Bu ölkə demokratik yox, imperialist ölkə olmasını bütün dünyaya göstərdi
Fransanın müstəmləkəsi olan Yeni Kaledoniyada müstəqillik tərəfdarları ilə polis arasında toqquşmalar davam edir. Toqquşma nəticəsində infrastruktura zərər dəyib, avtomobillər yanıb. Qeyd edək ki, Yeni Kaledoniyada baş verən hadisələrlə əlaqədar Fransa Prezidenti Emmanuel Makronun adaya səfəri gözlənilir. Hökumət rəsmisi Priska Tevenonun sözlərinə görə, dövlət başçısı hakimiyyət tərəfindən siyasi dialoqun qurulması istiqamətində apardığı kursu davam etdirməyə səy göstərəcək. Mayın 16-da E.Makron onlayn rejimdə Yeni Kaledoniyanın müstəqilliyinin tərəfdarları və əleyhdarları ilə böhrandan çıxış yolunu müzakirə etməyə çalışıb, bu, baş tutmadığından videokonfransı ləğv edib. Fransanın Baş naziri Qabriel Attal Yeni kaledoniyalı siyasətçilərə göndərdiyi görüş dəvətinə də cavab almayıb. Yeni Kaledoniya Parlamentinin üzvü, “Proqressiv Multikultural Yeni Kaledoniya” siyasi təşkilatının sədri Maria Isabella Salıga-Lutovıka Makrona sonuncunun Yeni Kaledoniyaya səfərinə etiraz olaraq müraciət ünvanlayıb. Məktubda Makronun seçki kütləsinin genişləndirilməsi ilə bağlı qanunsuz qərarının Kanak xalqında qəzəbə səbəb olduğu, Kanak xalqının dekolonizasiya ilə bağlı dəfələrlə qaldırdığı haqlı tələbinə Fransanın yüksək vəzifəli şəxslərinin nifrət və təkəbbürlə yanaşdığı bildirilib. Bu yanaşma ilə Fransanın Yeni Kaledoniyanın “koloniya status kvo-su”nu saxlamaq istədiyini vurğulanıb. İsabella qeyd edir ki, Makron Yeni Kaledoniyanın yenidən koloniyaya çevrilməsini konstitusionallaşdıran prezident kimi Fransa tarixinə düşəcəyini zənn etsə də, kaledoniyalılar talelərinin həddini aşmış və əcaib eqo siyasi oyununun qurbanı olması ilə razılaşmayacaqlar. O, Fransanın və ələlxüsus Emmanuel Makronun Yeni Kaledoniyada baş verən faciəyə görə məsuliyyət daşıdığını bildirir, bu xüsusda, qətlə yetirilmiş kanaklara diqqət çəkir. Fransa hökumətinin dəstəyi ilə təşkil edilmiş milislər tərəfindən gənc kanakların öldürüldüyü, həmin milislərin Fransa hüquq-mühafizə orqanları tərəfindən dəstəkləndiyini vurğulayan xanım Saliga-Lutovika, həmin milislərin ölkədə irqi düşmənçiliyə yol açdıqlarını qeyd edir. Hazırda baş vermiş faciə nəticəsində zərər çəkmiş kanaklar üçün “Yeni Kaledoniyada 2024-cü ilin may ayındakı iğtişaşların qurbanları Kollektivi”nin yaradıldığını bildirən xanım deputat, Fransa Dövlətindən törədilənlərə görə təzminatın tələb ediləcəyini vurğulayır. Fransa tarixdə qul alveri ilə məşğul olmuş, müstəmləkəçi dövlətdir. Bununla belə o, həm də elm, mədəniyyət və demokratiya mərkəzlərindən sayılır. O zaman belə bir sual çıxır - Yeni Kaledoniyanın əsl sakinləri, kanaklar və ya adanın başqa sakinləri niyə müstəqillik tələb edirlər? Çünki çox əlverişli geosiyasi mövqeyə, zəngin təbii sərvətlərə malik olduqları üçün ikinci dərəcəli vətəndaş olmaq istəmirlər. Fransa hakimiyyəti adada etnik tərkibi dəyişib. Yelisey sarayının aradığı konstitusiya islahatlarına görə, onlar etnik azlıq halına düşüblər. Paris oranı 1853-cü ildə müstəmləkə elan edib, adadan həbsxana kimi istifadə edib. Ora 20 mindən çox məhbus göndərib. İndi Yeni Kaledoniyanın əhalisi təxminən 300 min nəfərdir. Onun da 40 faizi, yaxud 112 mini kanaklardır. 1998-ci ildə imzalanmış müqavilələrə əsasən, Fransa ərazinin siyasi muxtariyyətini genişləndirməyə və yerli seçkilərdə yalnız o vaxt Yeni Kaledoniyada yaşayanlara səsvermə hüququ verməyə razılaşdı. Ancaq 1998-ci ildən bəri 40 minə yaxın Fransa vətəndaşı Yeni Kaledoniyaya köçüb. Razılaşmalarda həmçinin adanın gələcəyini müəyyən etmək üçün üç referendumun keçirilməsi nəzərdə tutulurdu. Sonuncu belə plebisit 2021-ci ilin sonunda baş tutdu - və hər üç halda yerli sakinlər Fransada müstəqilliyə qarşı çıxdılar. Eyni zamanda 2018-ci və 2020-ci illərdə keçirilmiş birinci və ikinci referendumda Parislə əlaqələrin saxlanmasının tərəfdarları cüzi səs çoxluğu əldə edib. Üçüncü referendum koronavirus pandemiyası dövründə keçirilib. Yeni Kaledoniya Fransadan əhəmiyyətli dərəcədə muxtariyyətə malikdir. Ancaq müdafiə və təhsil kimi məsələlərdə Parisdən çox asılıdır. Yeni Kaledoniyada son etiraz aksiyaları Fransa parlamentinin yerli qanunvericilik məclisinə seçkilərin prosedurunu dəyişdirən qanunu qəbul etdikdən sonra başlayıb. Düzəlişlərə əsasən, 10 il Yeni Kaledoniyada yaşayan Fransa sakinlərinə səsvermə hüququ veriləcək. Bu isə adanın yerli əhalisini, kanakların narazılığına səbəb olub. Onlar bundan sonra siyasi təsir imkanlarının azalacağından narahatdırlar. Bununla da, adanın hər beş seçicisindən biri 2024-cü ildə səsvermə hüququnu itirəcək. Yeni qanun qəbul olunarsa, seçicilərin sayı 14,5 faiz Fransadan gətirilənlərin hesabına artacaq. Bu perspektiv arxipelaqın Fransadan müstəqilliyini böyük əksəriyyəti ilə dəstəkləyən kanakları narahat edir. Onlar hesab edirlər ki, islahat onların seçki və referendumda çəkisini azalda, xalqını marginallaşdıra, bununla da onları adanın taleyini təyin etmək imkanından məhrum edə bilər.
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Yeni Kaledoniya xalqının azadlıq mübarizəsinin Fransa tərəfindən qəddarcasına yatırılması, assimetrik güc tətbiq olunması Fransa imperializminin sonunun başlanğıcıdır. Deputat vurğulayıb ki, bu hadisələr, əslində, Fransanın demokratik yox, imperialist ölkə olmasını bütün dünyaya göstərdi:
"Öz azadlığı və hüquqları uğrunda mübarizə aparan Yeni Kaledoniya xalqının müxtəlif hüquqi manipulyasiyalarla, seçki qanunlarını genişləndirmək adı altında öz müstəmləkə siyasətini dərinləşdirmək yolu ilə əsarətində saxlaması Fransanın iç üzünü bütün dünyaya açıb göstərdi. Məsələ ondadır ki, Fransa Azərbaycanı ittiham etməkdənsə, özünün Qafqaz və postsovet siyasətinə yenidən baxsın. Ukraynada müharibənin yenidən alovlanmasında, Makronun tez-tez ifadə etdiyi "Fransa qoşunlarını Ukraynaya göndərəcəm" siyasətində öz səhvlərini axtarsın. Cənubi Qafqazda Azərbaycana qarşı erməni separatizmini necə dəstəklədiyini yadına salsın. O zaman görəcək ki, Azərbaycan əsla və əsla Fransadan fərqli olaraq heç bir halda separatçılığı dəstəkləmir. Tam əksinə, beynəlxalq hüququ, xalqların azadlıqlarını, demokratiyanı dəstəkləyir".
Parlament üzvü vurğulayıb ki, böyük dövlətlərin Fransanın bu hərəkətlərinə susması güclü ölkələrin beynəlxalq münasibətlər sistemində bir-birinin imperialist hərəkətlərinə ortaq şəkildə göz yummaları siyasətinin nəticəsidir: "Dünya siyasətini təyin edən böyük ölkələrin bir-birinin imperialist siyasətinə göz yumması və dəstəkləməsi müasir beynəlxalq münasibətlər sisteminin ənənəvi göstəricisidir. Bu, bir növ yazılmamış qanun, razılaşmadır. Çünki əks təqdirdə biri digərini müstəmləkəçilikdə ittiham edərsə, eyni yanaşma ilə üzləşə bilər. Beləcə, əslində dünyaya demokratiya dərsi keçən ABŞ, Fransa və digər hegemon ölkələrin müstəmləkəçi ölkələr olduğu ortaya çıxacaq. Beynəlxalq təşkilatlar da məhz həmin dövlətlərin yaratdıqları, idarə etdikləri qurumlardır deyə onların siyasətini müdafiə edirlər. Ona görə də heç bir qurumun ağlına Fransanı barbarlıqda ittiham etmək gəlmir".