MM-in iclası: Siyavuş Novruzov təklif səsləndirdi


 
"Rusiya, Gürcüstan, Türkiyə ilə giriş-çıxış yollarının sayı artırılmalıdır"
 
 Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasın gündəliyində 11 məsələ olub. Gündəlikdəki məsələlərin müzakirəsindən öncə Milli Məclisin Sədri Sahibə Qafarova ermənistanlı həmkarı ilə görüşündən danışıb. Spiker deyib ki, Cenevrədə Azərbaycan və Ermənistan parlament sədrlərinin ikinci görüşü keçirilib. Görüşdə hər iki ölkənin parlamentlərinin sülh prosesinə necə töhfə verəcəyi ilə bağlı müzakirələr davam etdirilib. Qeyd edək ki, 2024-cü il mayın 16-da Cenevrədə keçirilən Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci İclası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyanın ikinci görüşü keçirilib.
 
"Azərbaycanda uşaqların cinsi istismarına görə cəzalar sərtləşdirilib"
 
 Sonra Milli Məclisdə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov hesabatla çıxış edib. Milli Koordinator bildirib ki, həmin əməllərdə şübhəli bilinən və ya belə cinayətə görə məhkum olunmuşlar isə məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər siyahısına daxil edilib: "Yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlbetmə də cinayət tərkibinin əməli kimi müəyyənləşdirilib. Bu cür məqsədlərlə uşaqların təqib edilməsinə görə qanunvericiliyə cinayət məsuliyyətini nəzərdə tutan müddəalar əlavə edilib".
 
Deputat polis kollecinin yaradılmasını təklif edib
 
 Millət vəkili Qüdrət Həsənquliyev polislə bağlı fikirlərini bölüşüb: “Polislə bağlı onu qeyd etmək istəyirəm ki, Azərbaycanda polis sabitliyin qorunmasında müstəsna rol oynayır, cinayətkarlığa qarşı mübarizə aparır, onların əməkhaqqı isə çox azdır, baxmayaraq ki, onlar öz razılıqlarını ifadə edirlər. Hesab edirəm ki, bir çox problemlər ondan qaynaqlanır ki, bizdə polis nəfərlərinin təhsil səviyyəsi aşağıdır. Hərbidə olduğu kimi polis üçün də polis kollecləri yaradılmalı, orada iki illik tədris keçirilməlidir. Onlar orada fiziki hazırlıq keçməli, testlə ora qəbul olmalıdırlar ki, qavrama bacarıqları olsun. Misal üçün, deyilə bilər ki, polis nəfəri işə götürüləndən sonra hazırlıq kurslarına göndərilir. Amma onun qavraması aşağıdırsa, onlar mənimsəyə bilməyəcəklər. Nə öz hüquq və vəzifələrini öyrənə bilməyəcək, nə də vətəndaşların. Ona görə də hesab edirəm ki, müvafiq komitədə bu istiqamətdə dinləmə keçirilsə, yaxşı olar”. Deputat əlavə edib ki, korrupsiya ilə mübarizə sahəsində qanun qəbul etmişik, amma bununla bağlı profil qurum Milli Məclisə hesabat vermir: "İnsan alverinə dair və bu kimi hesabatlar Milli Məclisin profil komitəsində müzakirə edilməlidir: “Əgər hansısa məqam olarsa, plenar iclasda müzakirəyə çıxarıla bilər”. Qüdrət Həsənquliyev əlavə edib ki, Milli Məclisdə verilən hesabatlar qeyri-qənaətbəxş hesab olunarsa, həmin qurumun başında duran şəxs və ya Hesablama Palatasının auditorları istefa verməlidir.
 
"Fəvvarələr meydanında camaatın gəzdiyi yerdə foto çəkdirirlər, mitinq kimi təqdim edirlər"
 
 Deputat Siyavuş Novruzov deyib ki, Fəvvarələr meydanında camaatın gəzdiyi yerdə foto çəkdirirlər və bunu mitinq kimi təqdim edirlər: "Guya bunlara işgəncə verirlər, ona görə bu mitinq keçirilib. Bu yolla xaricdən sığınacaq almağa çalışırlar. Maşın alverçiləri, oğrular və digər işsiz şəxslər bu işlə məşğuldur. Bu da insan alverinin bir yoludur. Viza alıb xaricə gedən kimi də başlayırlar, söyüşə, təhqirə. Bu kimi məsələlərə uyğun ciddi nəzarət olunmalıdır. Ekstradisiya məsələsi bununla bağlı da tətbiq edilməlidir. Vaxtilə işğal altında olan Qarabağ insan alverinin mənbəyi idi. Amma  indi Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və bu gün orada genişmiqyaslı tikinti quruculuq işləri həyata keçirilir. Bu gün dünyada baş verən hadisələr, Rusiya-Ukrayna müharibəsi insan alverinin artmasına səbəb olur və bu da istər-istəməz dolayısı ilə Azərbaycana da təsir göstərir. Hüquq-mühafizə orqanları da bu sahədə mühüm işlər görür.
 
"Bu, orada yaşayan azərbaycanlılar üçün də müsbət addım olar"
 
 Parlamentari S.Novruzov deyib ki, Rusiya, Gürcüstan, Türkiyə ilə giriş-çıxış yollarının sayı artırılmalıdır: “Azərbaycan Orta dəhlizin məsuliyyətini tam şəkildə öz üzərinə götürüb. Qədim İpək yolunun bərpası ilə əlaqədar addımlar atılır”. Deputat bildirib ki, tək Rusiya ilə deyil, gələcəkdə Gürcüstanla da giriş-çıxış yollarının sayı artırılmalıdır: “Biz tək bir yolla gediş-gəlişlə kifayətlənməməliyik. Bu, orada yaşayan azərbaycanlılar üçün də müsbət addım olar. Həmçinin Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları daşınır, bizə bəzi şikayətlər gəlir ki, gecikirlər, məhsullar xarab olma dərəcəsinə çatır. Eyni zamanda Türkiyə ilə də belə yollar artmalıdır”.
 
"Bu valideynlər ən ağır cəzaya layiqdirlər"
 
 Parlamentin İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc bildirib ki, Qlobal köləlik üzrə 2023-cü ilin hesabatında göstərilir ki, hazırda dünyada 50 milyon insan müasir köləlik şəraitində yaşayır. Onlardan  təqribən 28 milyonu icbari əməyə, 22 milyonu isə məcburi nikaha cəlb edilib. Onun sözlərinə görə, bu göstərici üzrə Azərbaycan 192 dövlət arasında müsbət mənada 22-ci yerdədir: "Ölkəmiz “müasir köləlik” adlanan bu bəlaya qarşı sərt iradəsini ortaya qoyub və qətiyyətli tədbirlər görür. Məlumatın “Qanunvericilik” bölməsində gördüyümüz kimi, “İcraçı qurumlarının siyahısı” dəqiqləşdirilib, “İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi”nin çoxşaxəli funksiyaları TƏBİB-in funksiyalarına da aid edilib, İşçi qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası” təsdiqlənib. Baş İdarə tərəfindən 47 şəxsin əmək müqaviləsi olmadan işlədiyi üçün 13 işəgötürən haqqında ümumilikdə 123.100 manat cərimə tətbiqi, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 512 şəxslə bağlı ümumilikdə 2.374.400 manat məbləğində sanksiya tədbiri, 8 miqrasiya kanalının aşkarlanaraq, 154 şəxsin saxlanılması, küçə həyatı, dilənçiliyə və qeyri-qanuni qulluğa cəlb edilən 342 azyaşlının müəyyən edilməsi,  159  insan alveri faktı üzrə 16  cinayət işinin başlanması, 12 nəfərin İnterpol kanalı ilə beynəlxalq axtarışı aparılan genişmiqyaslı işləri göstərir. Milli Fəaliyyət Planının icrası çərçivəsində 293 erkən evliliyin qarşısının alınması hamımız üçün mühüm siqnaldır. Belə ki,  Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, 2022-ci ildə 15-17 yaşda olan uşaqlar tərəfindən 2011 uşaq dünyaya gəlib, onlardan 1880-i həmin qadınların birinci, 120-si ikinci, 11-i isə üçüncü uşaq olub. Təsəvvür edin, özü uşaqkən ana olan belə övladları fiziki və psixoloji zorakılığa cəlb edən valideynlər, tərəf-müqabilləri və ənənələr istismarçı kimi ən ağır cəzaya layiqdirlər”.