Erməni kilsəsinin səsi artıq batır - ŞƏRH

Paşinyan da, erməni cəmiyyəti də sülh tərəfdarıdır

Baş nazir bildirib ki, delimitasiya prosesi ilə Ermənistanın dövlətçiliyi üzrə problemlərin 60 faizi həll olunub

  Azərbaycanla Ermənistan arasında bir sıra istiqamətlərdə, xüsusilə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı dinamik proseslər gedir. Bu proseslərin digər istiqamətinə sülh müqaviləsinin imzalanması və iki ölkə arasında kommunikasiya, nəqliyyat xətlərinin bərpası, iqtisadi münasibətlərin qurulmasının da transformasiya ediləcəyini proqnozlaşdıranlar var. Məsələ ondadır ki, Ermənistanda keşiş Baqrat Qalstanyanın başlatdığı etiraz aksiyaları istənilən nəticəni vermədi. Dəfələrlə çağırış etməsinə rəğmən, Baqrat əhalidən, siyasətçilərdən arzuladığı dəstəyi ala bilmədi. Tavuş istiqamətindəki kiçik etirazlara baxmayaraq, delimitasiya və demarkasiya prosesi aparıldı və sərhəd dirəkləri basdırıldı. Ermənistan parlamentinin sədri Alen Simonyan da deyib ki, bütün sərhədin demarkasiyası 1976-cı il xəritələri ilə aparılacaq. Onun sözlərinə görə, hazırda bu proses Tavuş sektorunda həmin xəritələr əsasında davam etdirilir. Spiker hesab edir ki, bir-iki halı istisna etməklə, bu, ən əlverişli variantlardan biridir. Simonyanın sözlərinə görə, sərhədlə bağlı xəritələr bir-birilərindən çox az fərqlənirlər, məsələ əsasən də miqyas fərqi ilə bağlıdır: "Ölçmələr yerdə nəyisə dəyişə bilər, söhbət miqyasdan gedir. Bir neçə miqyaslı xəritə var, hazırkı seçim ən məqbuludur. Bu, bizim üçün çox məqbul variantdır". “Hraparak” qəzeti də məlumat yayıb ki, Azərbaycanın Xeyrimli kəndində qanunsuz məskunlaşmış ermənilərə ərazidən çıxmaları üçün vaxt verilib: "Kirants kəndində Tavuş vilayətinin rəhbərliyi ilə sakinlər arasında görüş keçirilib. Söhbət ilk növbədə sərhədin demarkasiyası nəticəsində qanunsuz yolla məskunlaşdıqları Azərbaycan ərazilərindən çıxanlara hökumətin yardımı ilə bağlı olub. Hökumət həmin insanlara yeni evlər tikməklə kompensasiya vermək niyyətindədir, artıq kənddə tikinti işlərinə başlanılıb. Məsələ budur ki, Azərbaycana təhvil verilmiş ərazilərdə qalan iki evin sahiblərinə möhlət verilib ki, iyunun 24-dək evlərini boşaltsınlar. Yəni iyunun sonunda azərbaycanlılar sözügedən ərazidə yerləşəcəklər". Ermənilər Xeyrimli istiqamətində Azərbaycana məxsus əraziləri mübahisələndirməyə çalışsalar da, bu bədnam niyyətləri baş tutmayıb.
Qeyd edək ki, dünən Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında maraqlı mövzulara toxunub. Bildirib ki, kilsə ictimai fikrə ən böyük təsir agentidir.
  Baş nazir vurğulayıb ki, yaxın iki-üç ay ərzində kilsənin ictimai rəyə təsirlərinin aradan qaldırılması üçün qətiyyətli tədbirlər görüləcək: “Ermənistanda tarixən din xadimləri gedib kilsədə dini təhsil alır, qayıtdıqdan sonra isə agentlərə çevrilirdilər. Görünür ki, bu ənənə indi də dəyişməyib. Lakin biz yaranmış problemi iki-üç ayda həll edəcəyik”, – Paşinyan qeyd edib.
  Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdəki çıxışında bildirib ki, delimitasiya prosesi nəticəsində Ermənistanın dövlətçiliyi ilə bağlı problemin 60 faizi həll olunub.
O, həmçinin Azərbaycanla sərhədlərin delimitasiyasının əsaslandığı xəritəni deputatlara nümayiş etdirib.
  Ermənistanın hökumət rəhbəri bildirib ki, 1976-cı ilə aid olan xəritə vaxtilə SSRİ-nin Xəritəçəkmə Komitəsi tərəfindən təsdiqlənib və Silahlı Qüvvələrin Baş Qərargahı ondan istifadə edib. O, həmçinin Tavuş istiqamətində delimitasiya zamanı ölkəsinin ərazi itkiləri ilə üzləşməsi barədə iddialarla razılaşmayıb və bu prosesi uğur kimi dəyərləndirib.
“Mən bunu uğur adlandırardım. Çünki Ermənistan tarixində ilk dəfə olaraq sərhədlərini danışıqlar yolu ilə müəyyən edir və bununla suverenlik, dövlətçilik və gələcək inkişafın təməlini qoyur”, - Paşinyan fikirlərini belə yekunlaşdırıb.

  Politoloq Cəmaləddin Quliyev "Sherg.az"a açıqlamasında vurğulayıb ki, erməni kilsəsinin etirazlarının ciddi nəticə verməyəcəyini əvvəlcədən də proqnozlaşdırmaq olardı. Ekspertin sözlərinə görə, sadəcə Baqrat anti-Paşinyan etirazlarının ümumiləşdirilmiş obrazı kimi bir siyasi PR texnologiya məhsulu idi: 

"Paşinyan kilsənin erməni cəmiyyətindəki rolunun, dövlətin erməni kilsəsindən asılılığının azaldılmasını, teokratik gizli dövlətçiliyə son qoyulmasını məcburən etsə də, qonşularla sülhün tərəfdarıdır. Paşinyan mifik "böyük Ermənistan" xülyasından ayrılıb, real, beynəlxalq birlik tərəfindən tanınan, əsası qonşuların qəbul etdiyi hüdudlar çərçivəsindəki Ermənistanı xilas etməyə çalışır. Baqrat bu keyfiyyətlərin tam əksidir. Paşinyandan fərqli olaraq o, kilsənin erməni cəmiyyətindəki rolunun daha qabarıq saxlanmasının tərəfdarlarını, qonşularla sülh əleyhdarı olan davakar, hərbçi-militarist qüvvələri simvolizə edirdi. Hələ də əmindir ki, möcüzə və ya hansısa xarici qüvvənin dəstəyilə xəyali "Böyük Ermənistanı" qurmaq mümkündür. Onun real siyasətçidən daha çox ümumiləşdirilmiş obarazı təcəssüm etdirən bir PR texnolgiya məhsulu olmasının bir göstəricisi də bu idi ki, vaxtilə Paşinyanın etdiyi kimi bütün Ermənistanı gəzib dolaşmaq, sonra hakmiyyəti istefaya məcbur etməyə çalışırdı. Yürüşünə də Paşinyana doğma olan ərazilərdən, onun kiçik vətənindən başlamışdı".
 
 Analitik vurğulayıb ki, bu baxımdan Paşinyanın missiyası həm də bir cəmiyyəti kütləvi psixozdan xilas etməyə hesablanıb: 
"O, buna məcburdur. Azərbaycanın istər diplomatiya, istərsə hərb meydanında qələbələri onu bu reallıqla barışmağa məcbur edir. Fikrimcə, istər Türkiyə, istərsə də Azərbaycan tərəfindən verilən sülh mesajları da Paşinyanın mövqeyinin erməni cəmiyyəti tərəfindən anlayışla qarşılanmasına kömək edir. Amma kilsə etirazlarının səngiməsini bütün revanşist təşəbbüslərinin iflası kimi dəyərləndirmək olmaz. Belə demək mümkündür ki, revanşistlərin ən böyük təşəbbüsü iflasa uğradı. Yenidən toparlanmaları, uğurlu kampaniya aparmaları zaman alacaq. Tam iflas sülh prosesinin sürətlənməsindən asılıdır. Sülhün erməni cəmiyyətinə real faydaları hiss olunduqdan, regional əməkdaşlıq, xüsusən iqitisadi əməkdaşlıq reallaşdıqdan sonra bu haqda danışmaq mümkün olacaq. Hələlik hansısa etirazların şahidi olacağıq. Çünki Ermənistan rəsmilərinin də etiraf etdiyi kimi bu etirazlar çox zaman xaricdən təhrik edilir. İrandan, Rusiyadan tutmuş Qərbin bir çox aparıcı ölkələrində, hətta Hindistanda belə sülh prosesini ləngidib hansısa imtiyazlar əldə etməyə çalışan çoxsaylı maraqlı dairələr var".