildən artıqdır ki adada yaşayan Fransa sakinlərinə əyalət seçkilərində geniş səsvermə hüququnu nəzərdə tutan konstitusiyaya təklif edilən düzəlişlə başlayan etirazlar mayın 13-də başlayıb. Nümayişçilər dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməzliyini vurğulayaraq bunun 1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Numea Sazişinə zidd olduğunu bildiriblər. Hazırda Yeni Kaledoniyada fransız müstəmləkəçiliyinə qarşı etirazçılarla polis və fransız hərbçilər arasında toqquşmalar davam edir. Yerli əhalinin böyük əksəriyyəti Yeni Kaledoniyanın Fransadan müstəqillik qazanmasını istəyir. Görünən odur ki, Makron hökuməti Niger və Qabonun ardınca bu ərazini də itirmək istəmir.
Millət vəkili Nəsib Məhəməliyev bildirib ki, Yeni Kaledoniyada baş verənlər Fransanın yürütdüyü müstəmləkəçilik siyasətinin məntiqi nəticəsidir. Deputatın sözlərinə görə, 44 günlük müharibədən sonra Qarabağda separatçılığı dəstəkləyən, qondarma "arsax respublikası"nın "müstəqilliyi"nin milli assambleyada və senatda tanınması Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri idi:
"Ermənistanı Azərbaycan əleyhinə silahlandıran, yeni müharibəyə təhrik edən, beynəlxalq təşkilatlarda təbliğat aparan Fransa, əkdiklərini biçir. Yeni Kaledoniya və Sakit okeanda yerləşən digər arxipelaqlarda Fransanın törətdiyi vəhşiliklər, "Konstitusiya dəyişiklikləri" adı altında aborigen xalqların hüquqlarlnın kobud şəkildə pozulması, bu ölkənin 21-ci əsrdə də müstəmləkəçilik siyasətini davam etdirməsini göstərir. Yeni Kaledoniya Fransadan 17 min km uzaqlıqda yerləşir. Yerli kanak xalqının, fransızlarla heç bir mədəni, etnik bağlılığı yoxdur. Fransanın məqsədi, konstitusiya dəyişikliyi etməklə, süni şəkildə ora yerləşdirmiş fransızların sayının artırılmasına və səsvermə hüququna nail olmaqdır. 1998-ci ildə Fransa və Yeni Kaledoniya arasında imzalanmış razılaşmaya rəğmən, fransızların hüquqa zidd davranışları, təbii olaraq, yerli əhalinin kəskin narazılığına səbəb olub. Azərbaycan hökumətinin bu məsələyə münasibəti, beynəkxalq hüquqa və ədalət prinsiplərinə söykənir. Biz, Qoşulmama Hərəkatlnln fəal üzvü olaraq, əzilmiş, hüquqları tapdanmış xalqların yanında olmalı, 21-ci əsrdə müstəmləkə təfəkküründən xilas ola bilməyən imperialist qüvvələrə qarşı onlara mənəvi dəstək verməliyik. Son illərin hadisələri göstərdi ki, Makron Fransasının təcavüzkar siyasəti Afrikada, Yaxın Şərqdə, Cənubi Qafqazda iflasa uğradı. Belə davam edərsə, yaxın zamanlarda Yeni Kaledoniya ilə yanaşı, digər fransız koloniyalarında da etirazlar qaçılmazdır".